Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-14/2025 15.01.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Əsgərova Sübhə Hüsən qızının katibliyi ilə, Şikayətçinin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, DİN BDYPİ-nin 17 noyabr 2024-cü il tarixli, EQ 24652976 nömrəli inzibati tənbeh vermə haqqında qərarından saylı inzibati tənbeh vermə haqqında elektron qərarından X5 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 nümayəndəsi Nümayəndə1 şikayətlə məhkəməyə müraciət edərək DİN BDYPİnin 17 noyabr 2024-cü il tarixli, EQ 24652976 saylı inzibati tənbeh vermə haqqında elektron qərarının ləğv edilməsini və inzibati xəta haqqında işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsini onunla əsaslandırmışdır ki, o avtomobilini xx.xx.2024-cü il tarixdə texniki baxışı keçirtmək istəyən zaman, DİN BDYP İdarəsinin əməkdaşları tərəfindən ona bildirildi ki, AYNA-nə 294 manat məbləğində cərimə borcu var və bununla əlaqədər texniki baxışdan avtomobili buraxıla bilməz. Araşdırma zamanı məlum olmuşdur ki, həmin protokollar BNA və AYNA tərəfindən 2019-2023-cü illlərdə tərtib olunmuşdur. Odur ki, bu protokolların bəzilərindən xəbəri olmayıb, bəzilərinin ləğv edilməsi barədə AYNA əməkdaşlardan məlumat alıb. Lakin, buna baxmayaraq həmin cərimələr ləğv olunmamış, bazada durur. BNA və AYNA parklanma üzrə öz fəaliyyətini başladıqda o dərhal həmin aqentliklərə müraciət etmiş, yaşadığı ünvanda parkinq yeri istəmiş, ancaq naməlum səbəbdən parklama yeri ayrılması vaxtı uzadılmış, əvəzinə cərimələri yazmışdılar. Bu imtinanı onunla əsaslandırmışdılar ki, onun etibarnaməsi ləğv olunmuşdur. Bununla əlaqədar 44 saylı notariat kontoruna müraciət etmiş, rəsmi arayış almışdır ki, həmin müddət ərzində arvadı Əbdüləzimova Bənovşa tərəfindən avtomobilə qarşı ona verilmiş etibarnamə qüvvədədir. Bu barədə dəfələrlə AYNA əməkdaşlarına bildirmiş, sənədi onlara təqdim etmişdir. Buna baxmayaraq, AYNA əməkdaşları onu məcbur etmişdilər ki, yeni etibarnamə alım. Ancaq bundan sonra, ona avtomobili üçün parklama yeri vermişdilər. Bu cərimələrin silinməsi ilə bağlı, texniki baxışdan cərimə ödəməmiş keçmək icazə verilməsi və məhkəməyə müraciət etmək istədiyi barədə xx.xx.2024-cü il tarixdə, xx.xx.2024-cü il tarixdə və digər tarixlərdə dəfələrlə AR DİN BDİPİ-nin rəhbərliyinə müraciət etmişdir. Ancaq bu günə kimi heç bir rəsmi cavab verilməyib. 17 noyabr 2024-cü il tarixli, EQ 24652976 inzibati tənbeh vermə haqqında elektron qərarının ləğv edilməsini və inzibati xəta haqqında işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X1 nümayəndəsi Nümayəndə1 şikayət ərizəsinə uyğun izahat verərərk, DİN BDYPİ-nin 17 noyabr 2024-cü il tarixli, EQ 24652976 saylı inzibati tənbeh vermə haqqında elektron qərarının ləğv olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş orqanın səlahiyyətli nümayəndəsinin məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə şikayətə inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş orqanının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, şikayətçi idarə etdiyi nəqliyyat vasitəsini texniki baxışdan öz təqsiri ücbatından deyil, ona parklanma qaydalarının pozulması ilə bağlı əsassız tərtib olunan tənbeh qərarlarının mövcudluğundan keçirə bilməmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, X4 əməlində inzibati xəta tərkibi olmamışdır. Bununla da, məhkəmə proses iştirakçısının izahatını dinləyib, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Azərbaycan Respublikasının Konstiusiya Məhkəməsinin İş materiallarına əlavə edilmiş DİN BDYPİ-nin 17 noyabr 2024-cü il tarixli, EQ 24652976 saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 339.1.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 50 manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarında olan Nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında xx.xx.2018-ci il tarixli, ƏN-Vİ № 581304 saylı və xx.xx.2023-cü il tarixli, ƏN-Vİ № 812214 saylı etibarnamədən görünür ki, X3 məxsus dövlət qeydiyyat nişanı 99FB425 nömrəli “Chevrolet Epica” markalı nəqliyyat vasitəsi idarə edilməsi üçün xx.xx.2026-ci il tarixədək Nümayəndə1 etibar edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 339.1.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etməyə görə - əlli manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Plenumu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətalara münasibətdə həmin Məcəllənin 38.1-ci maddəsinin inzibati məsuliyyətə cəlb etmə müddətləri baxımından şərh edilməsinə dair 2019-cu il 19 dekabr tarixli Qərarında qeyd etmişdir ki, İnzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Belə ki, işin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən müəyyən edilir ki, X4 əməlində inzibati xəta tərkibi olmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində qərar X4 əməlində inzibati xəta tərkibi olmadığından X4 verdiyi şikayət təmin edilməli və DİN BDYPİ-nin 17 noyabr 2024-cü il tarixli, EQ 24652976 saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53,112,114,126,128-134-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X2 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 339.1.1-ci maddəsi ilə qəbul edilmiş DİN BDYPİ-nin 17 noyabr 2024-cü il tarixli, EQ 24652976 saylı İnzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. DİN BDYPİ-nin 17 noyabr 2024-cü il tarixli, EQ 24652976 saylı İnzibati tənbeh vermə haqqında qərarı əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Mərkəzi İnformasiya sistemində X4 barəsində yerləşdirilmiş inzibati cərimə silinsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №3(009)-14/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-14/2025
15.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver