Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1407/2024 10.07.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, X1 Vəkil qızının iştirakı ilə, Səbail RİH-nin 24 aprel 2024-cü il tarixli 13 nömrəli inzibati tənbeh vermə haqqında qərarından Osmanova Səidə Vəkil qızının şikayətinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş Osmanova Səidə Vəkil qızı Səbail RİH-nin 24 aprel 2024-cü il tarixli 13 nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək, həmin qərarın ləğv olunmasını və inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Səbail rayon İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli, 13 saylı qərarına əsasən xx.xx.2024-cü il tarixində Bakı, Səbail, G.Əliyev küçəsi 18 В ünvanında qanunsuz tikinti işlərinin aparılması əsasında ondan 800 manat məbləğində pul vəsaitinin tutulmasına dair qərar qəbul edilmiş və xx.xx.2024-cü il tarixdə Suraxanı rayon İcra şöbəsinin icraatına daxil olmuşdur. O, xx.xx.2024-cü il tarixdə sözügedən qərarla tanış olub. ünvan 1 ünvanda ailəsi və övladları ilə birlikdə yaşayırlar. 3 ay bundan əvvəl hava şəraitinin yaxşı keçməməsi (yağış, külək) və bunun qarşısını almaq səbəbilə mənzilin üst hissəsini şifer ilə örtərək, alt hissəsi taxta ilə bərkidiblər.(şəkillər əlavə olunub) Nəzərə çatdırmaq istəyir ki, bunu etməklərinin səbəbi azyaşlı övladlarını mənzilin çıxış qapısında yağışdan qorumaq məqsədilə edilmiş və hər hansı əlavə çıxıntı, ətrafa, digər mənzillərə narahatçılıq mövcud deyildir. Faktiki yaşayış ünvanı ünvan 2öbəsinin icraatındadır. Onun bu cəriməni ödəmək imkanı yoxdur, bu qərar əsassız və barəsində tərtib edilmiş belə bir qərardan heç bir məlumatı olmamışdır. Mənzillərinə icra nümayəndəliyindən, polis və s orqanlardan səlahiyyətli nümayəndə yaxınlaşaraq qanunsuz tikinti işlərinin aparılması səbəbilə onları tənbeh etməmiş. Hər hansı səlahiyyətli şəxs tərəfindən məlumatlandırılmadan barəsində belə bir qərar qəbul edilmişdir. Azərbaycanda özbaşına tikinti insanların həyat və sağlamlığı üçün real təhlükə törətdikdə, ehtiyatsızlıqdan sağlamlığa zərər vurduqda, zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda əlaqədar şəxs cinayət məsuliyyətinə cəlb olunur. Bu məsuliyyət cərimə, islah işlərinə cəlb olunma, müəyyən vəzifələri tutmaq və ya bəzi işlərlə məşğul olmaq hüququndan məhrum edilmə, azadlığın məhdudlaşdırılması və ya 6 ilə qədər azadlıqdan məhrum etmə kimi cəzaları özündə ehtiva edir.Cəza tədbirləri özbaşına tikintilərin törətdiyi risklərə və zərərlərə müvafiq şəkildə tətbiq edilir və təhlükəli davranışların qarşısını almaq məqsədi daşıyır. Ərizəyə əlavə edilmiş şəkillərdən aydın göründüyü kimi insanların həyat və sağlamlığı üçün hər hansı real təhlükə yaradılmamışdır. Həmçinin bildirmək istəyir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə edilmiş yeni dəyişikliklərə əsasən özbaşına tikinti işləri aparılmasına görə fiziki şəxslər üçün ilkin olaraq xəbərdarlıq, daha sonra 300-500 manat məbləğində cərimə tətbiq edilə bilər.Səbail RİH-nin 24 aprel 2024-cü il tarixli 13 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X1 Vəkil qızı şikayət ərizəsinə uyğun izahat verərək, inzibati xəta hadisəsini törətmədiyini bildirərək şikayətin təmin olunmasını və Səbail RİHnin 24 aprel 2024-cü il tarixli 13 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etdi. İnzibati tənbeh vermə haqqında qərar qəbul etmiş səlahiyyətli orqanın nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən qərarından şikayət verilmiş səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştiarkçısını dinləyib, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. İş materiallarında olan Səbail RİH-nin 24 aprel 2024-cü il tarixli 13 nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, Səbail Rayon Polis İdarəsi 8-ci Polis Bölməsinin sahə inspektoru tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN № ******* nömrəli protokolu müzakirə edərək, Osmanova Səidə Vəkil qızı xx.xx.2024-cü il tarixdə Səbail rayonu, Gülbala Əliyev küçəsində müvafiq İcra Hakimiyyətinin icazə sənədi olmadan qanunsuz tikinti işləri apardığı aşkar olunmuşdur. X2 Vəkil qızı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və barəsində 800 (səkkiz yüz) manat məbləğində cərimə tənbeh növü tətbiq edilmişdir. İş materiallarında olan fotoşəkillərdən görünür ki, Osmanova Səidə Vəkil qızı yaşadığı evinin həyətyanı sahəsində hündürlüyü 3 metr və sahəsi 100 kvadratmetr aşağı olan yardımçı tikili quraşdırılmışdır. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 79.1.9-cu maddəsinə əsasən bu Məcəllənin 70.2-ci maddəsinin tələblərinə əməl edilməklə, yaşayış evlərinin həyətyanı sahələrində hündürlüyü ən çoxu 3 metr və sahəsi ən çoxu 100 kvadratmetr olan yardımçı tikililər - tikintisinə icazə tələb olunmayan tikinti obyektlər siyahısına daxildir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 79.2-ci maddəsinə əsasən həmin Məcəllənin 79.1.1, 79.1.2 və 79.1.9-cu maddələrində nəzərdə tutulan ölçülərin hədlərini keçən obyektlərin tikintisinə məlumatlandırma icraatı şamil olunur. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80.1-ci maddəsinə əsasən mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin, habelə bu Məcəllənin 79.2-ci maddəsində nəzərdə tutulan tikinti obyektlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs inzibati xəta haqqında iş üzrə qərardan səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 142.1-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrasının təxirə salınması, dayandırılması, onun icrasına möhlət və ya xitam verilməsi, yaxud yetkinlik yaşına çatmayan şəxsin üzərinə qoyulmuş cərimənin onun valideynlərindən və ya digər qanuni nümayəndələrindən tutulması məsələlərinin baxılmasına əsaslar olduqda, həmin məsələlərə qərarı çıxarmış hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən üç gün müddətində baxılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 145-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərarı qəbul etmiş hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) bu Məcəlləyə əsasən şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yarandıqda qərarın icrasına xitam verir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xəta haqqında iş üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində qərar çıxarılmış Osmanova Səidə Vəkil qızı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 395.1-ci maddəsi üzrə inzibati xəta hadisəsini törətmədiyindən Səbail RİH-nin 24 aprel 2024-cü il tarixli 13 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məlləsinin 53,128-134-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Osmanova Səidə Vəkil qızının şikayəti təmin edilsin X1 Vəkil qızı barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məlləsinin 395.1-ci maddəsi ilə qəbul edilmiş Səbail RİH-nin 24 aprel 2024-cü il tarixli 13 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Səbail RİH-nin 24 aprel 2024-cü il tarixli 13 nömrəli inzibati tənbeh vermə haqqında qərarı əsasında İnformasiya sistemində Osmanova Səidə Vəkil qızının barəsində yerləşdirilmiş inzibati cərimə silinsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №3(009)-1407/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1407/2024
10.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver