Məhkəmə qərarları › İş №3(009)-1382/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1382/2020

07.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1382/2020 07.08.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Məmmədov Azər Rasim oğlunun katibliyi ilə, “X3” Şirkətinin Azərbaycan Respublikasındakı Filialının Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və X1 Şöbəsi tərəfindən tərtib edilmiş protokollara və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: “X3” Şirkətinin Azərbaycan Respublikasındakı Filialının Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və X1 Şöbəsi tərəfindən tərtib edilmiş xx xxxx 2020-ci il tarixli 00100-1419/20 və xx xxxx 2020-ci il tarixli 00100-1426/20 nömrəli inzibati xəta haqqında protokollar və ona əlavə edilmiş materiallar aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. xx xxxx 2020-ci il tarixli 00100-1419/20 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, “X3” Şirkətinin Azərbaycan Respublikasındakı Filialının (VÖEN **********) ünvanına İtalya Respublikasının “Prysman Cavi e Sistemi İtalia S.R.L” şirkətindən 34HH3069/33ABS883 nömrə nişanlı yük avtomaşını ilə xx xxxx 2020-ci il tarixdə saat 23:43-də Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postundan keçməklə Azərbaycan Respublikasının gömrük ərazisinə daxil olmuş mallar **********4196 sorğu nömrəli xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsi ilə Bakı Baş Gömrük İdarəsində bəyan edilmiş, lakin sözü gedən mallar Azərbaycan Respublikasının gömrük ərazisinə gətirməzdən əvvəl Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinin tələblərinə riayət edərək gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsinin verilmədiyi müəyyən edilmişdir. xx xxxx 2020-ci il tarixli 00100-1426/20 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, “X3” Şirkətinin Azərbaycan Respublikasındakı Filialının (VÖEN **********) ünvanına İtalya Respublikasının “X2 Flow Control S.P.A” şirkətindən 34HH3069/33ABS883 nömrə nişanlı yük avtomaşını ilə xx xxxx 2020-ci il tarixdə saat 23:43-də Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postundan keçməklə Azərbaycan Respublikasının gömrük ərazisinə daxil olmuş mallar **********4224 və **********4345 sorğu nömrəli xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsi ilə Bakı Baş Gömrük İdarəsində bəyan edilmiş, lakin sözü gedən mallar Azərbaycan Respublikasının gömrük ərazisinə gətirməzdən əvvəl Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinin tələblərinə riayət edərək gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsinin verilmədiyi müəyyən edilmişdir. Protokol tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə və barəsində inzibati xət haqqında protokol tərtib edilmiş “X3” Şirkətinin Azərbaycan Respublikasındakı Filialına məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin, protokol tərtib etmiş qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və tərəflərindən işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş qurumun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki “X3” Şirkətinin Azərbaycan Respublikasındakı Filialının Azərbaycan Respublikasının İXM-nin 485.2-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “Sahil” gömrük postunun rəisi tərəfindən tərtib edilmiş raportdan görünür ki, “X3” Şirkətinin (**********) ünvanına xx.xx.2020-ci il tarixində 34HH3069/33ABS883 nömrəli yük nəqliyyat vasitəsi ilə ölkə ərazisinə daxil olmuş və **********4196 saylı GB ilə bəyan olunan yüklər üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 22 iyul tarixli 263 nömrəli qərarı ilə təsdiq edilmiş “Gömrük sərhəddindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları”nın 10.1.3-cü maddəsində göstərilmiş qısa idxal bəyannaməsinin təqdim edilmədiyi müəyyən edilmişdir. (bununla əlaqədar məsələnin araşdırılması üçün müvafiq şöbəyə göstəriş verməsi xahiş edilmişdir). İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “Sahil” gömrük postunun rəisi tərəfindən tərtib edilmiş raportdan görünür ki, “X3” Şirkətinin (**********) ünvanına xx.xx.2020-ci il tarixində 34HH3069/33ABS883 nömrəli yük nəqliyyat vasitəsi ilə ölkə ərazisinə daxil olmuş və **********4224 saylı GB ilə bəyan olunan yüklər üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 22 iyul tarixli 263 nömrəli qərarı ilə təsdiq edilmiş “Gömrük sərhəddindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları”nın 10.1.3-cü maddəsində göstərilmiş qısa idxal bəyannaməsinin təqdim edilmədiyi müəyyən edilmişdir. (bununla əlaqədar məsələnin araşdırılması üçün müvafiq şöbəyə göstəriş verməsi xahiş edilmişdir). İş materiallarında olan xx.xx.2020-ci il tarixli **********4224 nömrəli gömrük bəyənnaməsindən görünür ki, “X3” Şirkətinin (VÖEN **********) ünvanına İtaliya Respublikasının “Prysman Cavi e Sistemi İtalia S.R.L” şirkətindən 6661,093 kq, 80 V-dan çox, lakin 1000-dan az gərginlik üçün nəzərdə tutulmuş naqillər – PG – 1R03 İnstrument Cable 300/500V 1 Tr x 2.5 mm – uzunluğu 4584 metr, PG-T03 İnstrument Cable 300/500V 7 Tr x 2.5 mm – uzunluğu 2021 metr yüklər ölkə ərazisinə daxil olmuşdur. Lakin idxalatçı tərəfindən qısa idxal bəyannaməsi tərtib edilmədiyi üçün **********4224 saylı gömrük bəyannaməsinin 40-cı qrafasında da bu barədə qeydiyyat aparılmamışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli **********4345 nömrəli gömrük bəyənnaməsindən görünür ki, “X3” Şirkətinin (VÖEN **********) ünvanına İtaliya Respublikasının “X2 Flow Control S.P.A” şirkətindən 701,00 kq, qara metallardan borular üçün nəzərdə tutulmuş flanslar (komplektləşdirici hissələr ilə dəst şəkilində) – HUB 12 “BİST M106 F65 STD – 6 ədəd, Seal 106 12” STD GR630 – 33 ədəd yüklər ölkə ərazisinə daxil olmuşdur. Lakin idxalatçı tərəfindən qısa idxal bəyannaməsi tərtib edilmədiyi üçün **********4345 saylı gömrük bəyannaməsinin 40-cı qrafasında da bu barədə qeydiyyat aparılmamışdır. İş materiallarından müəyyən edilir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsində barəsində icraat aparılan “X3” Şirkətinin nümayəndəsinin iştirakı təmin edilmiş və cəmiyyətin nümayəndəsi inzibati xətanın törədilməsini etiraf etmişdir. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “X3” Şirkəti Azərbaycan Respublikasının İXM-nin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113-cü maddəsinin 1-ci bəndinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur. “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə Qaydalarının” təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx xxx 2016-cı il tarixli 920 nömrəli Fərmanının 2.2-ci bəndinə əsasən qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan zəruri olan məlumatlar əks etdiriməli və malların gömrük sərhədini keçməsindən ən azı 1(bir) saat əvvəl verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 485.2-ci madədsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə - vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Məhkəmə törədilmiş inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, “X3” Şirkəti Azərbaycan Respublikasının İXM-nin 485.2-ci maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 18, 40, 43, 114- 115 və 485.2-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: “X3” Şirkəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində 1500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə tətbiq edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar