Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1371/2025 20.06.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Cəfərov Səbuhi Mahir oğlunun katibliyi, İnzibati xəta haqqında qərar qəbul etmiş orqan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinin X6 İdarəsinin nümayəndəsi Nümayəndə3, Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş X1 iştirakları ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsinin 17 may 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından X1 şikayətinə və ona əlavə edilmiş sənədlərə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ : Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsinin 17 may 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv olunması barədə X1 şikayəti məhkəməyə daxil olmuşdur. Şikayət onunla əsaslandırılmışdır ki, təxminən bu ilin aprel ayının sonlarında tanımadığı nömrədən onun şəxsi telefonuna zəng gəldi və zəng edən şəxs özünü yol polis əməkdaşı olduğunu, onun guya “Changan Nevo Q05 MİNİK” markalı **-LG-*** nömrəli şəxsi avtomobili ilə bir neçə gün bundan əvvəl Neftçilər prospekti Kukla teatrı qarşısında avtobus zolağında hərəkət etdiyini və bunun üçün idarəyə yaxınlaşmağını bildirdi. O ona bildirmişdir ki, ümumiyyətlə o deyən tarixdə şəxsi avtomobilini həmin küçədə idarə etməmiş, yalnız xidməti avtomobillə işdə olmuşdur. Eyni zamanda bildirmişdir ki, qanunun tələblərinə görə xüsusi texniki vasitə ilə aşkar edilmiş pozuntular və onu sübut edən şəkil və video materiallar bir gün müddətində hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılan elektron kabinetdə yerləşdirilməlidir, əks təqdirdə inzibati məsuliyyətə cəlb oluna bilməz, onun isə şəxsi kabinetində pozuntu ilə bağlı heç bir məlumat yoxdur. Bundan sonra həmin şəxs dəstəyi asmışdır. Bu danışığın üstündən xeyli müddət keçəndən sonra, daha dəqiq - xx.xx.2025-ci il tarixdə elektron kabinetində (asanpay.az) İXP ******* saylı protokol yerləşdirildi və orda da qeyd edildi ki, xx.xx.2025-ci il tarixdə “Changan Nevo Q05 MİNİK” markalı **-LG-*** nömrəli avtomobillə Neftçilər prospekti, Kukla teatrı qarşısında İXM-nin 327.1-1. - 5.9, 5.10.1-5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsinə görə cərimələnmişdir. Şəkil və video bölməsinə baxmaq istədikdə, görmüşdür ki, nə şəkil, nə də video mövcuddur. Bu isə onu deməyə əsas verir ki, protokol əsassızdır. O dərhal elektron şikayət düyməsini basaraq ətraflı və əsaslı şikayətini bildirmiş, lakin bir neçə gün keçəndən sonra, yəni xx.xx.2025-ci il tarixdə barəsində qərar çıxarıldığını, 2 bal və 100 manat cərimə edildiyini görmüşdür. Bu səbəbdən məhkəməyə hazırki şikayəti etməyə qərar vermişdir. Hesab edir ki, həmin inzibati protokol və onun əsasında çıxarılan elektron qərar əsassız və qanunsuzdur. Belə ki, onun tərəfindən protokolda qeyd edilən qayda pozuntusuna yol verilməmişdir. Yəni o, 5.9, 5.10.15.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkətdə olmamışdır. Xətanı sübut edə biləcək foto və ya video materialların olmaması da bu dediklərini təsdiqləyir. Hətta qanunda nəzərdə tutulan elektron qərarın özü də indiyədək elektron kabinetinə əlavə edilməyib. Ümumiyyətlə yol polisi əməkdaşları cərimə məbləğini elektron kabinetdə qeyd etməklə işlərini yekunlaşmış bilirlər, halbuki qanunun tələbinə görə şəxsi kabinetə elektron qərar da yerləşdirilməlidir. O həmin qərarı hələ də əldə edə bilməmişdir. Bu səbbədən hazırki şikayətə əlavə olaraq qərarın yol polisindən əldə edilməsi üçün məhkəməyə vəsatət də təqdim etmişdir. Bundan başqa, hətta onun tərəfindən qayda pozuntusu olsaydı belə, yol polisi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində göstərilən müddətlərlə bağlı tələblər pozulduğundan inzibati məsuliyyətə cəlb edilə bilməzdi. Bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsi təqsirli bilərək 100 manat məbləğində cərimə edilmişdir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsinin 17 may 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinin X6 İdarəsinin nümayəndəsi Nümayəndə2 26 may 2025-ci il tarixli etirazından görünür ki, barəsində qərar çıxarılmış X3 şikayətlə məhkəməyə müraciət edərək barəsində xx.xx.2025-ci il tarixli XP ******* saylı protokol və onun əsasında çıxarılmış inzibati cərimə olunması barədə xx.xx.2025-ci il tarixli qərarın ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bununla bağlı bildirmişdir ki, Elvin Bəşirovun göstərdikləri tam əsassızdır ona görə ki, onun törətdiyi qayda pozuntusu barədə ərazidə xidmət aparan YPX inspektoru tərəfindən aşkar edilmiş lakin saxlaya bilmədiyindən raportla müraciət edərək tədbir görülməsini xahiş etmiş, vəzifəli şəxs tərəfindən aparılan araşdırma zamanı Elvin Bəşirovla əlaqə yaradılmış lakin o gəlməyəcəyini bildirmiş və kabinetə yüklənməsini istəmişdir. Göründüyü kimi bu qayda pozuntusu (inzibati xəta) İnzibati Xətalar Məcəlləsinin 99.1.1-ci maddəsinə əsasən bilavasitə vəzifəli şəxs tərəfindən aşkar edildiyindən kabinetə yerləşdirilməsi məcburiliyi qeyd edilməmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq Elvin Bəşirovun şikayəti əsassız olduğundan təmin edilməməsi barədə qərar qəbul olunmasınıxahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş X3 izahatında bildirmişdir ki, heç bir inzibati xəta törətməmiş, nizamlayıcının göstərişinə əməl etmişdir. Yekun olaraq, şikayətin təmin olunmasını, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsinin 17 may 2025-ci il tarixli qərarının ləğv olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında inzibati xəta haqqında qərar qəbul etmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinin X6 İdarəsinin nümayəndəsi Nümayəndə3 məhkəməyə videogörüntü təqdim etmişdir və barəsində inzibati tənbeh tətbiq edilən şəxs X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddələrinin tələblərini pozduğunu və bu səbəbdən şikayətin əsassız hesab olunaraq təmin olunmamasını xahiş etmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsinin 17 may 2025-ci il tarixli qərarı ləğv edilməli və iş yenidən baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsinə göndərilməlidir. İş materiallarına əlavə olunmuş videogörüntüyə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, Kukla teatrı yaxınlığında nizamlayıcı (yol polisi əməkdaşı) hərəkətin intensiv olması səbəbilə nəqliyyat vasitələrinin hərəkətini canlı olaraq tənzimləyir. “Changan Nevo Q05 MİNİK” markalı, 10LG902 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin idarəçisi X3 nizamlayıcının göstərişinə əməl edərək avtobus zolağına daxil olur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 60-cı maddəsinin İ bəndinə əsasən svetoforun və nizamlayıcının siqnallarının yerinə yetirilməsi yol iştirakçıları üçün məcburidir. Həmin maddənin V bəndinə əsasən nizamlayıcının siqnalları və göstərişləri svetoforun siqnallarına, yol nişanlarının və nişanlama xətlərinin tələblərinə zidd olduqda belə, sürücülər və piyadalar bu siqnallara və göstərişlərə əməl etməlidirlər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsinə əsasən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun yol verdiyi hallar istisna olmaqla, 5.9, 5.10.1–5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsinə görə yüz manat məbləğində cərimə edilir. İş üçün əhəmiyyət kəsb edən halların inzibati xəta haqqında qərarda göstərilməməsi belə nəticəyə gəlməyə əsas verir ki, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməmişdir. Odur ki, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş yenidən araşdırılmalı və barəsində inzibati tənbeh tətbiq edilmiş şəxsin xətanı törətməsinə dair hər hansı sübut olduğu halda, göstərilməklə yenidən əsaslı qərar qəbul edilməlidir. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs, törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərə və yaxud hərəkətsizliyə onun tərəfindən yol verilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. X2 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 115.1.-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda qərarı çıxarmış hakimin, vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, kollegial orqanın adı və tərkibi, işin baxılması tarixi və yeri, işinə baxılan şəxs haqqında məlumat, işə baxılarkən müəyyən edilmiş hallar, inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi və inzibati xətaya görə tətbiq edilən inzibati tənbeh növü, inzibati cərimə şərti olaraq tətbiq edildikdə, hüquqpozmanın aradan qaldırılması üçün müəyyən edilmiş müddət və bu müddətdə hüquqpozma aradan qaldırıldığı təqdirdə, cərimənin ödənilməməsi barədə qeyd, iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan bu Məcəllənin müvafiq maddəsi, qərardan şikayət verilməsi müddəti və qaydası göstərilir. 125.2.3.-cü maddəsinin tələblərinə görə inzibati xəta haqqında elektron protokol və ya inzibati xəta haqqında iş üzrə qərar ona əlavə edilmiş materiallarla birlikdə kağız daşıyıcıda çap olunaraq səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xətanın törədildiyi vaxtdan 2 gün müddətində Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verilir. 126.2-ci maddəsinə əsasən yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. 134.1.4-cü maddəsinə əsasən həmin Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. 135.1.3-cü maddəsinə görə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. İşin araşdırmalarından məhkəmə belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında qərar qəbul olunmuş X1 şikayəti qismən təmin edilməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsinin 17 may 2025-ci il tarixli qərarı ləğv edilməli və iş yenidən araşdırılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 125, 128-130-cu və 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : Barəsində inzibati xəta haqqında qərar qəbul olunmuş X1 şikayəti qismən təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsinin 17 may 2025-ci il tarixli inzibati xəta haqqında qərarı ləğv edilsin və iş yenidən araşdırılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsinə göndərilsin. Qərarın surəti alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM: AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №3(009)-1371/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1371/2025
20.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver