Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1351/2025 20.06.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Cəfərov Səbuhi Mahir oğlunun katibliyi, Barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsinin EQ 26612801 saylı, 12 mart 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından şikayətinə və ona əlavə edilmiş sənədlərə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ : X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsinin EQ 26612801 saylı, 12 mart 2025-ci il tarixli qərarının ləğv olunmasını və inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 12 mart 2025-ci il tarixində saat 18:37 də ona məxsus **-UA-*** dövlət nömrə nişanlı “Toyoto Highlander minik” avtomobilini Bakı şəhəri, Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsində AzParking əməkdaşlarından dayanacaq kodunu soruşaraq park etmiş və telefonunda olan AzParking əlavəsində parklanmanı qeydə almışdır. Tərlan Əliyarbəyov küçəsində avtomobili park etdiyi andan (kod-P90091) mobil əlavədə parklanma vaxtı aktivləşdirilmişdir. Avtomobili park etmədən əvvəl dövlət qurumu sayılan Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi PHŞ-nin (AYNA) tərkibində fəaliyyət göstərən AzParking əməkdaşı parklanma zonasına aid hissəni ona göstərmiş və ərazi üzrə kodun nömrəsini bildirmişdir. Lakin 2 saat 11 dəq sonra ona bildiriş gəlmişdir ki, Bakı Baş X5 İdarəsi (bundan sonra -BDYPİ) tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-İXM) 346.5 maddəsi üzrə ("Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallar istisna olmaqla, nəqliyyat vasitələrinin hərəkət hissələrinin kəsişməsində və kəsişən hərəkət hissəsinin kənarından 5 metrdən az yaxınlıqda dayanmasına və ya durmasına görə) 40 manat məbləğində cərimə olunmusunuz. Avtomobilinə yaxınlaşdıqda YPX (həmin zaman maşının yanında olan) və AzParking əməkdaşlarına BDYPİ tətəfindən barəsində səhv inzibati tənbeh vermə haqqında elektron qərarın çıxarılaraq cərimə olunmağımı bildirmişdir. Şikayətə əlavə edilmiş şəkillərdən də görünür ki, ona məxsus **-UA-*** dövlət nömrə nişanlı avtomobilin park edildiyi ərazi AzParking-in dayanacağıdır. Belə ki, asfaltda parklanma yerlərinin ayrıc işarələri də mövcuddur, avtomobilini həmin işarələnmiş yerdə saxlamışam. Əgər burada maşın saxlamağ inzibati xəta törədilməsinə səbəb olursa, cərimə zonasıdırsa, o halda sual yaranır ki, bəs nəyə görə yolayrıcı işarəsi mövcud deyildir?. Hətta AYNA əməkdaşının planşetindən fotogörüntü də bu halı təsdiq edir ki, avtomobilini park etdiyi yer qanunidir, Az Parking-ǝ məxsus dayanacağa aiddir. Göstərilənlərə əsasən, barəsində tərtib edilmiş 12 mart 2025-ci il tarixdə EQ 26612801 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv olunması və iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında qərar qəbul olunmuş X3 şikayətin təmin olunmasını, inzibati xəta haqqında iş üzrə EQ 26612801 saylı, 12 mart 2025-ci il tarixli qərarın ləğv edilməsini və inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini xahiş etdi. Qanunla müəyyən olunmuş qaydada və müddətdə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, məhkəmə iclasına gəlmədiyi və səbəbini bildirmədiyi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsaslanaraq qərarından şikayət verilmiş orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Məhkəmə, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan: EQ 26612801 saylı, 12 mart 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 12 mart 2025-ci il tarixdə, saat 20:48-də ünvan 1 ünvanında X3, nəqliyyat vasitələrinin hərəkət hissələrinin kəsişməsində və kəsişən hərəkət hissəsinin kənarından 5 metrdən az yaxınlıqda dayanmasına və ya durmasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.5-ci maddələrinin tələbini pozmuş və 40 manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə olunmuş fotoşəkillərdən görünür ki, barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş X3, 12 mart 2025-ci il tarixdə, saat 18:37:49-da (başlama vaxtı) “X2 MİNİK” markalı, **-UA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə ünvan 1 ərazisində P90091 ödənişli parklanma məntəqəsində nəqliyyat vasitəsini park etmiş və parklanmasını “AzParking” vasitəsilə rəsmiləşdirmişdir. Həmçinin, ünvan 1 ünvanında barəsində protokol tərtib edilən Aydın Umudovun təqdim etdiyi, sonradan özü tərəfindən inzibati xəta hadisəsi qeydə alındığı yerdə daha müfəssəl çəkilmiş şəkillərdə A.Umudovun idarə etdiyi nəqliyyat vasitəsinin dayandığı yer yolayrıcından 5 metrdən az məsafədə olması öz təsdiqini tapmır. Qeyd olunan hal inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barədə şübhədir. Bu şübhə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən A.Umudovun xeyrinə həll edilməlidir. Məhkəmə qeyd edir ki, yalnız 1.4 nişanlanma xəttinin (sarı xətt) olması dayanmanı qadağan etmir. Qeyd edilən nişanlanma xətti 3.27 yol nişanı (dayanma qadağandır) yol nişanı ilə birlikdə tətbiq edildikdə, həmçinin yol kəsişməsinə kimi 5 metrdən az məsafə olduqda dayanmanı qadağan edir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun İV hissəsinin 6-cı bəndinə əsasən 1.1—1.4 nişanlama xətti, yaxud ayırıcı zolağı olan üçtərəfli yolayrıclarındakı yan keçidin qarşı tərəfində dayanma halları istisna olmaqla, hərəkət hissələrinin kəsişməsində və kəsişən hərəkət hissəsinin kənarından 5 metrdən az yaxınlıqda dayanma qadağandır. Məhkəmə hesab edir ki, X3 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsinin EQ 26612801 saylı, 12 mart 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı qəbul olunarkən inzibati xəta haqqında iş üzrə icraat zamanı mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.5-ci maddəsinə əsasən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallar istisna olmaqla, nəqliyyat vasitələrinin hərəkət hissələrinin kəsişməsində və kəsişən hərəkət hissəsinin kənarından 5 metrdən az yaxınlıqda dayanmasına və ya durmasına görə qırx manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. 6.2-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. 8.2-ci maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Normanın mənasından aydın olur ki, şəxsin təqsirli olmasını sübuta yetirmək vəzifəsi qanunla inzibati orqanın, hazırki halda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsinin üzərinə qoyulsa da, adı çəkilən orqan X1, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.5-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli olmasını sübut edə bilməmişdir. 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 129.1.3-cü maddəsinə əsasən, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət, şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. 130.1-ci maddəsinə əsasən, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. 135.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 - 34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərın işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə, məhkəmə hesab edir ki, X1 şikayəti təmin olunmalı, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsinin EQ 26612801 saylı, 12 mart 2025ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı qərar ləğv olunmalı və iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsinin EQ 26612801 saylı, 12 mart 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv olunsun və iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM: AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №3(009)-1351/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1351/2025
20.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver