Məhkəmə qərarları › İş №3(009)-1388/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1388/2021

14.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1388/2021 14.07.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi ilə, xx xxxxxx 1986-cı il tarixdə Cəbrayıl rayonunun Maşanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, Cəbrayıl rayonunun Maşanlı kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Şəxs qızının Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 377-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs qızının Azərbaycan Respublikası İXM-nin 377-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidməti tərəfindən tərtib edilmiş 22 iyun 2021-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitəni satış məqsədi olmadan əldə etmiş və həmin vasitə AR DİM tərəfindən 19.02.2021-ci ildə İnzibati rəhbər vəzifələrin AC qrupu üzrə Bakı şəhəri, A.Salamzadə küçəsi 28-də təşkil edilmiş test imtahanında onun üzərində aşkar edilmişdir. Nəticədə Şəxs qızı tərəfindən Azərbaycan Respublikasının İXM-nin 377-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs qızına və İnzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqana (nümayəndəsinə) məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişlər. Məhkəmə işə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs qızının və səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs qızının Azərbaycan Respublikasının İXM-nin 377-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin 24 fevral 2021-ci il tarixli, 01/05-08/0430 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən inzibati rəhbər (idarəetmə) vəzifələrin AC qrupu üzrə 19.02.2021-ci il tarixdə ünvan 2 ünvanında keçirilən test imtahanına Şəxs tərəfindən (doğum tarixi: xx.xx.1986-cı il) qadağan edilmiş ötürücü qurğu gətirilməsi halı aşkar edilmişdir. Ü.l.Sadıxova imtahandan xaric edilmişdir. İş materiallarında olan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qızının izahatından görünür ki, o, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin Hüquq şöbəsinin məhkəmələrlə iş sektrunun baş məsləhətçisi vəzifəsində işləyir. 2020-ci ilin sonlarında həyat yoldaşını dinləmək məqəsdilə xatırlamadığı instagram səhifəsindən səsdinləmə vasitəsi əldə etmişdir. Həmin vasitəni ona çatdıran şəxsin nömrəsini və şəxsiyyətini xatırlamır. 19.02.2021-ci il tarixdə DİM tərəfindən inzibati rəhbər vəzifələr üçün keçirilən test imtahanında qeyd edilən qurğu üzərində aşkarlanmış və imtahandan xaric edilmişdir. Təsadüfən üzərində qalmış, imtahanda istifadə etmək niyyəti olmamışdır. Qurğu aşkarlandıqdan sonra DİM işçisi tərəfindən müvafiq akt tərtib edildi və qurğu ondan götürüldü. O da aktı öz imzası ilə təsdiq etmişdir. Əməlindən peşmandır. Həmin qurğunun istifadə olunmasının qanunsuz olduğundan xəbərsiz olmuşdur. İş materiallarında olan imtahan binasında elektron cihaz aşkar olunması haqqında aktdan görünür ki, Şəxs qızı həqiqətən imtahan binasına elektron ötürücü qurğu gətirdiyini bildirmişdir. Akt Şəxs qızı və imtahan rəhbəri tərəfindən imzalanmışdır. Beləliklə, məhkəmə iclasında Şəxs gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələri satış məqsədi olmadan qanunsuz əldə etməsi və ondan istifadə etməsi iş materialları, özünün izahatı və məhkəmə iclasında tədqiq edilmiş digər sübutlarla təsdiq edilir. Bununla da müəyyən olunur ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 377-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İXM-nin 377-ci maddəsinə əsasən gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələri satış məqsədi olmadan qanunsuz əldə etməyə görə -gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələr müsadirə edilməklə, iki yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsinin Vİİİ hissəsinə əsasən bu Qanunla müvəkkil edilməmiş fiziki və hüquqi şəxslər tərəfindən əməliyyat-axtarış tədbirlərinin aparılması, habelə gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən (yəni əməliyyat-axtarış tədbirləri çərçivəsində informasiyanın gizli yolla əldə olunması məqsədilə xüsusi olaraq yaradılmış, işlənib hazırlanmış, istehsal olunmuş, proqramlaşdırılmış, təkmilləşdirilmiş avadanlıqlar, cihazlar, qurğular, ləvazimatlar və digər texniki vasitələr) istifadə olunması qadağandır. “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsinin İX hissəsinə əsasən gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələr mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyalara aiddir. Əməliyyataxtarış fəaliyyətinin həyata keçirilməsinə müvəkkil edilməmiş fiziki və hüquqi şəxslər tərəfindən onların istehsalı, satışı, əldə edilməsi, ölkəyə gətirilməsi və ölkədən çıxarılması yalnız qanunvericiliklə müəyyən edilmiş qaydada verilən xüsusi icazə əsasında həyata keçirilə bilər Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 12 sentyabr tarixli 292 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların dövriyyəsinə xüsusi icazə verilməsi Qaydaları”nın 2 saylı Əlavəsində göstərilmiş siyahının 12 –ci bəndinə əsasən Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrə xüsusi icazə verən mərkəzi icra hakimiyyəti orqanı Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti (rabitə şəbəkələrindən gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrə münasibətdə Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti) müəyyən edilmişdir. Məhkəmə, törədilmiş xətanın xarakterini və hallarını, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini, inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs qızının barəsində Azərbaycan Respublikasının İXM-nin 377-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməli və gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələr müsadirə edilməklə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə təhvil verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 25, 26, 40, 43, 114- 115, 128-130 və 377-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs qızı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 377-ci maddəsi ilə təqsirli bilinsin və gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələr müsadirə edilməklə 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Müsadirə edilmiş gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə təhvil verilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar