Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-140/2022 10.02.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X4 qızının katibliyi, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndəsi X3, Səbail Rayon İcra Şöbəsinin icra məmuru Vasif Həsənlinin, tələbkar "xxxx" Firmasının nümayəndəsi X1 iştirakları ilə, Bakı Şəhər İcra Hakimiyyəti barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Səbail Rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara baxaraq, məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ : Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin 2-1(81)- 71/2014 saylı, 28.04.2014-cü il tarixli icra sənədinə əsasən ünvan 1 ünvana uyğun ərazidə 20 kv.m qeyri-yaşayış sahəsınin tələbkar "xxxx" firmasına verilməsi vəzifəsi borclu Bakı şəhər İcra Hakmiyyətinə həvalə edilmişdir. ilə Səbail Rayon İcra Şöbəsindən Bakı Şəhər İcra Hakimiyyəti barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol daxil olmuşdur. MN ******* saylı, 14.01.2022-ci il tarixli inzibati xəta haqqında protokol onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 71/2014 saylı, 28.04.2014-cü il tarixli icra sənədinə əsasən ünvan 1 ünvana uyğun ərazidə 20 kv.m qeyri-yaşayış sahəsınin tələbkar "xxxx" firmasına verilməsi vəzifəsi borclu Bakı şəhər İcra Hakmiyyətinə həvalə edilmişdir. İcra vərəqəsi 16.09.2015-ci il tarixdə şöbənin icraatına daxil olmuş, müvafiq qərarla icraata başlanılmış, tələbin könüllü icrası ilə bağlı bildiriş borcluya göndərilmişdir. Bakı şəhər İcra Hakmiyyətindən şöbəyə daxil olmuş 30.11.2015-ci il tarixli məktubda dövlətə məxsus qeyri-yaşayış sahələri üzərində sərəncam vermək səlahiyyətinin Əmlak Məsələləri Dövlət Komitəsinə məxsus olduğu nəzərə alınaraq "xxxx" firmasına sökülmüş həmin ünvanın yaxınlığında sahəsi 20 kv.m olmaqla başqa qeyri-yaşayış sahəsinin verilməsində köməklik göstərilməsi üçün məktubla müraciət olunduğu qeyd edilmişdir. Əmlak Məsələləri Dövlət Komitəsinin 19 noyabr 2015-ci il tarixli cavab məktubunda "xxxx" firmasına əvvəlki ünvana yaxın ərazidə qeyri-yaşayış sahəsi verilməsi məqsədi ilə araşdırılmalar aparıldığı, lakin mülkiyyətçinin tələbinə uyğun boş və istifadəsiz qeyri-yaşayış sahəsinin müəyyən edilməsinin mümkün olmadığı göstərilmişdir. İcra sənədinin icrası könüllü icra müddəti ərzində təmin edilmədiyindən icra məmuru tərəfindən borcluya müxtəlif tarixlərdə xəbərdarlıq məktubları göndərilmişdir. Bütün bunlara baxmayaraq bu günədək borclu dövlət orqanı tərəfindən tələb təmin edilməmişdir. Sonuncu olaraq 07 sentyabr 2021-ci il tarixdə borclu Bakı şəhər İcra Hakimiyyətinə xatırlatma məktubu göndərilmiş və icra sənədi üzrə təyin edilən tələbin təmini istiqamətində görülən son tədbirlər barədə məlumat verilməsi xahiş edilmişdir. Bakı şəhər İcra Hakimiyyəti müxtəlif vaxtlarda eyni məzmunlu cavablar verərək icra sənədinin icrasından yayınmışdır. Bununla da borclu dövlət orqanı Bakı şəhər İcra Hakimiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Səbail Rayon İcra Şöbəsinin icra məmuru Vasif Həsənli, borclu Bakı Şəhər İcra Hakimiyyəti barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolu müdafiə edərək, Bakı Şəhər İcra Hakimiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasına uyğun olaraq inzibati tənbeh tətbiq edilməsi barədə qərar qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən tələbkar "xxxx" Firmasının nümayəndəsi X2 borclu Bakı Şəhər İcra Hakimiyyəti barəsində inzibati tənbeh tətbiq edilməsi barədə qərar qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Bakı şəhər İcra Hakimiyyətinin nümayəndəsi X6 dövlətə məxsus qeyri-yaşayış sahələri üzərində sərəncam vermək səlahiyyətinin Əmlak Məsələləri Dövlət Komitəsinə məxsus olduğu nəzərə alınaraq icra sənədinin üzrlü səbəbdən icra olunmadığını bildirərək, Bakı şəhər İcra Hakimiyyəti barəsində olan inzibati xətaya dair iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq və tərəfləri dinləyərək belə nəticəyə gəlir ki, Bakı Şəhər İcra Hakimiyyətinin barəsində olan iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən Səbail Rayon İcra Şöbəsinə ünvanlanmış 09 aprel 2018-ci il tarixli məktubda qeyd edilir ki, dövlətə məxsus qeyri-yaşayış sahələri üzərində sərəncam vermək səlahiyyətinin Əmlak Məsələləri Dövlət Komitəsinə məxsus olduğu nəzərə alınaraq, "Nurlan-K” firmasına ünvan 1 ünvanında sökülmüş 19,8 kv.m qeyri-yaşayış sahəsinin əvəzinə həmin ünvanın yaxınlığında sahəsi 20 kv.m olmaqla başqa qeyri-yaşayış sahəsinin verilməsində köməklik göstərilməsi üçün Bakı Şəhər İcra Hakimiyyətinin 27.10.2015-ci il tarixli, 7-4556/17 saylı məktubu ilə Əmlak Məsələləri Dövlət Komitəsinə müraciət olunmuşdur. Əmlak Məsələləri Dövlət Komitəsinin 19.11.2015-ci il tarixli, **********37 saylı cavab məktubunda bildirilir ki, "xxxx" firmasına əvvəlki ünvana yaxın ərazidə qeyri-yaşayış sahəsi verilməsi məqsədilə araşdırmalar aparılmış, lakin mülkiyyətçinin tələbinə uyğun boş və istifadəsiz qeyri-yaşayış sahəsinin müəyyən edilməsi mümkün olmamışdır. Ona görə də bu günədək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 28.04.2014-cü il tarixli, 71/2014 saylı icra vərəqəsinin icrası mümkün olmamışdır. Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən Səbail Rayon İcra və Probasiya şöbəsinə ünvanlanmış 09.07.2021-ci il tarixli məktubda qeyd olunmuşdur ki, 1 saylı Bakı İnzibatiiqtisadi Məhkəməsinin 2inz(81)-71/2014 saylı 28.04.2014-cü il tarixli icra sənədinə əsasən ünvan 5 ünvana uyğun ərazidə 20,0 kv. metr qeyri-yaşayış sahəsinin tələbkar "xxxx" firmasına verilməsi vəzifəsi Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinə həvalə edilməmiş və mövcud qanunvericiliyə əsasən daşınmaz dövlət əmlakına aid qeyri-yaşayış sahələri üzərində sərəncam verilməsi digər dövlət qrumu tərəfindən həyata keçirildiyindən adıçəkilən məhkəmə qərarının Departament tərəfindən icrası mümkün olmamışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Bakı Şəhər İcra Hakimiyyətinə ünvanlanmış 24 noyabr 2021-ci il tarixli məktubda ünvan 7 ünvanında yerləşən "xxxx" firmasına icarəyə verilmiş 19,7 kv. metr qeyri-yaşayış sahəsi icarəçi tərəfindən 28.07.2006-cı il tarixində özəlləşdirilmişdir. Hazırda məhkəmə qətnaməsinə əsasən "xxxx" firmasına özəlləşdirdiyi qeyri-yaşayış sahəsinin yerləşdiyi ərazidə Xidmətin sərəncamında olan boş və istifadəsiz qeyri-yaşayış sahəsi mövcud deyildir. Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin 12 may 2020-ci il tarixli, 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nin 3.0.14-cü bəndinə əsasən Xidmət yalnız dövlət orqanlarının (qurumlarının) yerləşdirilməsi barədə təkliflər verir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair 4 sentyabr 2018-ci il tarixli qərarında göstərilmişdir ki, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. Göründüyü kimi, bu maddənin tərkibi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilmədiyi və ya onun tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin məhz üzrsüz səbəbdən icra edilmədiyi hallarda yaranır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, borclu Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin 2-1(81)-71/2014 saylı, 28.04.2014-cü il tarixli icra sənədinin icrası ilə əlaqədar sorğular verilmiş, müraciətlər edilmişdir. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin 2-1(81)-71/2014 saylı, 28.04.2014-cü il tarixli icra sənədinin icra olunmaması üzrlü səbəbdən olmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Adı çəkilən Konstitusiya Məhkəməsinin Plenumu həmçinin onu da qeyd etmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilibtörədilməməsini və digər mühüm halları araşdırmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə görə məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Bakı Şəhər İcra Hakimiyyətinin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığı üçün onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.2, 105 və 115-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Bakı Şəhər İcra Hakimiyyəti əməlində inzibati xəta tərkibi olmadığından barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №3(009)-140/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-140/2022
10.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver