Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1362/2022 29.08.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Səbail Rayon Məhkəməsinin hakimi Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əlizadə Hüseyn Oktay oğlunun katibliyi, Azərbaycan Respublikası DİN Nəqliyyatda Baş Polis İdarəsi X9 İdarəsinin baş inspektoru, polis mayoru X3, Zərərçəkmiş şəxs X2, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1987-ci ildə Şəmkir rayonu, Sabirkənd kəndində anadan olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası DİN Nəqliyyatda Baş Polis İdarəsi X9 İdarəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası DİN Nəqliyyatda Baş Polis İdarəsi X9 İdarəsi tərəfindən tərtib edilmiş 27 avqust 2022-ci il tarixli MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan 27 avqust 2022-ci il tarixli MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 21:10 radələrində Bulvar ərazisində “Sakto” körpüsündə vətəndaş N.Babayevlə mübahisə edərək ictimai qaydanı pozmuşdur. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X9 İdarəsinin baş inspektoru, polis mayoru X5 tərtib etdiyi protokolu müdafiə edərək Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə, saat 20:55 radələrində, o, həyat yoldaşı X6 və 2 azyaşlı övladı ilə birlikdə gəmi gəzintisi üçün Səbail rayonu Dənizkənarı Milli Parkda yerləşən «Yaxta Club» dayanacağında olan körpüdə gəmiyə minmək üçün sıra gözləyərkən, əvvəllər tanımadığı, sonradan adını bildiyi Natiq adlı şəxs və onun yanında 2 nəfər xanım və 1 nəfər qız uşağı ilə birlikdə onlar kimi gəmi gözləmişlər. Bu zaman azyaşlı uşağı ağlamağa başlamış, onu sakitləşdirməyə çalışsa da, uşaq ağlamaqda davam etmişdir. Bu zaman onun arxasında dayanan Natiq adlı şəxs yüksək səslə ona uşağının səsini kəsməsini demişdir. O, Natiqə dil bilməyən uşağı necə sakitləşdirməsini dedikdə, Natiq uşağın sakitləşməsi üçün uşağın ağzına sillə vurmasını məsləhət görmüşdür. O, Natiqin bu sözünə görə iradını bildirdikdə, bu zəmində aralarında söz mübahisəsi yaranmışdır. Mübahisə zamanı Natiqin yanında olan iki xanım onu sillə və təpiklə vurmuşlar. Bu zaman orada insanlar araya girərək mübahisəni sakitləşdirmişlər. O da, azyaşlı uşaqlarının qorxudan ağlamasını görüb oradan uzaqlaşmağa qərar vermişdir. Daha sonra, o, ailəsini gəmiyə mindirib özü geri qayıdıb hadisə ilə bağlı DİN 102 xidmətinə məlumat vermişdir. Daha sonra, gəmi qayıtdıqdan sonra tanımadığı bir neçə şəxs onlara yaxınlaşaraq, “sizlərə ayıb olsun və 2 yaşında olan uşağa sillə vur nə deməkdir” deyə bildirmişlər. Daha sonra, həmin şəxslər özləri polis əməkdaşlarına yaxınlaşaraq öz nömrələrini təqdim edib şahid olacaqlarını bildirmişlər. O, Natiq adlı şəxsi əvvəllər tanımayıb, onunla ədavəti yoxdur. Mübahisəyə səbəb Natiq adlı şəxsin onun azyaşlı övladının ağzına sillə vurmasını bildirməsi olmuşdur. Mübahisə zamanı o, Natiq və onun arvadı Aynuru vurmamış, ona yalan və böhtan atmışlar. Əksinə Natiq, arvadı Aynur və onların ailə üzvləri onun üz, kürək və qol nahiyələrinə sillə və yumruqla vurmuşlar. Mübahisə 3-4 dəqiqə davam etmişdir. Həmin vaxt ətrafda yanında olan ailə üzvləri və digər tanımadığı şəxslər olmuşlar. Mübahisə zamanı ailə üzvləri xəsarət almamışdır. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X4 bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə, təxminən 20:40 radələrində, o, aradı Aynur və iki qızı ilə birlikdə gəmi gəzintisi üçün Səbail rayonu Dənizkənarı Milli Parka gəlmişdi. Dənizkənarı Milli Parkda “Park Bulvar TM-nin” arxasında gəmi gəzintisi olan yerdə körpünün üzərində ailəsilə birlikdə gözləyib gəmiyə minmək üçün sıra gözləyirdi. Əvəllər tanımadığı daha sonradan adı ona məlum olan Şaiq adlı şəxs və onun yanında bir nəfər xanım və üç nəfər az yaşlı uşaq var idi. Şaiqin yanındakı azyaşlı uşaq dayanmadan ağlayırdı. O, Şaiqə iradını bildirdi ki, uşaqı sakitləşdir, səsi ətrafı bürüyüb, onlar da bura istirahətə gəlmişlər. Şaiq uca səslə və əl hərəkətlərilə ona bildirdi ki, azyaşlı uşaqdı, necə sakitləşdirim. O da, yenidən Şaiqə bildirdi ki, uşaqı qucağına götür sakitləşdir. Şaiq ona bildirdi ki, sakitləşdirə bilmir,0 2 yaşında uşaqdı, nə başa düşür. O da, Şaiqə bildirdi ki, sakitləşdirə bilmirsənsə, uşağın ağzının üstünə şillə ilə vur sakitləşsin. Şaiq uca səslə onunla danışmağa başladı, ona əlqol atdı. Ətrafda olan insanlar Şaiqi sakitləşdirib kənara çəkdilər. Təxminən 22:10 radələrində anidən Şaiq qaça-qaça üzərinə gələrək, yumuruqla sağ üz nahiyyəsinə vurdu. Yenidən ona əl atmaq istəyəndə həyat yoldaşı Aynur aralarına daxil oldu, bu zaman Şaiqin atdığı yumruq Aynurun üz nahiyyəsənə və sağ qol nahiyyəsinə və sağ ayaq nahiyyəsinə dəydi. Ətrafda səs küy yarandı. Şaiqi aralayıb kənara çəkdilər. O isə sonra bu barədə DİN-nin 102 xidməti-zəng mərkəzinə bu barədə məlumat verdi. O, X1 şikayətçi olduğunu bildirmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, hadisənin videogörüntülərinə baxaraq və inzibati xəta haqqında materialı araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 510cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə Şəxs ictimai qaydanı pozaraq xırda xuliqanlıq etmişdir. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tövsif edilməli və həmin maddənin sanksiyası həddində onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icaat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbet tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən halları, onun təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini, həmçinin onun cəmiyyətdən təcrid edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müstəsna halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür. Ona görə də onun barəsində təqsirləndirildiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 25, 40, 43, 114.1.1, 115, 128.2.1, 130.1 və 510-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinərək 100 (yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bir başa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №3(009)-1362/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1362/2022
29.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver