Məhkəmə qərarları › İş №3(009)-1346/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-1346/2020

02.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-1346/2020 02.09.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Məmmədov Azər Rasim oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxsin nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X2 iştirakları ilə, Şəxs Firmasının Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X6 üzrə Baş İdarəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Firmasının Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X6 üzrə Baş İdarəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Səbail Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən İnzibati xəta haqqında protokol tərtib etmiş şəxsin nümayəndəsi X3 Dövlət Vergi Xidmətinin Bakı şəhəri X6 Üzrə Baş İdarəsi tərəfindən tərtib edilmiş xx xxxx 2020-ci il tarixli, MN seriyalı ******* nömrəli protokolu müdafiə edərək qanuni tədbirlər görülməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X4 Dövlət Vergi Xidmətinin Bakı şəhəri X6 Üzrə Baş İdarəsi tərəfindən tərtib edilmiş xx xxxx 2020-ci il tarixli, MN seriyalı ******* nömrəli protokola etiraz edərək Şəxs MMC-nin qeyd edilən xətanı törətməsi sübuta yetmədiyindən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəməyə təqdim edilmiş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol və materialları araşdıraraq məhkəmə hesab edir ki, pro-tokol və digər sənədlər natamam olduğundan geri qaytarılmalıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanının 4.3-cü bəndinə görə həmin Məcəllənin 211.2-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. Fərmanının 5.6-2-ci bəndinə görə isə həmin Məcəllənin 211-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə həmin işlər üzrə inzibati icraata başlamış Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin, sahibkarlıq fəaliyyəti subyektlərinə və onların vəzifəli şəxslərinə münasibətdə isə həmçinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin baxmaq səlahiyyətinin olması müəyyən edilmişdir. “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın 6-cı bəndinə görə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi adından Məcəllənin 211-ci maddəsi ilə (sahibkarlıq fəaliyyəti subyektlərinə və onların vəzifəli şəxslərinə münasibətdə) nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə – Dövlət Vergi Xidmətinin rəisi, onun müavinləri, Dövlət Vergi Xidməti Aparatının rəhbəri, onun müavinləri, Dövlət Vergi Xidməti Aparatının struktur bölmələrinin və strukturuna daxil olan qurumların rəisləri, onların müavinləri, Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin rəisi, onun müavini, Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin Aparatının rəhbəri, Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin şəhər (rayon) vergilər idarələrinin rəisləri, onların müavinləri, Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin rayon vergilər şöbələrinin rəisləri, onların müavinlərinin baxmaq səlahiyyəti müəyyən edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın Qeyd hissəsinin 2-ci bəndinə görə Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda nəzərdə tutulan vəzifəli şəxslər inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərirlər. Hazırki işin hallarından isə görünür ki, Dövlət Vergi Xidmətinin Bakı şəhəri X6 Üzrə Baş İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş xx xxxx 2020-ci il tarixli, MN seriyalı ******* nömrəli protokol idarənin buna səlahiyyəti olmayan əməkdaşları, yəni idarənin baş dövlət vergi müfəttişi X5 tərəfindən tərtib edilmişdir. Göründüyü kimi protokol tərtib etmiş şəxsin adı, soyadı, ata adı və vəzifəsi göstərilsə də, onun həmin protokolu tərtib etməsinə səlahiyyətinin olub-olmamasına dair heç bir rəsmi sənəd (sübut) materiala əlavə edilməmişdir. Protokolun məhkəməyə göndərilməsinə qədərki yol verilmiş yuxarıda sadalanan nöqsanları işin məhkəmə hazırlıq və ya baxışı mərhələsində aradan qaldırmaq mümkünsüzdür. Həmin pozuntular protokol tərtib edilənədək yol verilmiş pozuntulardır. Həmin pozuntuları işin məhkəmə mərhələsində aradan qaldırmaq mümkünsüzdür. Həmin pozuntuları protokol tərtib etmiş səlahiyyətli orqan aradan qaldırmalıdır. Bundan əlavə qeyd edilməlidir ki, Azərbaycan Respublikası İXM-nə xx xxxx 2020-ci il tarixli 124-VİQD nömrəli Qanunla (dərci x xxxx 2020) dəyişiklik edilərək 211.2-ci maddə əlavə edilmişdir. Həmin maddənin dispozisiyası blanket xarakterli olmaqla epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə məsuliyyət müəyyən edir. Normanın dispozitiv şərtlərindən göründüyü kimi xətanın subyekti 1) ümumi əsaslarla inzibati məsuliyyətə cəlb edilə bilən hər hansı fiziki şəxs, 2) vəzifəli şəxslər, 3) hüquqi şəxslər ola bilər. Xətanın obyektiv cəhəti epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulması və bu pozuntunun qarşısının alınmamasından ibarətdir. Həmin inzibati xətaya görə fiziki şəxslər üçün yalnız epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına görə, vəzifəli şəxslər və hüquqi şəxslər üçün isə həm bu tələblərin pozulmasına görə, həm də yol verilmiş pozuntunun qarşısının alınmamasına görə məsuliyyət müəyyən edilmişdir. Azərbaycan Respublikası İXM-nin 18-ci maddəsinə görə hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: 1. hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 2. hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 3. hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 4. bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. 18.3-cü maddəyə görə hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi həmin əməli törətmiş və ya onun törədilməsində hər hansı şəkildə iştirak etmiş vəzifəli şəxsin inzibati məsuliyyətini istisna etmir. Həmçinin Məcəllənin 18.2-ci maddəsində nəzərdə tutulmuş vəzifəli şəxs barəsində bu Məcəllənin 53.0.8-ci maddəsinə əsasən inzibati xəta haqqında işin icraatına xitam verilməsi hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsinə mane olmur. Səlahiyyətli orqanlar (vəzifəli şəxslər) bu Məcəllənin 18.2-ci maddəsində müəyyən edilmiş əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərirlər. Həmin Məcəllənin 18.2-ci maddəsində müəyyən edilmiş əsaslar olmadıqda, səlahiyyətli orqanlar (vəzifəli şəxslər) inzibati xəta haqqında iş üzrə qərar qəbul edir. Hüquq nəzəriyyəsinə görə “hüquqi şəxsin törətdiyi inzibati xəta”, “hüquqi şəxsin əməlində inzibati xəta tərkibi” deyildikdə, yalnız hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün fəaliyyət göstərmiş konkret fiziki şəxslərin inzibati xəta törətməsindən, onların əməlində inzibati xəta tərkibinin əlamətlərinin olmasından söhbət gedə bilər. İnzibati xətalar qanunvericiliyinin məzmunundan da görünür ki, hüquqi şəxslər barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi istisnasız olaraq konkret fiziki şəxslərin törətdiyi inizbati xətalarla əlaqələndirilmişdir. Belə ki, bu əlaqə onunla xarakterizə olunur ki, həmin xəta hüquqi şəxsin xeyrinə və onun maraqlarının qorunması üçün törədilmiş olmalıdır. İnzibati xətanın hüquqi şəxsin xeyrinə törədilməsi dedikdə, həmin əməllə hüquqi şəxsə fayda gətirmək, onun maddi öhdəliklərini azaltmaq, onun maddi durumunu başqa formada yaxşılaşdırmaq məqsədilə törədilməsi kimi başa düşülür. İnzibati xətanın hüquqi şəxsin maraqlarının qorunması üçün törədilməsi dedikdə isə, inzibati xəta əməlinin hüquqi şəxsin müxtəlif xarakterli mənafelərənin müdafiəsi və təmin olunması məqsədilə törədilmiş olması başa düşülür. Bu cür maraqlar hüquqi şəxsin nəzarət orqanlarının yoxlamalardan kənarda qalmasını təmin etmədə və sair hərəkətlərdə ifadə oluna bilər. Beləliklə qanunvericiliyə görə hüquqi şəxsə tənbeh tədbirinin tətbiq edilməsinə əsas ola bilən fiziki şəxslərin konkret dairəsi müəyyən edilmişdir. Yalnız hüquqi şəxsi təmsil etmək, onun adından qərarlar qəbul etmək və fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxslər; o cümlədən həmin vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisinin törətdiyi inzibati xətaya görə hüquqi şəxs inzibati məsuliyyətə cəlb edilə bilər. Hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik vəzifəli şəxs dedikdə, hüquqi şəxsin nizamnaməsinə (əsasnaməsinə, yaxud əmək müqaviləsinə) uyğun olaraq hüquqi şəxs üçün hüquq və vəzifələr yaradan qərarlar qəbul etmək, təşkilati-sərəncamverici və inzibati-təsərrüfat məzmunlu digər hərəkətlər etmək, məsələn hüquqi şəxsin adından müqavilə bağlamaq, işçini işə qəbul etmək və işdən azad etmək, hüquqi şəxsin əmlakına sərəncam vermək və s. səlahiyyəti olan vəzifəli şəxslər başa düşülür. Hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik vəzifəli şəxs dedikdə onun fəaliyyətinə bütövlükdə və ya onun fəaliyyətinin ayrı-ayrı istiqamətlərinə və sahələrinə nəzarət etmək səlahiyyəti olan vəzifəli şəxslər başa düşülür. Hüquqi şəxsin eyni vəzifəli şəxsi bəzən sadalanan səlahiyyətlərin birinə, ikisinə və ya bir neçəsinə eyni anda malik ola bilər. Lakin qanunvericiliyin tələbinə əsasən belə səlahiyyətlər yalnız hüquqi şəxsin vəzifəli şəxsinə aid olduqda törədilən əməl inzibati qaydada hüquqi nəticələr doğura bilər. Həmçinin qanunvericilik normasının məzmunundan göründüyü kimi, hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməklə onun barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi istisnasız olaraq həmin hüquqi şəxsin rəhbəri və ya başqa işçisi tərəfindən törədilən inzibati xəta ilə bağlıdır. Bu halda xətaya görə hüquqi şəxsə tənbeh tədbirinin tətbiqi, həmin tədbirin tətbiqinə səbəb olmuş eyni xəta ilə bağlı fiziki şəxsin də inzibati məsuliyyətə cəlb edilməsinə istisna edilmir. Bu halda eyni inzibati xəta əməlinin törədilməsindəki rolundan asılı olmayaraq fiziki şəxs qanunda nəzərdə tutulan adi qaydada məsuliyyət daşıyır. Qeyd edilməlidir ki, fiziki şəxsin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarını qorumaq üçün törətdiyi əməl o halda hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsinə səbəb ola bilər ki, fiziki şəxsin əməlində inzibati xətanın tərkib əlamətəri olsun. Beləliklə, fiziki şəxsin əməlində inzibati tərkibi olmadıqda, o cümlədən fiziki şəxs barəsində iş üzrə icraata bəraətverici əsaslara xitam verildikdə, fiziki şəxsin törətdiyi əmələ görə məsuliyyətə cəlbetmə müddətləri keçdikdə hüquqi şəxsin inzibati məsuliyyəti istisna edilir. Göründüyü kimi Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaya görə hər hansı hüquqi şəxsin məsuliyyətinin yaranması üçün onun müvafiq tələblərə cavab verən vəzifəli şəxsinin əməlində həmin xətanın tərkib əlamətləri olmalıdır. Sübutların kifayət qədər toplanmadığı təqdirdə işin məhkəmə baxışına verilməsi, son nəticədə məhkəmənin sübut toplamaq imkanı olmadığı üçün işə düzgün və vaxtında baxılmasında çətinliklər yaranacaqdır. Həmçinin şəxsin təqsirliliyinə dair sübutları məhkəmə toplamamalıdır. Bu İXM ilə qadağan edilmişdir. Belə olduğu təqdirdə qərarda göstərilən yol verilmiş pozuntuların aradan qaldırılması üçün inzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Protokolun məhkəməyə göndərilməsinə qədərki yol verilmiş yuxarıda sadalanan nöqsanları işin məhkəmə hazırlıq və ya baxışı mərhələsində aradan qaldırmaq mümkünsüzdür. Həmin pozuntular protokol tərtib edilənədək yol verilmiş pozuntulardır. Həmin pozuntuları işin məhkəmə mərhələsində aradan qaldırmaq mümkünsüzdür. Həmin pozuntuları protokol tərtib etmiş səlahiyyətli orqan aradan qaldırmalıdır. Belə olduğu təqdirdə qərarda göstərilən yol verilmiş pozuntuların aradan qaldırılması üçün inzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Çünki İXM-in 106-cı maddəsinə əsasən hakim inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı işin baxılmasının onun səlahiyyətinə aid olub-olmamasını (mad 106.0.1), inzibati xəta haqqında protokol və işin digər materiallarının İXM-in tələblərinə müvafiq olaraq tərtib edilib-edilmədiyini (mad. 106.0.3), işin icraatını rədd edən hallar mövcud olub-olmadığını (mad 106.0.4), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıbtoplanılmamasını (106.0.5) həll etməlidir. İXM-in 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Şərh olunanlara əsasən və İnzibati Xətalar Məcəlləsinin 106, 109 və 118-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Şəxs FİRMASİ barəsində tərtib olunmuş xx xxxx 2020-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X6 üzrə Baş İdarəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar