Məhkəmə qərarları › İş №3(009)-1339/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1339/2022

28.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1339/2022 28.09.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Qəribli Günel Adil qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin vəkili Nümayəndə iştirakları ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 275.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair 17 avqust 2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Bakı şəhəri Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X8 inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, nazirliyin elektron poçt ünvanına Bakı şəhəri Baş Polis İdarəsindən xx.xx.2022-ci il tarixdə Kiçik Qala küçəsi, ev 82 ünvanında yaşayan Babaşeva İrina Yusifovnanın evinin yaxınlığında yerləşən “Qəbələ” adlı iaşə obyektinin fəaliyyəti nəticəsində rahat yaşayış, hüquqlarının pozulması barədə daxil olmuş müraciəti tərəflərindən idarənin xx.xx.2022-ci il tarixli BD serialı 108 nömrəli sərəncamına əsasən həmin iaşə obyektinin nümayəndəsi olduğunu bildirən X2 və X6 İdarəsinin əməkdaşlarının iştirakı ilə yerində araşdırılmışdır. Araşdırma zamanı vizual baxışdaki fəaliyyəti zamanı restoranın kənarına səs gücləndiricilərin yerləşdirildiyini, restoranda canlı müsiqidən istifadə edildiyi, restoranınsa izolyasiya edilmədiyi müşahidə edilmişdir. X6 İdarəsi əməkdaşları tərəfindən iaşə obyektinin nümayəndəsinin iştirakı ilə ölçmə analiz işlərinin aparılması həyata keçirilmişdir ki, ölçmə analiz işləri zamanı səs-küy vibrasiyasının yol verilən normadan artıq olduğu faktı aşkar edilmişdir ki, faktla bağlı X6 İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli monitorinq aktı və 17 avqust 2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında da şahid qismində dindirilərkən məsul şəxsin o olduğunu bildirmiş, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının qeyd edilən iaşə obyektində olması faktını təsdiq etmiş, həmçinin qeyd edilən obyektdə canlı müsiqidən istifadə edildiyini bildirmişdir. Ümumiyyətlə canlı musiqidən istifadə qapalı yerdə deyilsə, izolyasiya olunmuş yerdə deyilsə, həmin musiqinin ətrafa yayılmaması mümkün deyil və əlavə olaraq restoranın çölündə səsgücləndiricilərdən istifadə olunmuşdur. Qurbanov Sail nümayəndə olaraq ölçmə işlərində iştirak edib. Aktda göstərilən 09-17 avqust tarixi araşdırmanın başlandığı və birdiyi tarixdir. Şikayətçi idarəyə dəvət olmuş, lakin o gəlməmiş, şikayətçinin evində onunla söhbət aparılan zaman səs-küydən yata bilmədiyini bildirmişdir. Qeyd edilən iaşə obyekti yaşayış binası ilə üzbəüzdür və həmin iaşə obyekti ilə yaşayış binasını bir maşının hərəkət edəcəyi ölçüdə yol ayırır. Qurbanov Sail iaşə obyektində aparılan proseslər zamanı iaşə obyektində məsul şəxs olduğunu bildirmişdir. Qarşı tərəfin iştirakının sübutu olaraq fotoşəkillər iş materialına əlavə edilmişdir. Qeyd olunanların nəzərə alınmasını və Şəxs MMC barəsində inzibati tənbehvermə barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMCnin vəkili Nümayəndə inzibati xəta haqqında protokola etiraz edərək göstərmişdir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 74581 nömrəli akt 09 avqust 2022-ci il tarixli olsa da, inzibati xəta haqqında protokol 17 avqust 2022-ci il tarixdə tərtib edilmişdir. Zirinc Group” MMC barəsində 17 avqust 2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərkən Şəxs MMC-nin nümayəndəsinin iştirakı təmin edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-yə məxsus “Qəbələ” restoranının nümayəndəsi kimi X4 qeyd edilmişdir. Lakin, X4 Şəxs MMC-yə məxsus “Qəbələ” restoranının kassasında işləyir və rəhbər şəxs deyil. Protokol tərtib olunarkən kim haqqında tərtib olunduğu qeyd edilməmiş, imzalanmamış və eyni zamanda, protokolun sürətinin hansı tarixli məktubla göndərilməsi qeyd olunmamışdır. Protokol tərtib edilməzdən öncə Cəmiyyətin ünvanına bildiriş göndərilmişdir. Protokol tərtib edilərkən protokolun tərtib olunduğu yer, vaxt, saat göstərilməmişdir. Həmçinin akt tərtib olunarkən, həmin aktın tərtib olunduğu yer, vaxt, saat göstərilməmişdir. Həmçinin inzibati xəta haqqında protokol hadisə yerində deyil, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin İdarəsində tərtib edilmişdir. İnzibati xəta haqqında protokol tərtib edilərkən tərəfin hüquq və vəzifələri izah edilməmişdir. Həmçinin Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən tərtib edilmiş 74581 nömrəli aktda iki tarix 09 avqust və 17 avqust tarixləri göstərilmişdir. Aktda iki tarix ola bilməz. Qeyd olunanların nəzərə alınmasını və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 bildirmişdir ki, “Qəbələ” restoranında kassir işləyir. O restoranda məsul şəxsdir. Həmin gün onun istirahət günü olmuşdur. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarını “Qəbələ” restoranında həmin gün görmüşdür. Onunla birlikdə olan şəxslər sənədlərə qol çəkilməsini tələb etmişlər. Onlar həmin sənədlərin nə olduğunu soruşduqda, səs-küylə bağlı şikayət olduğunu bildirmişlər. Heç bir prosesdə iştirak etməmişdir. Sənədlərə imza atmamışdır. Ona hüquq və vəzifələri izah olunmamışdır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin İdarəsinin əməkdaşları yaxınlaşarkən müdriyyəti soruşmuş və şikayət olduğunu bildirmişlər. Onlar isə müdriyyətin nömrəsini vermiş, sonra nə danışdıqları barədə məlumatlı olmamışlar. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin İdarəsinin əməkdaşları 3-4 nəfər olmuş, 5-10 dəqiqə orada olmuş, çay içərək getmişlər. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları iaşə obyektinə axşam vaxtı gəlmişlər və o həmin vaxt orada olmamışdır. Ona restorandan zəng edərək məlumat verdikdən sonra restorana qayıtmışdır. 09 avqust 2022-ci il tarixdən sonra hər hansı bildiriş gəlməmiş və hər hansı idarəyə çağırılmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 bildirmişdir ki, “Qəbələ” restoranında salatçı işləyir. xx.xx.2022-ci il tarixdə ona məlum olmuşdur ki, guya işlədiyi restoranda səs-küy normadan artıq olmuşdur. Lakin bununla razı deyil, elə bir hadisə baş verməmişdir. 1 il 6 aya yaxın müddətdir ki, orada işləyir və indiyədək heç bir şikayət olmamışdır. Restoranda direktor Emin adlı şəxsdir. Məsul şəxs isə kassirdir. O restoranda yalnız mətbəx hissədə olur və mətbəx şüşəli yerdədir. Həmin yerdən ətrafda baş verənləri görmək mümkündür. 1-ci növbə olaraq işləyir, iş vaxtı 18:00-da bitir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarını restoranda görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 bildirmişdir ki, “Qəbələ” restoranını işlədir. Lakin həmin restoranın sahibi deyil. İşçidir və həmin restoranda ofisiant işləyir. Belə ki, “Qəbələ” restoranında səs-küy olmur. Ola bilər ki anlaşılmazlıq baş verib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarını “Qəbələ” restoranında həmin gün görmüşdür. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları bildirmişlər ki, sənədlərə qol çəksinlər və narahat olmasınlar, heç bir şey olan deyil. Sonra isə çıxıb getmişlər. “Qəbələ” restoranında canlı müsiqi olur, lakin kimisə narahat edəcək qədər səs-küy olmur. Restoranda olarkən əməkdaşlar tərəfindən ölçü işləri aparılmamış və bildirilmişdir ki, bu onların işi deyil. Həmçinin sənədlərə qol çəkmələrini tələb etdikdə heç kim verilmiş sənədləri imzalamamışdır. xx.xx.2022-ci il tarixdə onla birlikdə restoranın digər işçiləri də olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X6 İdarəsi Ətraf Mühit üzrə Monitorinq Mərkəzinin operativ monitorinq qrupunda mühəndis X10 bildirmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 8 iyul tarixli 796 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri” Normaların tələbləri pozulmuşdur. Belə ki, Babaşeva İrina Yusifovnanın “Qəbələ” adlı iaşə obyektində canlı musiqi səs-küyünün həddindən çox olması ilə bağlı şikayəti daxil olmuşdur. Əvvəl restorana getmiş, sonra şikayətçi ilə görüşmüşlər. Daha sonra isə “Qəbələ” adlı iaşə obyektindən Rafiq adlı şəxsin əlaqə nömrəsi verilmiş və onunla əlaqə saxlamışlar. Restorandan onlara Rafiq adlı şəxsi onlara sahibkar kimi təqdim etmişlər. Rafiq adlı şəxslə danışarkən həmin şəxs onlara bildirmişdir ki, əvvəlcə şikayətçi ilə danışsın. Çünki belə hallar dəfələrlə olub və mümkündürsə həmin şəxs şikayətini geri götürsün. O isə cavabında lazımı ölçü işləri aparacaqlarını və işlərini yerinə yetirəcəklərini bildirmişdir. Daha sonra ölçü işlərinin aparılması barədə xəbərdarlıq edilmiş və restoranın qarşısında ölçü işləri aparılmış və akta nəticə qeyd edilmişdir. İnzibati xəta hadisəsinin nə vaxt baş verdiyini dəqiq xatırlamır. Ölçü işləri PCE-322A səyyar cihaz vasitəsi ilə aparılmışdır. Ölçmə işləri çöldən aparılmışdır. Yaşayış binaları və iaşə obyekti bir-birilərinə yaxın ərazidə yerləşir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X6 İdarəsi Ətraf Mühit üzrə Monitorinq Mərkəzinin operativ monitorinq qrupunda mühəndis X11 şahid X5 izahatına uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, “Qəbələ” restoranı fəaliyyətdə olan zaman monitorinq aktı tərtib edilmişdir. Həmin vaxt restoranda canlı musiqi səsləndirilmişdir. Həmçinin restoranda səsgücləndiricilər olmuş, eyni zamanda restoranın pəncərələri açıq olmuşdur. Məhkəmə tərəfləri, şahid izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 275.2-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. İşdə olan 17 avqust 2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC-yə məxsus kiçik Qala küçəsi 82A ünvanında yerləşən “Qəbələ” restoranının fəaliyyəti zamanı xx.xx.2022-ci il tarixdə ölçmə analiz işləri aparılmış və səs-küy vibrasiyasının normadan artıq olduğu müəyyən edilmişdir. Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.2-ci maddəsinə əsasən protokol tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş 09-xx.xx.2022-ci il tarixli, 74581 nömrəli akta əsasən Nazirliyin elektron poçt ünvanına Bakı şəhəri Baş Polis İdarəsindən xx.xx.2022-ci il tarixdə Kiçik Qala küçəsi, ev 82 ünvanında yaşayan Babaşeva İrina Yusifovnanın evinin yaxınlığında yerləşən “Qəbələ” adlı iaşə obyektinin fəaliyyəti nəticəsində rahat yaşayış, hüquqlarının pozulması barədə daxil olmuş müraciəti tərəflərindən idarənin xx.xx.2022-ci il tarixli BD serialı 108 nömrəli sərəncamına əsasən həmin iaşə obyektinin nümayəndəsi olduğunu bildirən X2 şikayətinin və XKEM İdarəsinin əməkdaşlarının iştirakı ilə yerində araşdırılmışdır. Araşdırma zamanı vizual baxışdaki fəaliyyəti zamanı restoranın kənarına səs gücləndiricilərin yerləşdirildiyini, restoranda canlı müsiqidən istifadə edildiyi, restoranınsa izolyasiya edilmədiyi müşahidə edilmişdir. XKEM İdarəsinin əməkdaşları tərəfindən iaşə obyektinin nümayəndəsinin iştirakı ilə ölçmə analiz işlərinin aparılması həyata keçirilmişdir ki, ölçmə analiz işləri zamanı səs-küy vibrasiyasının yol verilən normadan artıq olduğu faktı aşkar edilmişdir ki, faktla bağlı X6 İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli monitorinq aktı tərtib edilmişdir. Tərtib edilmiş monitorinq aktı, fotoşəkillər və əldə olunmuş sənədlər akta əlavə edilmiş, nümayəndə tərəfindən akt imzalanmışdır. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X12 Monitorinq İdarəsinin xx.xx.2022-ci il tarixli monitorinq Aktından görünür ki, Bakı şəhər Baş Polis İdarəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli № 039-9927-1222 saylı müraciətə əsasən Səbail rayonu, “İçərişəhər Dövlət Qoruğunun” ərazisində “Qəbələ” adlı ictimai iaşə obyektinin ətraf ərazilərində şikayətçi Babaşeva İrinanın müraciəti əsasında 11 saylı RESTİ-nin nümayəndələrinin iştirakları təmin edilməklə monitorinq təşkil edilmişdir. Monitorinq zamanı restoranın fəaliyyətdə olarkən PCE-322A səyyar cihaz vasitəsi ilə ölçmə işi aparılmışdır. Nəticə: 64,8 dBA-dır. Təyin edilmiş göstərici ətraf mühit üçün yol verilən normadan artıqdır. Aktın tərtibindən obyektin nümayəndəsi Qurbanov Sail xəbərdardır. "xxxx" MMC-nin tərəfindən verilmiş OSM K 01389 nömrəli kalibrləmə serifikatına əsasən PCE-322A tipli ölçmə vasitəsi xx.xx.2021-ci il tarixdə yoxlamadan keçmiş və növbəti yoxlama tarixi isə xx.xx.2022-ci ildir. Göründüyü kimi Şəxs MMC-yə məxsus “Qəbələ” restoranının fəaliyyəti zamanı səs-küy vibrosiyanın normadan artıq olması faktı iş materiallarında olan Akt, monitorinq aktı və fotoşəkillərlə öz təsdiqini tapmışdır. Beləliklə, inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 275.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsiri tam sübuta yetirilir. Odur ki, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir Həmin Məcəllənin 275.2-ci maddəsinə əsasən ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənməsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi normalarının pozulmasına görə - fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min manatdan on min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 8 iyul tarixli 796 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səsküy çirklənmələri” Normalarının: 1.3-cü bəndinə görə bu normalara mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, bütün hüquqi və fiziki şəxslər tərəfindən riayət edilməlidir. 2.3-cü bəndinə görə nüfuzedən səs-küyün yaşayış və ictimai binalarda, yaşayış tikililəri ərazisində, habelə insanların cəmləşdiyi digər yerlərdə səs təzyiqinin, səsin ekvivalent enerjisi və maksimal səviyyəsinin yolverilən normaları Cədvəl 1-də verilmişdir (cədvələ əsasən maksimal səviyyə 60 dBA). Həmin fərmanın “Nüfuzedən səs-küyün yaşayış və ictimai binalarda, yaşayış tikililəri ərazisində, habelə insanların cəmləşdiyi digər yerlərdə səs təzyiqinin, səsin ekvivalent enerjisi və maksimal səviyyəsinin yolverilən normaları” adlı 1-ci cədvəlin 16-cı bəndində göstərilir ki, mikrorayonlar və yaşayış binaları qrupları, istirahət evləri, pansionatlar, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələrinin istirahət meydançaları, məktəbəqədər, ümumi və digər təhsil müəssisələrinin meydançalarında səs-küyün səs təzyiqinin maksimal səviyyə həddi 60dBA-dır Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən Bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.2-ci maddələri ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməli və onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 18, 34.3, 40, 43, 114-115, 128-130 və 275.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətalarının törədilməsində təqsirli bilinərək barəsində 8000 (səkkiz min) manat məbləğində inzibati cərimə tətbiq edilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar