Məhkəmə qərarları › İş №3(009)-136/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-136/2024

24.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-136/2024 24.01.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Şirməmmədova Günel Lətif qızının katibliyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsi Nümayəndə, Barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış X1 iştirakları ilə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin inzibati tənbehvermə haqqında 28 avqust 2023-cü il tarixli, MN ******* saylı qərarının ləğv edilməsinə dair X1 şikayətinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 21 avqust 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol üzrə çıxarılmış 28 avqust 2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbehvermə haqqında qərarının ləğv olunmasını və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin əməkdaşı Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, T.Məmmədov küçəsində yerləşən qeyri-yaşayış sahəsinə daxil olaraq ona bildirmişdir ki, guya o, Azərbaycan Respublikası İXM-nin 210.1 -ci maddəsinin tələbini pozmuşdur. O, buna etiraz etmiş və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin əməkdaşına bildirmişdir ki, o, Azərbaycan Respublikası İXM-nin 210.1 -ci maddəsinin tələbini pozmamışdır. Buna baxmayaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin əməkdaşı qərəzli şəkildə barəmdə İXP ******* saylı xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol əsasında qərar tərtib etmişdir. Həmin protokola əsasən o, Azərbaycan Respublikası İXM-nin 210.1 -ci maddəsi ilə təqsirli bilinərək 5000 manat məbləğində cərimə olunmuşdur. Qeyd edir ki, ona istinad olunan inzibati xətanı törətməmişdir. O, lisenziya olmadan özəl tibbi fəailiyyətlə məşğul olmamışdır. Belə ki, Səhiyyə Nazirliyinin əməkdaşı tibbi fəaliyyət göstərdiyi qeyri-yaşayış sahəsinə daxil olaraq onun lisenziya olmadan fəaliyyət göstərdiyini bildirmişdir. Bundan sonra o, sənədlərin təqdim edilməsi üçün ona vaxt verilməsini, həmçinin bildiriş və xəbərdarlıq məktubunu təqdim edilməsini bildirmişdir. Bundan sonra onunla mübahisə etməyə başlayaraq qərəzli olaraq dediklərini nəzərə almadan barəsində qanunsuz protokol tərtib etmişdir. Azərbaycan Respublikası İXM-nin 210.1 -ci maddəsininin tələblərini pozmamışdır. Səhiyyə Nazirliyinin əməkdaşı qanunsuz və əsassız olaraq barəsində ******* saylı xx.xx.2023cü il tarixli inzibati xəta haqqında qərar tərtib etmişdir. Hesab edir ki, barəsində obyektiv qərar verilməli və qərar ləğv edilməlidir. Ona görə də məcburiyyət qarşısında qalaraq hazırkı ərizə ilə məhkəməyə müraciət edir. İnzibati Xətalar Məcəlləsinin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin məcəllənin 8.2-ci maddəsinə görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 53-cü maddəsinə görə aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.1. 1. inzibati xəta hadisəsi olmadıqda; 53.1. 2. inzibati xəta tərkibi olmadıqda; Azərbaycan Respublikası İXM-nin 114.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İXM-nin 114.2-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda çıxarılır. İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə görə, barəsində inzibati qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin məcəllənin 128.2.3-cü maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan şikayət səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarlarından yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 129.5-ci maddəsinə görə inzibati xətalar haqqında işlər üzrə qərardan verilən şikayətdən dövlət rüsumu tutulmur Odur ki, barəsində qəbul edilmiş İXP ******* saylı, xx.xx.2023-cü il tanxli inzibati xəta haqqında iş üzrə qərar ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş edilmişdir. Barəsində inzibati tənbehvermə haqqında qərar çıxarılmış X2 şikayəti müdafiə edərək göstərmişdir ki, ünvan 1 ünvanında yerləşən “Xalmara Studio” adlı obyektdə lisenziya olmadan özəl tibb fəaliyyəti kosmetoloji xidmət göstərilmişdir. O, kosmetoloji fəaliyyət göstərilməsi üçün lisenziya tələb olunduğundan məlumatsız olmuşdur. İnzibati xətanı etiraf edir. Bundan əlavə bildirir ki, ona heç bir xəbərdarlıq edilmədən barəsində protokol tərtib edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 28 avqust 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbehvermə haqqında qərarının ləğv olunaraq iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsi Nümayəndə bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 may 2017-ci il tarixli 206 nömrəli Qərarı ilə kosmetoloji fəaliyyət lisenziyalaşdırılan tibb fəaliyyətinə daxil edilmişdir. Şikayətin təmin edilməməsini, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin inzibati tənbehvermə haqqında 28 avqust 2023-cü il tarixli, MN ******* saylı qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə proses iştirakçısını dinləyib və şikayəti iş materialları əsasında araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MN ******* saylı, 21 avqust 2023-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 ünvanında yerləşən “Xalmara Studio” adlı obyektdə lisenziya olmadan özəl tibb fəaliyyəti (kosmetoloji xidmət) göstərilmişdir. Bununla da, X2 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsinin tələbləri pozulması müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MN ******* saylı, 28 avqust 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, ünvan 1 ünvanında yerləşən “Xalmara Studio” adlı obyektdə lisenziya olmadan özəl tibb fəaliyyəti (kosmetoloji xidmət) göstərilmişdir. Bununla da, X2 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsinin tələbləri pozulmuş və o, 5000 (beş min) manat məbləğində inzibati cərimə edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ünvan 2 ünvanında yerləşən “Xalmara Studio” adlı obyektdə lisenziya olmadan özəl tibb fəaliyyəti (kosmetoloji xidmət) göstərilmişdir. Bununla da, X2 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Göründüyü kimi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MN ******* saylı, 28 avqust 2023-cü il tarixli inzibati tənbehvermə haqqında qərarın ləğv edilməsi üçün heç bir əsas yoxdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 may 2017-ci il tarixli “Özəl tibb fəaliyyəti üzrə lisenziyalaşdırılan xidmətlərin və işlərin Siyahısı” haqqında Qərarının 2.13.2-ci bəndindən görünür ki, kosmetoloji fəaliyyət özəl tibb fəaliyyəti üzrə lisenziyalaşdırılan xidmətlərə daxildir. Beləliklə, X2 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-cı maddəsinin tələbləri pozulmasını şikayət verən şəxsin özünün etirafı, iş materiallarına əlavə edilmiş işin digər halları ilə sübut edilmiş və məhkəmə hesab edir ki, X1 şikayət ərizəsində göstərdiyi xüsusatlar özünü müdafiə xarakteri daşıyır və işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Şikayət verən şəxs qərarın ləğvi üçün əsas ola biləcək hər hansı dəliləri məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin müəyyən edilir ki, sanksiya həddində inzibati tənbeh tətbiq edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsinə əsasən Lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmağa görə- fiziki şəxslər iki min manatdan üç min manatadək məbləğdə, vəzifəli şəxslər beş min manatdan on min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəlləsinin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən aşağıdakı qəralardan biri qəbul edilir: 1) qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 2) Məcəllənin 135.1.2–135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 3) Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 4) Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 5) şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Beləliklə, məhkəmə hesab edir ki, X2 qanunvericiliyinin tələblərini pozduğuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi araşdırma zamanı öz təsdiqini tapdığından, onun tərəfindən verilmiş şikayət təmin edilməməli və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin inzibati tənbehvermə haqqında MN ******* saylı, 28 avqust 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 134-135, 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin inzibati tənbehvermə haqqında MN ******* saylı, 28 avqust 2023-cü il qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar