Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1351/2022 07.09.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Qəribli Günel Adil qızının katibliyi, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Azərbaycan Respublikasının Kosmik Agentliyinin (AZƏRKOSMOS) nümayəndələri X4 və X7, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin nümayəndələri Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə təhkim olunmuş “Azərterminalkompleks” Birliyinin inspektoru X8 və Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin təhqiqatçısı X5 iştirakları ilə, Azərbaycan Respublikasının Kosmik Agentliyinin (AZƏRKOSMOS) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Kosmik Agentliyinin (AZƏRKOSMOS) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş 22 avqust 2022-ci il tarixli 00100-1757/22 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən ünvan 1 ünvanında qeydiyyatda olan Azərbaycan Respublikasının Kosmik Agentliyinin (AZƏRKOSMOS) ünvanına 99MZ787/10ZK033 nömrəli nəqliyat vasitəsi ilə xx.xx.2022-ci il tarixli **********0792 sorğu nömrəli Gömrük Bəyannaməsilə Bakı Baş Gömrük İdarəsində bəyan edildiyi, lakin mallar Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməzdən əvvəl Azərbaycar Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinin tələblərinə riayət edərək gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verməli olduğu halda orqanlarına elektron formada qısa idxal bəyannaməsinin verilmədiyi müəyyən edilmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin nümayəndəsi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə təhkim olunmuş “Azərterminalkompleks” Birliyinin inspektoru X8 məhkəmə iclasında inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, “Gömrük prosedurları və ödənişləri” şöbəsindən daxil olmuş 34/012/01801 z nömrəli xx.xx.2022-ci il tarixli raport əsasında araşdırma aparılmış, araşdırma zamanı ünvan 2 ünvanında qeydiyyatda olan Azərbaycan Respublikasının Kosmik Agentliyinin (AZƏRKOSMOS) ünvanına 99MZ787/10ZK033 nömrəli nəqliyat vasitəsi ilə xx.xx.2022-ci il tarixli **********0792 sorğu nömrəli Gömrük Bəyannaməsilə Bakı Baş Gömrük İdarəsində bəyan edildiyi, lakin mallar Azərbaycan Respublikasının gömrük ərazisinə qətirilməzdən əvvəl Azərbaycar Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinin tələblərinə riayət edərək gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verməli olduğu halda orqanlarına elektron formada qısa idxal bəyannaməsinin verilmədiyi müəyyən edilmişdir. Bu səbəbdən də Azərbaycan Respublikasının Kosmik Agentliyi (AZƏRKOSMOS) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş 22 avqust 2022-ci il tarixli 00100-1757/22 nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Gömrük bəyənnaməsində idxalatçı kimi Azərbaycan Respublikasının Kosmik Agentliyi (AZƏRKOSMOS) göstərilmişdir. İdxalatçı həmin Publik hüquqi şəxs olmadığı təqdirdə gömrük bəyənnaməsinin ləğvi üçün Azərbaycan Respublikasının Kosmik Agentliyi (AZƏRKOSMOS) tərəfindən Gömrük orqanına müraciət oluna bilərdi və ya həmin maldan imtina edə bilərdi. Mallar Bakı Baş Gömrük İdarəsində **********0792 sorğu nömrəli xx.xx.2021-ci il tarixli gömrük bəyannaməsi ilə “sərbəst dövriyyə üçün buraxılış” gömrük prosedurunda bəyan edilmişdir. Həmçinin gömrük bəyənnaməsinin 40-cı qrafasında qısa idxal bəyənnaməsinin nömrəsi qeyd olunmadığı görünür. Həmçinin rüsumlar, ödənilmiş 1096,45 manat Azərbaycan Respublikasının Kosmik Agentliyinin (AZƏRKOSMOS) tərəfindən ödənilmişdir. Bu səbəbdən də, protokolu müdafiə edərək Azərbaycan Respublikasının Kosmik Agentliyinin (AZƏRKOSMOS) barəsində qanuni tədbirlər görülməsini xahiş etdi. Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin təhqiqatçısı X9 eyni məzmunlu izahat verərək X6 qeyd etdiyi xususatları təsdiq etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Azərbaycan Respublikasının Kosmik Agentliyinin nümayəndəsi X1 Agentlik barəsində Gömrük idarəsinin inzibati xəta haqqında protokolunu əsassız hesab edirərək hadisənin təfərrüatları barədə bildirmişdir ki, Çinin “GD Midea Heating and X16. Ltd.” şirkəti Çindən 30741798 nömrəli yük qaiməsi ilə malları Azərbaycanın idxalatçısı "xxxx" MMC şirkətinin ünvanına konteynerdə göndərmiş, Çin şirkəti - cəlb etdiyi daşıyıcı şirkətlər "xxxx" MMC və "xxxx" MMC vasitəsilə malları Çindən Qazaxstana dəmir yolu ilə, ordan Xəzər dənizi ilə “Maestro Niyazi” gəmisi ilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanına cari il avqustun 2-si “X18” gömrük postundakı gömrük ərazisinə gətirmişdir. Ordan da “X21” gömrük postundan da konteynerləri avtonəqliyyat vasitəsilə X22 gətirmişdir. Qeyd edilmiş 30741798 nömrəli yük qaiməsində bir çox mal olmuş və 2-ci malın alıcısı qismində Azərkosmos qeyd edilmişdir. Malın “Packing list & invoice” (qablaşdırma siyahısı və invoys) adlı sənədinə görə mal göndərən “Emposat Co., Ltd.” Çin şirkəti qeyd edilmiş, mal haqda "xxxx" MMC Azərbaycan şirkətinə (notify) bildiriş verilməsi nəzərdə tutulmuşdur. "xxxx" MMC gömrük broker şirkəti mal barədə cari il 10 avqustda gömrük bəyannməsini təqdim etmişdir. Gömrük bəyannaməsinə görə mal hədiyyə olaraq idxal edilmişdir. Kosmik Agentlik ona mal göndərildiyindən məlumatsız olmuşdur. Gömrük İdarəsi 15 avqust Azərkosmosun qısa idxal bəyannaməsinin əvvəlcədən təqdim etmədiyi haqda raport yazmış, 16 avqust malı X17 Azərkosmosa buraxmış, 20 avqust Gömrük Xidmətinin “X2 Sisteminə” baxış keçirərək protokollaşdırmışdır. 22 avqust 2022-ci il tarixdə İXM-in 485.2-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata başlamış, Azərkosmosun verdiyi eyni tarixli etibarnamə ilə Rüfət Nurəlizadənin iştirakı ilə inzibati xəta haqqında protokol tərtib etmiş, iş üzrə icraatı tamamlayaraq eyni tarixli “inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə” qərardadı ilə materialları Səbail Rayon Məhkəməsinə göndərmişdir. Kosmik Agentlik ona mal göndərildiyindən məlumatsız olduğuna görə, mal göndərişindən xəbərsiz olan şəxsi həmin malın gömrük rəsmiləşdirməsinə görə təqsirləndirmək olmaz. Kosmik Agentlik gömrük işlərini və gömrük rəsmiləşdirilməsi xidmətinin təmin olunmasını xx.xx.2022-ci il tarixli EKO/AZB/001/2022 saylı müqaviləsi ilə "xxxx" MMC-yə (Ekovays) tapşırmışdır. Broker Müqaviləsinin 4.2-ci bəndində Ekovaysın öhdəlikləri aydın qeyd edilir. “Malların gömrük rəsmiləşdirilməsi prosesində malları bəyan edən şəxs kimi fəaliyyət göstərən “Ekovays gömrük əməliyyatlarını icra etməlidir: malları vaxtında bəyan etmək, gömrük məqsədləri üçün tələb olunan sənədləri və əlavə məlumatları gömrük orqanlarına təqdim etmək, gömrük rəsmiləşdirilməsi və gömrük nəzarəti üçün tələb olunan digər hərəkətləri bəyan olunan mallar ilə bağlı müəyyən səlahiyyətlərə malik şəxs qismində icra etmək, malların gömrük rəsmiləşdirilməsi üçün tələb olunan sənədləri hazırlamaq, malları boşaldılan/yüklənən zaman öz nümayəndəsinin orada olmasını təmin etməkdir. Gömrük Məcəlləsinə görə, 1.0.2. bəyannaməçi - gömrük bəyannaməsini təqdim edən şəxsdir və ya adından gömrük bəyannaməsi verilən şəxsdir. Kosmik Agentlik İXM-nin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş xəta etməmişdir, yəni Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə Kosmik Agentlik məsuliyyət daşımamalıdır, çünki idxal haqda xəbəri olmamışdır. Yuxarıda qeyd olunanları və Kosmik Agentlik barədə İXM-nin inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halları, yəni 53.1.2-ci və 53.2-ci maddələri rəhbər tutaraq, xx.xx.2022-ci il tarixli, 00100-1757/22 nömrəli inzibati xəta haqqında protokol üzrə Səbail Rayon Məhkəməsində Kosmik Agentlik barədə inzibati xəta haqqında 3(009)-1351/2022 nömrəli iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Azərbaycan Respublikasının Kosmik Agentliyinin (AZƏRKOSMOS) nümayəndəsi X10 vəsatətlə müraciət edərək iş üzrə icraata xitam verilməsini xahiş etmiş, həmçinin bildirmişdir ki, 3(009)-1351/2022 nömrəli inzibati xəta haqqında iş üzrə Gömrük İdarəsi tərəfindən Kosmik Agentlik barəsində tərtib edimiş xx.xx.2022-ci il tarixli 00100-1757/22 nömrəli “İnzibati xəta haqqında” Protokolu əsassız hesab edir. Gömrük İdarəsi hadisəni araşdırmamış, yanlışlıq etmiş və protokolu qeyri-dəqiq və faktlara əsaslanmayan mülahizə ilə Kosmik Agentlik barəsində tərtib etmişdir. İXM-in 12-ci maddəsinə əsasən baş vermiş hadisə o halda Kosmik Agentliyin inzibati xətası sayılır ki, bu hadisə İXM ilə qorunan ictimai münasibətlərə qəsd etsin, hüquqazidd olsun, təqsirli sayılsın. Faktiki hallar isə göstərir ki, hadisədən xəbərsiz olan Kosmik Agentlik inzibati xəta törətməmiş, hadisənin baş verməsinə Kosmik Agentliyin ümumiyyətlə aidiyyəti yoxdur, Kosmik Agentlik İXM-nin 485.2-ci maddəsi ilə qorunan ictimai münasibətlərə qəsd etməmişdir. İXM-in 3-cü maddəsinə əsasən, Kosmik Agentliyin fəaliyyətində yalnız inzibati xəta tərkibinin bütün əlamətlərini daşıyan əməl inzibati məsuliyyətə səbəb olur. Bu iş üzrə inzibati xəta tərkibinin subyekti Kosmik Agentlik deyildir. Mal (yük konteyneri) gömrük ərasizinə Kosmik Agentlik tərəfindən gətirilməmişdir. Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 263 nömrəli qərarı ilə təsdiq edilmiş “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları” ilə müəyyən edilmişdir ki, 13.3. Elektron formada təqdim olunan qısa idxal bəyannaməsi aşağıdakı şəxslərdən biri tərəfindən gömrük orqanlarının müəyyən etdiyi rəsmi informasiya sistemləri vasitəsilə verilir: malları gömrük ərazisinə gətirən şəxslər və ya malların daşınmasına cavabdeh olan şəxslər, onların nümayəndələri, idxalatçı, malın alıcısı, yaxud malları gömrük rəsmiləşdirilməsi ilə əlaqədar gömrük orqanına təqdim edən şəxs.Gömrük Məcəlləsinin 124.2-ci maddəsinə görə, gömrük orqanlarına təqdim edilmiş xarici mallar üzrə qısa idxal bəyannaməsinin verilmədiyi müəyyənləşdirildikdə, onların sahibi bu bəyannaməni dərhal gömrük orqanlarına təqdim etməlidir (Gömrük Məcəlləsi, maddə 1.0.32. mal sahibi - mallar barəsində öz adından sərəncam vermək səlahiyyəti olan şəxs). Mal onu göndərən Çin şirkətinin və onun cəlb etdiyi şirkətlərin sahibliyində olmuşdur. İzahat verilməsi üçün cəlb edilən Kosmik Agentliyin əməkdaşının izahatında qeyd etmişdir ki, Kosmik Agentlik mal göndərişi barədə məlumatsız olmuş və gömrük qaydalarının kim tərəfindən pozulduğu bildirməmişdir. İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 84.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxan hakim işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Nazirlər Kabinetinin qeyd etdiyi xx.xx.2014-cü il tarixli 263 nömrəli qərarı ilə təsdiq edilmiş “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları”nın 2.1-ci bəndi tələb edir ki, gömrük məqsədləri üçün sənəd və məlumatları gömrük sərhədindən malları və nəqliyyat vasitələrini keçirən şəxslər, yaxud icrasına nəzarət gömrük orqanlarına həvalə olunmuş fəaliyyəti həyata keçirən şəxslər tərəfindən kağız üzərində yazılı və ya elektron formalarda təqdim edilməlidir. Həmin Qaydaların 3.11-ci bəndinə görə, dəniz gəmiləri gömrük ərazisinə daxil olduqları dəniz limanlarında bəyan edilir. İnzibati xəta haqqında protokol xx.xx.2022-ci ildə “Maestro Niyazi” gəmisi Azərbaycan limanına daxil olduğu tarixdə Çin şirkəti və onun cəlb etdiyi idxalatçı və ya digər şəxs barəsində tərtib edilməliydir. xx.xx.2022-ci il tarixdə inzibati protokolun Kosmik Agentlik barəsində tərtib edilməsi İXM-yə və Gömrük Məcəlləsinə ziddir. Beləliklə, inzibati xəta haqqında iş üzrə Kosmik Agentlik barədə icraatı rədd edən hal aşkar olunur. İXM-nin 53.2-ci maddəsinə əsasən, şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda, xitam verilir. İXM-nin 105.1 -ci maddəsinə əsasən, İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Kosmik Agentlik barəsində xx.xx.2022-ci il tarixli 00100- 1757/22 nömrəli protokolun işin hallarına uyğun tərtib edilməməsi kimi qiymətləndirməyə, o cümlədən Kosmik Agentliyin bu xətaya aidiyyətinin olmadığına görə Kosmik Agentlik barədə iş üzrə icraata xitam verilməsinə əsaslar mövcuddur. xx.xx.2022-ci il tarixli, 00100-1757/22 nömrəli inzibati xəta haqqında protokol üzrə Səbail Rayon Məhkəməsində inzibati xəta haqqında 3(009)-1351/2022 nömrəli iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Azərbaycan Respublikasının Kosmik Agentliyinin (AZƏRKOSMOS) Azərbaycan Respublikasının İXM-nin 485.2-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. İş materiallarına əlavə edilmiş “Gömrük prosedurları və ödənişləri” şöbəsinin rəisi tərəfindən tərtib olunmuş 34/012/018012 nömrəli xx.xx.2022-ci il tarixli raporta əsasən Azərbaycan Respublikasının Kosmik Agentliyinin (AZƏRKOSMOS) ünvanına 99MZ787/10ZK033 nömrə nəqliyat vasitəsi ilə daxil olmuş yük **********0792 sorğu nömrəli, xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmişdir. Lakin ölkə ərazisinə daxil olmuş yüklər üçün Azərbaycan Respublikasının qömrük ərazisinə qətirilməzdən əvvəl elektron formada qısa idxal bəyannaməsi təqdim edilməmişdir. İş materiallarına əlavə edilmiş Dövlət Gömrük Komitəsinin “X3 Sistemi” informasiya resursundan “malın çatdırılması və bosaldılması”-na da çıxarışdan görünür ki, 99MZ787/10ZK033 nömrəli nəqliyat vasitəsi ilə Azərbaycan Respublikasının Kosmik Agentliyinin (AZƏRKOSMOS) ünvanın göndərilən mallar xx.xx.2022-ci il tarixdə saat 19:03 radələrində Enerji Resursları və X19 Gömrük İdarəsinin “Beynəlxalq Dəniz Ticarət Liman” gömrük postundan keçməklə Azərbaycan Respublikası gömrük ərazisinə gətirilmişdir. İş üzrə Dövlət Gömrük Komitəsinin “X2 Sistemi" informasiya resursuna baxış keçirilməsi haqqında protokoldan görünür ki, Azərbaycan Respublikasının Kosmik Agentliyi (AZƏRKOSMOS) ünvanına 99MZ787/10ZK033 nömrəli nəqliyat vasitəsi ilə “Emposat Co., Ltd.” şirkətindən göndərilmiş mallara dair qısa idxal bəyannaməsi mallar Azərbaycan Respublikasının gömrük ərazisinə qətirilməzdən əvvəl elektron qaydada gömrük orqanlarına təqdim edilməmişdir. İş materiallarından müəyyən edilir ki, Bakı Baş Gömrük İdarəsində barəsində icraat aparılan Azərbaycan Respublikasının Kosmik Agentliyi (AZƏRKOSMOS) nümayəndəsinin iştirakı təmin edilmiş və o, şirkətin ünvanına gələn mallara dair qısa idxal bəyannaməsi verilmədiyini, daşıyıcı şirkət göndərilən mallara dair müvafiq sənədləri Azərbaycan Respublikasının Kosmik Agentliyinə (AZƏRKOSMOS) vaxtında göndərməməsi səbəbindən də qısa idxal bəyannaməsi gömrük orqanına təqdim edilmədiyini bildirmiş, gömrük qaydalarının pozulduğunu etiraf etmişdir. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Azərbaycan Respublikasının Kosmik Agentliyi (AZƏRKOSMOS) Azərbaycan Respublikasının İXM-nin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113-cü maddəsinin 1-ci bəndinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur. “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə Qaydalarının” təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 21 may 2016-cı il tarixli 920 nömrəli Fərmanının 2.2-ci bəndinə əsasən qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan zəruri olan məlumatlar əks etdiriməli və malların gömrük sərhədini keçməsindən ən azı 1(bir) saat əvvəl verilməlidir. Azərbaycan Respublikasının İXM-nin 485.2-ci madədsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə - vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, Azərbaycan Respublikasının Kosmik Agentliyi (AZƏRKOSMOS) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir və onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 18, 40, 43, 114-115 və 485.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikasının Kosmik Agentliyi (AZƏRKOSMOS) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində 1500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə tətbiq edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-1351/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1351/2022
07.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver