Məhkəmə qərarları › İş №3(009)-141/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-141/2023

30.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-141/2023 30.01.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Qafarova Rəna Nazim qızının sədirliyi, Paşazadə Pərvin Kamandar oğlunun katibliyi, Bakı şəhəri Səbail RPİ-nin 9-cu polis bölməsinin polis sahə rəisi, polis kapitanı X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1986-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, “Rige motors”-da baş menecer vəzifəsində işləyən, Bakı şəhəri, Yasamal rayonu, M.Sübhi 8/2 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1 və 510-cu maddələri ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Səbail RPİ-nin 9-cu polis bölməsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrinə əsasən Şəxs barəsində tərtib olunmuş inzibati material baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan 29 yanvar 2023-cü il tarixdə tərtib edilmiş MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, Şəxs polis əməkdaşlarına qarşı tabesizlik edərək, küçədə nalayiq küçə söyüşləri söyərək xırda xuliqanlıq etmişdir. İş materiallarında olan inzibati qaydada tutma haqqında 29 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 00:15-də inzibati qaydada tutulmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu müdafiə edən şəxs Bakı şəhəri Səbail RPİ-nin 9-cu polis bölməsinin sahə rəisi, polis kapitanı X2 izahatında göstərmişdir ki, xx.xx.2023-cü il tarixində saat təxminən 00:15 radələrində İran Səfirliyinin qarşısında dayanıqlı polis əməkdaşları xidmət apararkən səfirliyin qarşısına 10OT388 dövlət nömrə nişanlı Mercedes boz metalik rəngli avtomobildən bir nəfər şəxs düşərək dini təxribat yaradaraq uca səslə səfirliyin ünvanına nalayiq ifadələr işlədərək şəxsi maşını ilə yolu bağlayaraq həmin yolda hərəkətdə olan nəqliyyat vasitələrini sürücü və sərnişinlərini özünə dəstəyə dini təxribata çağırdı. Onlarda dərhal həmin şəxsi saxlayaraq post patrul maşınına əyləşdirmişdirlər. Həmin vətəndaşın içkili olduğunu bildirmişdir. Bu səbəbdən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrinə uyğun olaraq inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü qismən təqsirli bilərək izahatında göstərmişdir ki, dostları ilə axşam saatlarında birlikdə vaxt keçirdikdən sonra saat 12 radələrində ayıq sürücü çağırıb evinə getmək istəmişdir, lakin nəğd ödəniş üçün yanında pul olmadığından ayıq sürücüyə pul ödəmək üçün İİR Səfirliyinin qarşısındakı bankomatdan pul çıxarmalı olmuşdur, bu zaman polis əməkdaşları səfirliyin qarşısında maşın saxlanın qadağan olduğunu və maşını çəkməsini bildirmişlər, o da içkili olduğundan qəzəblənib maşını tərs istiqamədə park edib, yolu bağlamışdır. Lakin, polisə müqavimət göstərmədiyini, başqalarına çağırış etmədiyini, hazırda əməlindən peşman olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Səbail RPİ-nin Post Patrul xidmət bölüyünün əməkdaşı X4 izahatında göstərmişdir ki, xx.xx.2023-cü il tarixində saat təxminən 00:15 radələrində İran Səfirliyinin qarşısında dayanıqlı xidmət apararkən səfirliyin qarşısına 10OT388 dövlət nömrə nişanlı Mercedes boz metalik rəngli avtomobildən bir nəfər şəxs enərək dini təxribat yaradaraq uca səslə səfirliyin ünvanına nalayiq ifadələr işlətmiş, bu hərəkətlərini sonlandırmağa dəvət olunsa da, məhəl qoymayaraq şəxsi maşını ilə yolu bağlamış, həmin yolda hərəkətdə olan nəqliyyat vasitələrini sürücü və sərnişinlərini özünə dəstəyə dini təxribata çağırmışdır. Dərhal həmin şəxsi saxlayaraq post patrul maşınına əyləşdirmişlər. Məhkəmə proses iştirakçılarının və şahidin izahatını dinləyib və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə olunmuş Bakı şəhəri Səbail RPİ-nin PPXB-nin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2023-ci il tarixli raportdan görünür ki, xx.xx.2023-cü il tarixində saat təxminən 00:15 radələrində İran Səfirliyinin qarşısında dayanıqlı polis əməkdaşları xidmət apararkən səfirliyin qarşısına 10OT388 dövlət nömrə nişanlı Mercedes boz metalik rəngli avtomobildən bir nəfər şəxs düşərək dini təxribat yaradaraq uca səslə səfirliyin ünvanına nalayiq ifadələr işlədərək şəxsi maşını ilə yolu bağlayaraq həmin yolda hərəkətdə olan nəqliyyat vasitələrini sürücü və sərnişinlərini özünə dəstəyə dini təxribata çağırdı. Onlarda dərhal həmin şəxsi saxlayaraq post patrul maşınına əyləşdirmişdirlər. Həmin vətəndaş içkili olmuşdur. İş materiallarında olan sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinənin 2/2617 nömrəli 29 yanvar 2023-cü il tarixli protokolundan görünür ki, Şəxs alkoqol sərxoşluğu orta dərəcədə müəyən edilmişdir. Beləliklə, araşdırma zamanı müəyyən edilmişdir ki, Şəxs İran İslam Respublikasının Səfirliyi qarşısında səs-küy salmaqla ətrafadakı insanları özünə cəlb etməklə, ictimai qaydanı pozaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı, həmçinin həmin vaxt polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32.1.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati tənbeh tətbiq edilərkən məsuliyyəti yüngülləşdirən hal hesab edilir. İnzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1-32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. (32.2.) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33.1.7-ci maddəsinə əsasən, inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi ağırlaşdıran hal kimi nəzərə alınır. Şəxs əməlindən peşman olması məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınır. Şəxs inzibati qaydanı pozan zaman sərxoş olması ağırlaşdıran hal kimi nəzərə alınır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən işin hallarını, törətdiyi inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, o cümlədən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq, Şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsini mümkün hesab etmir və Azərbaycan Respublikasının İXM-nin 34.3-cü maddəsi tətbiq edilməklə onun barəsində təqsirli bilindiyi daha ciddi xəta olan Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbeh tədbirinin 10 (on) gün müddətinə tətbiq edilməsinin qanuni və əsaslı olması ilə yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğun olması nəticəsinə gəlir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən barəsində 10 (on) gün müddətinə inzibati həbs tətbiq edilməli və inzibati həbs müddətinin əvvəli 29 yanvar 2023-cü il tarixdən, saat 00:15-dən hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1 və 510-cu maddələri ilə təqsirli bilinsin və həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən barəsində 10 (on) gün müddətinə inzibati həbs tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli 29 yanvar 2023-cü il tarixdən, saat 00:15-dən hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin inzibati həbs olunanların saxlanılma məntəqəsində saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar