Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1353/2022 26.08.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əliyeva Leyla Mirfazil qızının katibliyi, Səbail RPİ-nin 9-cu PB-nin sahə inspektoru, polis kapitanı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1982-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1 və 510-cu maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Səbail RPİ-nin 9-cu PB tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2022-ci il tarixdə, saat 08:35 radələrində Səbail RPİ-nin 9-cu PB-də içkili halda polis əməkdaşlarına qarşı nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuş, polis əməkdaşları onu nizam intizama dəvət etsələr də nalayiq ifadələr işlətməkdə davam edərək polisin qanuni tələblərinə tabe olmamışdır. Bu barədə Səbail RPİ-nin 9-cu PB-nin sahə inspektoru, polis kapitanı X2 tərəfindən 26 avqust 2022-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün Səbail Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında iştirak edən Səbail RPİ-nin 9-cu PB-nin sahə inspektoru, polis kapitanı X2 bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə, saat 08:35 radələrində Şəxs Səbail RPİnin 9-cu PB-nə daxil olub Növbətçi Hissənin qabağında nalayiq ifadələr işlətmişdir. Onu nizam-intizama dəvət etsələr də, iradlara məhəl qoymayaraq öz hərəkətlərinə qərəzli şəkildə davam edib polis bölməsinin iş rejimini pozmuşdur. Həmin şəxs spirtli içkinin təsiri altında olmuşdur. Bu səbəbdən onun barəsində protokol tərtib edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan əməli törətmiş şəxs barəsində qanuni tədbirlər görülməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, pul qabı oğurlandığı üçün 102 xidmətinə zəng etmədən şikayət etmək üçün 9-cu PB-nə müraciət etmişdir. Rəisin qəbulunu gözləyən zaman ayağı iki yerdən sındığı üçün ayağını ayağının üstünə aşırmışdır. Bir nəfər polis əməkdaşı ona irad bildirərək rəisin otağının qarşısında belə oturmamalı olduğunu demişdir. Bu səbəbdən o, dəhlizdə gözləmək üçün çıxan zaman həmin polis əməkdaşı qapını saxlayaraq onun çıxmasına icazə verməmişdir. Polis əməkdaşı ona kobudluq etdiyinə görə o da özünü müdafiə etmək üçün polis əməkdaşını kənara itələmişdir. Bu zaman biraz içkili olduğunu etiraf etmişdir. O, sərxoşluğun təyini məntəqəsinə getsə də ekspertizadan keçməkdən imtina etmişdir. Şikayət üçün getdiyi halda bölmədə təzyiqlərə məruz qalmış, döyülmüşdür. Təqsirsiz olduğunu bildirərək barəsində tərtib olunmuş protokolun təmin olunmamasını xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir və o, göstərilən inzibati xətaların törədilməsində təqsirli bilinməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Şəxs eyni vaxtda törətdiyi xətalardan birinə görə inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, iş materiallarında olan 26 avqust 2022-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə, saat 08:35 radələrində Səbail RPİ-nin 9-cu PB-də içkili halda polis əməkdaşlarına qarşı nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuş, polis əməkdaşları onu nizam intizama dəvət etsələr də nalayiq ifadələr işlətməkdə davam edərək polisin qanuni tələblərinə tabe olmamışdır. İş materiallarında olan AZA 018730 saylı, 26 avqust 2022-ci il tarixli İnzibati qaydada tutma protokolundan görünür ki, Şəxs 26 avqust 2022-ci il tarixdə saat 08:35 radələrində tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə qanunun bu tələblərini nəzərə alaraq qeyd edir ki, Şəxs eyni vaxtda iki inzibati xəta törətdiyinə görə onun barəsində törədilmiş daha ciddi inzibati xətaya görə tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinə əsasən Bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir; Şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin İİ hissəsinə görə Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin 1 bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək üzərinə düşən vəzifələrin yerinə yetirilməsi üçün polis əməkdaşının hüququdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər inzibati məsuliyyətə səbəb olan əməldir və əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Bu Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama inzibati məsuliyyətə səbəb olan əməldir və fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə əsasən, inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1-32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. İnzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33.1.7-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alınır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Sərxoşluq halların müayinəsi protokolundan görünür ki, Şəxs orta alkoqol müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, ictimai yerdə nalayiq ifadələr işlədərkən xidməti vəzifəsini yerinə yetirməklə, onu nizam-intizama dəvət edən polis əməkdaşlarının tələblərinə məhəl qoymayaraq, hərəkətlərini davam etdirməsini, polisin nizam-intizamla bağlı digər qanuni tələblərinə əməl etməyib, polisin iş fəaliyyətini pozmasını, bu cür davranışları ilə cəmiyyətə və ətrafda yaşayan digər insanlara mənfi nümunə olmasını nəzərə alaraq, Şəxs İXM-nin 510-cu və 535.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi həbs növündə inzibati tənbehin yuxarı həddinin 1/4 birindən az olmamaqla, cəza təyin edilməsini qanuni, legitim, əsaslı və ədalətlidir. Belə ki, İXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 40, 43, 48-51, 114.1.1, 115.1, 117, 128130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 08 (səkkiz) gün müddətinə inzibati həbs tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati qaydada həbs etmənin əvvəli 26 avqust 2022-ci il saat 08:35-dən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati Həbs olunanların Saxlama Məntəqəsinə tapşırılsın. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №3(009)-1353/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1353/2022
26.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver