Məhkəmə qərarları › İş №3(009)-137/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-137/2023

17.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-137/2023 17.02.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi X1 iştirakları ilə, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib edilmiş 23 yanvar 2023-cü il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokola əsasən Şəxs MMC 14559,20 ABŞ dolları vəsaiti 06 yanvar 2021-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 14559,20 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmişdir. Xəta 07 yanvar 2023-cü il tarixdə hüquqi şəxsin ünvanında törədilmişdir. Bununla da, Şəxs MMC Azərbaycan Respublikasının İXM-nin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi X2 Şəxs MMC-nin barəsində başlanılmış inzibati iş üzrə icraata xitam verilməsinə etiraz etmədi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barəsində məhkəməyə məlumat verməmiş və ondan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə işə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə tərəfin izahatını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İXM-nin 430.4-cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarından görünür ki, xx.xx.2021-ci il tarixdə Şəxs MMC tərəfindən 14559,20 ABŞ dolları məbləğində qabaqcadan ödəniş etməklə xaricə köçürülmüşdür. İş materiallarında olan 06 yanvar 2021-ci il tarixdə **********4398 saylı gömrük bəyannaməsindən və bəyannamənin üzərində aparılmış qeydlərdən görünür ki, Şəxs MMC-nin Azərbaycan Respublikasından kənara köçürdüyü 14559,20 ABŞ dolları məbləğində xarici valyuta vəsaitinin müqabilində qanunla müəyyən edilmiş müddətdə müvafiq mallar ölkəyə idxal edilmişdir. İş materiallarında olan Şəxs MMC-nin Qərb Ərazi Baş Gömrük İdarəsinə ünvanlanmış məktubundan görünür ki, xx.xx.2021 tarixli, **********4398 saylı gömrük bəyannaməsinin rəsmiləşməsi zamanı tərəfimizdən təqdim edilmiş sənədlərdə olan mexaniki səhvlər nəticəsində hal-hazırda "xxxx" Bank ASC-nin Bakı filialı tərəfindən avans bağlanması həyata keçirilə bilmir. Belə ki, faktiki olaraq ********* No-li qeydiyyat kodlu, xx.xx.2020 tarixli nömrəsiz müqavilə əsasında qoşmada göstərilən bank məlumatına müvafiq əvvəlcədən tam ödəniş olduğu halda GB-də, ödəniş kodu 110 göstərilmişdir (xx.xx.2021 və xx.xx.2021 tarixlərinin hər birində 14559,2 USD məbləğ köçürüldüyündən, tərəfimizdən səhvən yalnız bir məbləğ təqdim edilmişdir. Tarixi e-customs.gov.az üzrə ********* kodu ilə qeydiyyatda olan müqaviləyə müvafiq olmaqla müəssisəyə aid olmayan müqavilə nömrəsi qeyd edilmişdir. "xxxx" ASC-nin Şəxs MMC-yə ünvanlanmış 16 fevral 2023-cü il tarixli məktubundan görünür ki, Şəxs MMC tərəfindən xx.xx.2021-ci il tarixdə avans ödəniş aparılmış və xx.xx.2021ci il tarixdə **********4398 saylı gömrük bəyannaməsi ilə mallar ölkəyə idxal olunmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs MMC tərəfindən 14559,20 ABŞ dolları məbləğində xarici valyutada olan vəsait köçürmə haqqında bank sənədinə əsasən bankda olan hesabından 06 yanvar 2021-ci il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürülmüş, həmin köçürmə üzrə 14559,20 ABŞ dolları dəyərində mallar **********4398 saylı gömrük bəyannaməsi ilə 28 yanvar 2021-ci il tarixdə, yəni qanunla müəyyən edilmiş müddətdə ölkəyə idxal edilmişdir. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətdə müvafiq mallar ölkəyə idxal edildiyi üçün Şəxs MMCnin əməlində Azərbaycan Respublikasının İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi yoxdur. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 430.4-cü maddəsinəəsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə - vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinəəsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, hazırki iş üzrə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyil. Ona görə də, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İXM-nin 430.4-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərəəsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 128-130 və 430.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar