Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1377/2021 30.06.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi Məmmədova Narqələm Bayram qızının katibliyi ilə xx.xx.1956-cı ildə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Bakı şəhər Səbail rayon Polis İdarəsinin 41-ci Polis Bölməsindən daxil olmuş materiallara baxaraq... MÜƏYYƏN ETDİ: 16.11.2020-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərara əsasən toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmiş, vətəndaş Şəxs AR İXM-nın 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi məqsədilə qəbul edilmiş qərar icra olunması üçün 41 saylı polis bölməsinə göndərilmişdir. Bakı şəhər Səbail rayon Polis İdarəsinin 41-ci Polis Bölməsi tərəfindən tərtib edilmiş 29.06.2021-ci il tarixli MN №1101224 seryialı inzibati xəta haqqında protokola əsasən Şəxs nəvəsi Şəxs Elşad qızını döyərək ona dərəcəsi təyin edilməyən xəsarətlər yetirmişdir. Bununla da Şəxs AR İXM-nın 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Məhkəmə iclasında ifadəsi alınmış Şəxs özünü inzibati xəta törətməkdə təqsirli bilməyərək göstərmişdir ki, ona şər atırlar, oğlu gəlini boşadığı üçün yalandan polisə şikayət etmişlər. O nəvəsini vurmamış və ona xəsarət yetirməmişdir. Məhkəmə iclasında izahatı alınmış qanuni nümayəndəsi – anası X1 iştirakı ilə dindirilmiş yetkinlik yaşına çatmayan zərərçəkmiş şəxs Şəxs Elşad qızı göstərmişdir ki, nənəsi Şəxs 2020-ci ilin noyabr ayında onun qolundan tutmuş və əlindəki açar topası ilə belinə xəsarət yetirmişdir. O tibbi müayinədən keçmiş və xəsarətin olması təsdiq olunmuşdur. Nənəsi ilə barışmır. Məhkəmə inzibati xəta haqqında toplanmış materialları araşdıraraq hesab edir ki, Şəxs əməlində AR İXM-nın 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcuddur, onun özünü inzibati xəta törətməkdə təqsirli bilməməsi özünümüdafiə xarakteri daşıyır və məsuliyyətdən yayınmaq məqsədi güdür. Lakin məhkəmə inzibati məsuliyyətə cəlb etmə müddətinin keçməsini nəzərə alaraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. İş üzrə 16.11.2020-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarında istinad edilən məhkəmə-tibbi ekspertizanın 608 saylı 05.11.2020-ci il tarixli rəyindən müəyyən edilir ki, 2006-cı il təvəllüdlü Şəxs Elşad qızının bədənində müəyyən edilmiş xəsarətlər – sağ kürək nahiyyəsinin qançırı və qançır fonunda sıyrığı küt əşyanın təsirindən törənmişdir. 03.11.2020-ci il tarixdə qeyd olunan nahiyəyə ovucunda açar tutduğu yumruqla vurma nəticəsində əmələ gələ bilərdi. Dərəcəsi təyin edilmir. AR İXM-nın 38.3-cü madəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Həmin Məcəllənin 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda, iş üzrə icraata xitam verilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs ilə nəvəsi arasında münaqişə 2020-ci ilin noyabr ayında baş vermiş və həmin münaqişə ilə əlaqədar təhqiqat orqanı tərəfindən 16.11.2020-ci il tarixdə cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edildikdən 7 ay sonra inzibati xəta haqqında protokol tərtib edilmiş və məhkəməyə göndərilmişdir. İş materiallarında inzibati iş üzrə icraatın təzələnməsi barədə qərardadın 29.06.2021-ci il tarixdə qəbul edilməsi müəyyən edilir. Lakin 16.11.2020-ci il tarixli qərar Şəxs barəsində inzibati araşdırma aparılıb müvafiq protokol tərtib edilməsi üçün polis bölməsinə göndərildikdən sonra bölmə tərəfindən həmin iş üzrə inzibati araşdırma aparılması barədə qərardad 28.11.2020-ci il tarixdə qəbul edilmişdir. Həmin vaxtdan sonra aparılan araşdırmaya dair icraatın dayandırılması barədə hər hansı bir qərardad qəbul edilməmiş və bunu təsdiq edən hər hansı sübut iş materiallarına əlavə edilməmişdir. Beləliklə məhkəmə hesab edir ki, AR İXM-nın 38-ci maddəsində nəzərdə tutulmuş müddət keçdikdən sonra inzibati protokol tərtib edildiyindən, bununla da Şəxs inzibati məsuliyyətə cəlb edilməsi üçün AR İXM-nın 38.3-ci maddəsində nəzərdə tutulmuş müddət keçdiyindən, iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38, 53 və 114- 115-ci maddələrini rəhbər tutaraq məhkəmə… QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və AR İXM-nın 38.3 və 53.1.6-cı maddələrinə əsasən inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyi üçün başlanılmış inzibati xəta haqqında icraata xitam verilsin. Qərardan 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Şahin Abdullayev
Məhkəmə qərarları › İş №3(009)-1377/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1377/2021
30.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver