Məhkəmə qərarları › İş №3(009)-1368/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1368/2023

10.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1368/2023 10.08.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X3 qızının katibliyi, barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş X1 iştirakı ilə, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhər DYPİ-nin Müşayiət- Eskort Bölüyünün TP ******* saylı, 05 iyul 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından X1 şikayətinə və ona əlavə edilmiş sənədlərə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ : Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhər DYPİ-nin Müşayiət- Eskort Bölüyünün TP ******* saylı, 05 iyul 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv olunması barədə X1 şikayəti məhkəməyə daxil olmuşdur. Şikayət onunla əsaslandırılmışdır ki, 04 iyun 2023-cü il tarixdə ** VT *** qeydiyyat nömrəli “BMW” markalı avtomaşınla Bibiheybət məscidindən üzü şəhər istiqamətində hərəkətdə olarkən “jurnalistlərin binası” adlanan binanın qarşısında quraşdırılmış işıqforun yaşıl işığında keçdiyi zaman qarşı tərəfdən gələn yol patrul əməkdaşı sayrışan işıqları yandıraraq saxlama göstərişi verdi. Dərhal nəqliyyat vasitəsini saxlamışdır. YPX əməkdaşı yaxınlaşaraq qırmızı işıqda keçdiyini bildirmişdir. O, yaşıl işıqda keçdiyini deyərək etiraz bildirmiş və kamera görüntülərini tələb etmişdir ki, onun yaşıl işıqda keçməyi daha aydın bilinsin. YPX əməkdaşı görüntüləri təqdim edə bilməyəcəyini, Bakı şəhəri DYP-nin 108-ci otağına yaxınlaşmağı bildirmiş və əsassız olaraq İXM-nin 327.2-ci maddəsi ilə məsuliyyət nəzərdə tutan 04 iyun 2023-cü il tarixli İXP ******* nömrəli protokol tərtib etdi. Növbəti gün həmin 108-ci otağa yaxınlaşmış və sübut tələb etmiş, lakin orada ona kamera görüntülərini təqdim edə bilməyəcəklərini demişlər. Sonra 406-cı otağa yaxınlaşmağı orda olan əməkdaş isə 206-cı otağa yaxınlaşmağı bildirdi. 206-cı otağa yaxınlaşmış və baş veren hadisəni danışdım. Nə YPX nin əməkdaşı nədə ki 108-ci və 206-cı otaqlarda ona qırmızı işıqda keçməyini təsdiq edən kamera görüntüsü təqdim edilmədi. Lakin bunu təsdiq edən hər hansı sübut təqdim edilmədi. YPX tərəfindən əsassız və sübutsuz olaraq 04 iyun 2023-cü il tarixli İXP ******* nömrəli protokol əsasında ******* nömrəli 5 iyul 2023-cü il tarixli qərar qəbul edilmişdir. Qanunla müəyyən olunmuş qaydada və müddətdə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, məhkəmə iclasına gəlmədiyi və səbəbini bildirmədiyi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsaslanaraq qərarından şikayət verilmiş orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılması mümkün hesab edilsin. Məhkəmə iclasında iştirak edən barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş X2, şikayətin təmin edilməsini, Bakı şəhər DYPİ-nin Müşayiət-Eskort Bölüyünün 05 iyul 2023-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhər DYPİ-nin Müşayiət-Eskort Bölüyünün TP ******* saylı, 05 iyul 2023-cü il tarixli qərarı ləğv edilməli və iş yenidən baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər DYPİ-nin Müşayiət-Eskort Bölüyünə göndərilməlidir. Belə ki, iş materiallarında olan TP ******* saylı, 05 iyul 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, xx.xx.1981-ci il təvəllüdlü ünvan 1 ünvanında qeydiyyatda olan X2, Bakı şəhəri, Salyan yolu, Dalan 4, 19b ünvanında BMW 528İ minik markalı 99VT943 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yol nişanlarının tələblərinə riayət edilməməsinə görə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətdiyinə görə barəsində 60 manat məbləğində cərimə tətbiq edilmişdir. İş üçün əhəmiyyət kəsb edən halların inzibati xəta haqqında qərarda göstərilməməsi, inzibati xəta haqqında qərar qəbul etmiş şəxsin məhkəmə iclasına dəvət olunmasına baxmayaraq gəlməməsi və hadisənin görüntülərinin barəsində inzibatə xəta haqqında protokol tərtib edilmiş şəxsə və məhkəməyə təqdim edilməməsi belə nəticəyə gəlməyə əsas verir ki, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməmişdir. Odur ki, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş yenidən araşdırılmalı və barəsində inzibati tənbeh tətbiq edilmiş şəxsin xətanı törətməsinə dair hər hansı sübut olduğu halda, göstərilməklə yenidən əsaslı qərar qəbul edilməlidir. Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 125.2.3.-cü maddəsinin tələblərinə görə inzibati xəta haqqında elektron protokol və ya inzibati xəta haqqında iş üzrə qərar ona əlavə edilmiş materiallarla birlikdə kağız daşıyıcıda çap olunaraq səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xətanın törədildiyi vaxtdan 2 gün müddətində Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verilir. Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə görə Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə səksən manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115.1.-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda qərarı çıxarmış hakimin, vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, kollegial orqanın adı və tərkibi, işin baxılması tarixi və yeri, işinə baxılan şəxs haqqında məlumat, işə baxılarkən müəyyən edilmiş hallar, inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi və inzibati xətaya görə tətbiq edilən inzibati tənbeh növü, inzibati cərimə şərti olaraq tətbiq edildikdə, hüquqpozmanın aradan qaldırılması üçün müəyyən edilmiş müddət və bu müddətdə hüquqpozma aradan qaldırıldığı təqdirdə, cərimənin ödənilməməsi barədə qeyd, iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan bu Məcəllənin müvafiq maddəsi, qərardan şikayət verilməsi müddəti və qaydası göstərilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.2-ci maddəsinə əsasən yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən həmin Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.3-cü maddəsinə görə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. İşin araşdırmalarından məhkəmə belə nəticəyə gəlir ki, barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş X1 şikayət ərizəsi qismən təmin edilməli, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhər X5 İdarəsinin Müşayiət-Eskort Bölüyünün TP ******* saylı, 05 iyul 2023-cü il tarixli inzibati xəta haqqında qərarı ləğv edilməli və iş yenidən baxılması üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhər X5 İdarəsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 125, 128-130-cu və 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş X1 şikayət ərizəsi qismən təmin edilsin. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhər X5 İdarəsinin Müşayiət- Eskort Bölüyünün TP ******* saylı, 05 iyul 2023-cü il tarixli inzibati xəta haqqında qərarı ləğv edilsin və iş yenidən baxılması üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhər X5 İdarəsinə göndərilsin. Qərarın surəti alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM: AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar