Məhkəmə qərarları › İş №3(009)-1404/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1404/2021

04.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1404/2021 04.10.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Qəribli Günel Adil qızının katibliyi, Barəsində inzibati tənbehvermə barədə qərar çıxarılmış şəxs X4 nümayəndəsi və vəkili X3, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı Şəhər İdarəsinin nümayəndəsi X2 iştirakları ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı Şəhər İdarəsinin inzibati tənbeh vermə haqqında MN ******* nömrəli, 17 iyun 2021-ci il tarixli qərarının ləğv edilməsinə dair X4 nümayəndəsi və vəkili Vəkil şikayətinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 nümayəndəsi və vəkili Vəkil şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı Şəhər İdarəsinin MN ******* nömrəli, 17 iyun 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 3(009)-1404/2021 saylı, 14.07.2021-ci il tarixli qərarla şikayət təmin edilməmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı Şəhər İdarəsinin inzibati tənbeh vermə haqqında MN ******* nömrəli, 17 iyun 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 09.09.2021-ci il tarixli, 3(103)-2049/2021 saylı qərarı ilə X4 nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 3(009)-1404/2021 saylı, 14.07.2021-ci il tarixli qərar ləğv edilmiş, inzibati xətaya dair iş yemidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsinin 17.06.2021-ci il tarixli, MN ******* nömrəli qərarı ilə X9 Azərbaycan Respublikası İXMnin 192.4-cü maddəsi ilə təqsirli bilinərək 700 manat cərimə edilmişdir Aşağıda göstərilən əsaslara görə hesab edir ki, həmin qərar qanunsuz və əsassız olduğuna görə ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsi (bunda sonra Bakı şəhər İdarəsi) heç bir araşdırma aparmadan, qanunvericiliyin tələblərinə zidd qərar qəbul edilmişdir. MN ******* nömrəli 17.06.2021-ci il tarixli inzibati xəta haqqında qərarda ******* nömrəli 10.06.2021-ci il tarixli inzibati xəta haqqında protokola istinad edilmişdir. Lakin ******* nömrəli 10.06.2021-ci il tarixli inzibati xəta haqqında protokoldan ümumiyyətlə xəbəri yoxdur, həmin protokolun surəti 17.06.2021-ci il tarixdən sonra ona göndərilməmişdir. Bildirir ki, Bakı şəhər İdarəsi inzibati xəta haqqında protokolun ciddi hesabat sənədi olmasına əhəmiyyət vermədən xəbəri olmadan, izahatı alınmadan, hüquqları və vəzifələri izah edilmədən, protokolda imzası olmadan tərtib etmişdir. Bundan başqa, “Bibiheybətneft” NQÇİ-nin keçmiş işçisi X5 əmək müqaviləsinə xitam verilərkən son haqq hesab heç bir qanun pozuntusuna yol verilmədən hesablanmış və ödənilmişdir. X10 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsində nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə sübut edilməli olan halların heç biri sübut edilməmişdir. Tərəfindən hər hansı qanunvericilik norması pozulmamış, hazırki iş üzrə inzibati xəta hadisəsinin olması sübut edilmir. Çünki, birincisi, X5 əmək müqaviləsinə xitam verilərkən son haqq hesabın düzgün hesablanıb, vaxtında ödənilməməsi barədə X10 Xidmətinə və hər hansı digər quruma ərizə və şikayəti olmamışdır. Bu barədə onun özü də məhkəmədə gəlib şahidlik edəcəkdir. Bütün bunlar onu göstərir ki, X10 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qanunazidd yoxlama aparılmış və qeyd edilən hal aşkara çıxarılmışdır. Belə ki, Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 2022-ci il yanvarın 1-dək dayandırılır. Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanunu 1.1.1-ci bəndinə əsasən sahibkarlıq sahəsində aparılan yoxlama yoxlayıcı orqanların sahibkarların sahibkarlıq fəaliyyətinə dair məcburi tələbləri yerinə yetirmələrini qiymətləndirməsi üzrə tədbirlər məcmusu. Qeyd edilən qanunun 4.1-ci maddəsinə əsasən Yoxlamaların məqsədi sahibkarlıq fəaliyyətinə dair məcburi tələblərə sahibkarlar tərəfindən riayət olunmasının təmin edilməsi, o cümlədən bu sahədə yoxlayıcı orqan tərəfindən sahibkarlara kömək göstərilməsi yolu ilə insanların həyat və ya sağlamlığının, ətraf mühitin və dövlətin əmlak maraqlarının təhlükəsizliyinin təmin edilməsindən ibarətdir. Həmin qanunun 5.1ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər Azərbaycan Respublikasının qanunları və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktlarla müəyyən edilir. Yoxlamanın predmeti sahibkarın məcburi tələblərə riayət etməsinin qiymətləndirilməsidir. İkincisi, X5 ərizəsi konkret olaraq işdən çıxmaq barədə olmuşdur. Bu da X9 ilə bağlı olmamış və ixtisarla bağlı olmuşdur. X5 qeyd edilən ərizəsi ARDNŞ tərəfindən nəzərə alınmış və o, “SOCAR üzrə sərbəstləşən işçilərin məşğulluğunun və sosial dayanıqlılığın təmin olunmasına dair” proqrama qoşulmuşdur. Üçüncüsü, “Bibiheybətneft” NQÇİ-nin işdən azad olunan işçiyə son haqq hesab ödəmək üçün kassası yoxdur. Çünki, “Bibiheybətneft” NQÇİ aşağı struktur təşkilat olduğu üçün özünün büdcəsi və maliyyəsi yoxdur. Odur ki, bununla bağlı yuxarı təşkilata müraciət edilir. Digər tərəfdən ölkəmizdə nağdsız və rəqəmsal ödənişlərlə bağlı qanunların tələblərinə uyğun olaraq yuxarı təşkilat da nağd qaydada ödəniş edə bilmədiyindən, işçinin işdən azad olunması günüdən sonrakı günlər şənbə-bazar və bayram günlərinə düşdüyündən, yəni sırf texniki səbəblərdən son haqq hesabın ödənilməsində gecikmə olmuşdur. Yəni, göründüyü kimi X4 bu məsələdə heç bir təqsiri olmamışdır. Beləliklə, tərəfindən Əmək Məcəlləsinin tələblərinin pozulması halı olmadığından, inzibati xəta hadisəsi olmadığından, hərəkətlərimdə hər hansı inzibati xəta tərkibi olmadığından barəsində olan inzibati xətalara dair iş üzrə icraata xitam verilməlidir. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq X6 inzibati tənbeh tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsinin 17.06.2021-ci il tarixli, MN ******* nömrəli qərarının ləğv olunması və barəsində olan inzibati icraata xitam verilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin iclasında iştirak edən barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs X4 nümayəndəsi və vəkili X8 şikayəti müdafiə edərək göstərmişdir ki, “Bibiheybətneft” NQÇİ-nin keçmiş işçisi X5 əmək müqaviləsinə xitam verilərkən son haqq hesab heç bir qanun pozuntusuna yol verilmədən hesablanmış və ödənilmişdir. X9 tərəfindən hər hansı qanunvericilik norması pozulmamış, hazırki iş üzrə inzibati xəta hadisəsinin olması sübut edilmir. Çünki, birincisi, X5 əmək müqaviləsinə xitam verilərkən son haqq hesabın düzgün hesablanıb, vaxtında ödənilməməsi barədə X10 Xidmətinə və hər hansı digər quruma ərizə və şikayəti olmamışdır. Bütün bunlar onu göstərir ki, X10 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qanunazidd yoxlama aparılmış və qeyd edilən hal aşkara çıxarılmışdır. İkincisi, X5 ərizəsi konkret olaraq işdən çıxmaq barədə olmuşdur. Bu da X9 ilə bağlı olmamış və ixtisarla bağlı olmuşdur. Üçüncüsü, “Bibiheybətneft” NQÇİ-nin işdən azad olunan işçiyə son haqq hesab ödəmək üçün kassası yoxdur. Çünki “Bibiheybətneft” NQÇİ aşağı struktur təşkilat olduğu üçün özünün büdcəsi və maliyyəsi yoxdur. Odur ki, bununla bağlı yuxarı təşkilata müraciət edilir. Digər tərəfdən ölkəmizdə nağdsız və rəqəmsal ödənişlərlə bağlı qanunların tələblərinə uyğun olaraq yuxarı təşkilat da nağd qaydada ödəniş edə bilmədiyindən, işçinin işdən azad olunması günüdən sonrakı günlər şənbə-bazar və bayram günlərinə düşdüyündən, yəni sırf texniki səbəblərdən son haqq hesabın ödənilməsində gecikmə olmuşdur. Yəni, göründüyü kimi X4 bu məsələdə heç bir təqsiri olmamışdır. X10 Xidmətinin Bakı Şəhər İdarəsinin inzibati tənbeh vermə haqqında MN ******* nömrəli, 17 iyun 2021-ci il tarixli qərarının ləğv edilməsini xahiş etdi. Məhkəmənin iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı Şəhər İdarəsinin nümayəndəsi X7 şikayətə etiraz edərək inzibati tənbeh vermə haqqında MN ******* nömrəli, 17 iyun 2021-ci il tarixli qərardan verilmiş şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib və şikayəti iş materialları əsasında araşdıraraq hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin 17 iyun 2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv olunaraq iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan “Azneft” İstehsalat Birliyinin “Bibiheybətneft” NQÇİ-nin 04 mart 2021-ci il tarixli Əmrinin surətindən görünür ki, 04 mart 2021-ci il tarixdə “Bibiheybətneft” NQÇİnin Quyuların əsaslı və yeraltı təmiri xidmət sahəsinin quyuların əsaslı və yeraltı təmiri üzrə usta X5 Əmək müqaviləsi işçinin ərizəsi əsasında ləğv edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı Şəhər İdarəsinin rəisi Həmid Ədhəmovun 17 iyun 2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, vətəndaş X5 əmək müqaviləsinə xitam verilərkən son haqq-hesabın verilməsində qanunvericiliyin tələbləri pozulmuşdur. X1 AR İXM-nin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törtəmiş və barəsində 700 (yeddi yüz) manat inzibati cərimə tətbiq edilmişdir. Azərbaycan Respublikasının İXM-nin 192.4-cü maddəsində nəzərədə tutulmuşdur ki, işçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görəvəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 83.2-ci bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir Məhkəmə iclasında müəyyən edilmişdir ki, X5 əmək müqaviləsinə 04 mart 2021-ci il tarixdə xitam verilmiş, səlahiyyətli orqan tərəfindən isə X4 isə Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsi ilə 17 iyun 2021-ci il tarixdə inzibati tənbeh tətniq olunmuşdur. Belə ki, inzibati xəta 04 mart 2021-ci il tarixə təsadüf edir. Lakin həmin inzibati xəta üzrə iznibati tənbehvermə barədə qərar 3 ay müddətində verilmədiyindən qeyd edilən qərar ləğv edilməli və icraata xitam verilməlidir. Həmin Məcəllənin 38.1 -ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun, maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmin Məcəllənin 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-nin 128-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs inzibati xəta haqqında iş üzrə qərardan səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verə bilər. İXM-nin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəlləsinin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən aşağıdakı qəralardan biri qəbul edilir: 1) qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 2) Məcəllənin 135.1.2–135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 3) Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 4) Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 5) şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs X4 şikayəti təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsinin 17 iyun 2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X4 şikayəti təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsinin 17 iyun 2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati tənbeh vermə müddəti başa çatdığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar