Məhkəmə qərarları › İş №3(009)-1417/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1417/2021

08.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1417/2021 08.09.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Əlirza Azər oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Səbail Rayon İcra şöbəsinin icra məmuru X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Vəkilnin iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiallara baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2-89/2006 saylı, 04 may 2006-cı il tarixli icra sənədi üzrə tələbi icra etməyən xx xxxxxxx 1953-cü il tarixdə Latviya Respublikası, Riqa şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol baxılması üçün məhkəməyə göndərilmişdir. İş materiallarında olan 08 iyul 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Səbail Rayon Məhkəməsinin 04 may 2006-cı il tarixli, 2-89/2006 saylı icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən boyun qaçırır. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 24 fevral 2020-ci il tarixli qərarı ilə Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan tələbkar şəxs X3 apellyasiya şikayəti verərək Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 24 fevral 2020-ci il tarixli qərarının ləğv edilməsini, inzibati işi yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 3(103)-819/2020 saylı, 12 may 2020-ci il tarixli qərarı ilə tələbkar şəxsin şikayəti təmin edilməsi, Bakı şəhəri Səbail rayon İcra şöbəsi tərəfindən verilmiş şikayət qismən təmin edilməsi, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 24 fevral 2020-ci il tarixli qərarının ləğv edilməsi, inzibati xəta haqqında işin yenidən baxılması üçün göndərilməsi qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən Səbail Rayon İcra şöbəsinin icra məmuru X6 tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Səbail Rayon Məhkəməsinin 04 may 2006-cı il tarixli, 2-89/2006 saylı icra sənədinə əsasən Şəxs üzərinə öz hesabına Bakı şəhəri, H.Seyidbəyli küçəsi, 31 saylı evin 12 saylı mənzilinin altında yerləşən yarımzirzəminin Azərbaycan Respublikası Dövlət Əmlakı Nazirliyi Əmlakın İnventarlaşdırılması Bürosu tərəfindən tərtib olunmuş 16 noyabr 2000-ci il tarixli 001487 nömrəli texniki pasportun göstəricilərinə və texniki pasporta əlavə olunan sxemə uyğun vəziyyətə gətirilməsi vəzifəsi qoyulmuşdur. İcra vərəqəsi 27.10.2006-cı il tarixdə şöbənin icraatına daxil olmuş, müvafiq qərarla icraata başlanılmış, icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası haqqında bildiriş borcluya göndərilmişdir. Lakin qanunla müəyyən edilmiş könüllü müddət ərzində məhkəmə qərarı borclu Şəxs tərəfindən üzürsüz səbəbdən icra edilməmişdir. Səbail Rayon Məhkəməsinin 2-89/2006 saylı, 04.05.2006-cı il tarixli icra sənədinə əsasən Şəxs üzərinə öz hesabına Bakı şəhəri, H.Seyidbəyli küçəsi, 31 saylı evin 12 saylı mənzilinin altında yerləşən yarımzirzəminin, Azərbaycan Respublikası Dövlət Əmlakı Nazirliyi Əmlakın İnventarlaşdırılması Bürosu tərəfindən tərtib olunmuş 16.11.2000-ci il tarixli 001487 nömrəli texniki pasportunun göstəricilərinə və texniki pasporta əlavə olunan sxemə uyğun vəziyyətə gətirilməsi vəzifəsinin qoyulması qərara alınmışdır. Səbail Rayon Məhkəməsinin 04.05.2006-cı il tarixli 2-89/06 saylı icra vərəqəsində göstərilən tələblərə qanunla müəyyən edilmiş qaydada əməl etmədiyindən, barəsində inzibati qaydada protokol tərtib edilmiş və aşağıda göstərilən tarixlərdə Səbail Rayon Məhkəməsinin qərarları ilə inzibati qaydada cərimə edilməklə cinayət məsuliyyətinə cəlb edilmişdir- 08.12.2006-cı il şərti maliyyə vahidinin 20 misli miqdarında cərimə təyin edilmişdir; təkrar tələb təmin edilmədiyindən barəsində Azərbaycan Respublikası CM-306.1 maddəsi ilə cinayət işi başlanmış və AR.CM-nin 306.1 maddəsi ilə təqsirli bilinib Səbail rayon məhkəməsinin 28.11,2007-ci il tarixli 1-319/07 saylı hökmü ilə 550 manat məbləğində cərimə tətbiq edilmişdir; 28.03.2013-cü il tarixli 3(009)-294/2013 saylı inzibati xəta haqqında qərara əsasən 700 manat cərimə tətbiq edilmişdir; 23.07.2015-ci il tarixli 3(009)-293/2015 saylı inzibati xəta haqqında qərara əsasən 500 manat cərimə tətbiq edilmişdir; 06.11.2017-ci il tarixli 3(009)- 714/2017 saylı inzibati xəta haqqında qərara əsasən 500 manat cərimə tətbiq edilmişdir. Göstərilənlərə baxmayaraq, hal-hazıradək Səbail rayon məhkəməsinin 04.05.2006-cı il tarixli 2-89/06 saylı icra vərəqəsi tam qaydada icra edilib başa çatdırılmamışdır. Yaranmış zərurətlə əlaqədar Bakı şəhəri, H.Seyidbəyli küçəsi, 31 şaylı evin 12 saylı mənzilinin altında yerləşən yarımzirzəminin döşəməsinin beton və tamet olduğu göstərilsədə betonun markasi və qalınlığl qeyd olunmadığından hazır ki beton örtüyünün ilkin vəziyyətə uyğun olubolmadığının müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikası FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyindən mütəxəsis dəvət edilmişdir. Azərbaycan Respublikası FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən həmin iş üzrə şöbəyə göndərilən 11.07.2019-cu il tarixli rəyində göstərilmişdir: “İnşaat normalarına əsasən döşəmə konstruksiyası məhdudlaşdırılmır. Yerləş-kənin təyinatından asılı olaraq döşəmə konstruksiyası (növü qalınlığı, markası və.s) 1 kv.m-ə düşən yüklərin təsirindən layihəçi tərəfindən təyin olunur”. Həmin iş üzrə Məhkəmə Ekspertizası Mərkəzinin 06.12.2018-ci il tarixli 14997 saylı arayışında Bakı şəhəri, H.Seyidbəyli küçəsi, 31 saylı evin 12 saylı mənzilinin altında yerləşən yarımzirzəminin sahəsi 16,8 m2 olan 1 saylı tikintinin hündürlüyünün 2,10 metr təşkil etdiyi və 16.11.2000-ci il tarixli texniki pasportda tədqiq olan otağın hündürlüyü ilə eyni olduğu müəyyən edilib. Tədqiq olunan otağın döşəməsinin dağılmış hissəsində qalınlığının 8 sm təşkil etdiyi, “Şmid” markalı test çəkisi ilə yoxlanıldıqda, betonun bərklik dərəcəsinin müxtəlif nöqtələrdə “0-125” marka arasında olduğu müəyyən edildi ki, buda Azərbaycan Respublikasında mövcud olan standartlara “DÜİST” müvafiq olaraq, betonun keyfiyyət baxımından yararsız olduğunu göstərir. 16.11.2000-ci il tarixli texniki pasportda döşəmənin tamet materialından olduğu, lakin faktiki olaraq həmin otağın döşəməsinə tamet vurulmadığı müəyyən edilir. Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatı Mənzil Kommunal Təsərrüfat Departamenti 3 saylı xüsusi təyinatlı Mənzil Təsərrüfatı Birliyindən sorğuya cavab olaraq verilmiş 26.12.2019-cu il tarixli 1006 saylı cavab məktubunda sözü gedən qeyri-yaşayış sahəsinin əvvəlki vəziyyətə qaytarılması üçün əvvəlcə torpaq qatı ilə doldurulmalı, xüsusi avandanlıq ilə kipləşdirilməli, daha sonra 5-10 sm qalınlığında şvellə hamarlayıcı qat verilməli, daha sonra 200-250 markalı beton ilə 15 sm beton ilə 15 sm qalınlığında betonlanmalı və xüsusi avandanlıq ilə kipləşdirilib, hamarlanmalıdır. Bu barədə borcluya məlumat verilməklə qeyd olunan işlərin həyata keçirilməsi tapşırılmış, lakin Şəxs müxtəlif bəhanələr gətirərək icra sənədinin icrasını təmin etməmişdir. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Göstərilənləri nəzərə alaraq, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasına uyğun olaraq inzibati tənbeh tətbiq edilməsi barədə qərar qəbul olunmasını xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş və məhkəməyə yazılı çıxışını təqdim etmiş tələbkarın nümayəndəsi Nümayəndə məhkəmənin uzun müddət getməsini, Şəxs üzərinə qoyulmuş öhdəliklərin icrasını onun tərəfindən uzun müddət həyata keçirilməsi davam etdirildiyindən, əvvəllər ona təyin olunmuş inzibati tənbehlərdən nəticə çıxarmadığı üçün barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş ən sərt inzibati tənbehin tətbiq olunmasını xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilməyərək izahatında göstərdi ki, icra sənədini icra etdiyini hesab edir, barəsində olan iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən müdafiəçi Vəkil, Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə şəxsin əməlində inzibati xəta tərkibi olmadığından işin icraatına xitam verilməsini xahiş etmişdir. İşin materiallarını araşdırıb, proses iştirakçılarının izahatlarını dinləyib, məhkəmə, aşağıdakı əsaslara görə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkib əlamətləri var və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, iş materiallarında olan sənədlərə əsasən, Bakı şəhəri Səbail rayon məhkəməsinin 2- 89/2006 nömrəli 04 may 2006-cı il tarixli qətnaməsinə əsasən, iddiaçı X1 cavabdeh Şəxs qarşı Bakı şəhəri H.Seyidbəyli küçəsi 31 saylı evin zirzəmisində aparılan qanunsuz tikilinin söküiməsi və zirzəminin əvvəlki vəziyyətinin bərpa edilməsi barədə iddiası təmin edilərək, Şəxs üzərinə öz hesabına həmin ünvanının 12 nömrəli mənzilinin altında yerləşən yarımzirzəminin, Dövlət Əmlakı Nazirliyinin Əmlakın İnventarlaşdırılması Bürosunun tərtib etdiyi 001487 nömrəli 16.11.2000-ci il tarixli texniki pasportunun göstəricilərinə və texniki pasporta əlavə olunan sxemə uyğun vəziyyətə gətirilməsi vəzifəsi qoyulmuşdur. Tələbin könüllü qaydada icra olunması ilə bağlı Səbail rayon İcra şöbəsi tərəfindən borclu Şəxs müxtəlif vaxtlarda bildiriş və xəbərdarlıqlar göndərilməsinə baxmayaraq, onun tərəfindən Səbail rayon Məhkəməsinin 04 may 2006-cı il tarixli icra sənədində göstərilən tələblər tam icra edilib başa çatdırılmamışdır. Sonuncu dəfə 21 yanvar 2020-ci ildə Şəxs onun üzərinə qoyulan tələblərin 10 gün müddətə təmin edilib sözügedən qeyri-yaşayış sahəsinin əvvəlki vəziyyətə qaytarılması ilə bağlı bildiriş göndərilsə də icra hərəkətlərinə başlamamışdır. Bu səbəbdən təkrar Səbail rayon İcra şöbəsi tərəfindən tələbin təmin edilməsi ilə bağlı 25.02.2020-ci ildə borclu Şəxs xəbərdarlıq edilmiş və ondan 10 gün müddətində tələb edilən bərpa işlərini icra edib nəticəsi barədə İcra şöbəsinə rəsmi qaydada məlumat verməsi tələb olunmuşdur. Bundan sonra icra sənədi üzrə tələbin təmin edilməsi və icra hərəkətlərinin davam etdirilməsi məqsədi ilə Şəxs 13 avqust 2020-ci ıldə xəbərdarlıq məktubu göndərilməklə, ondan 17 avqust 2020-ci il tarixə kimi icra sənədi üzrə tələbi təmin edib icra məmuruna məlumat verilməsi vəzifəsi tapşırılmaqla onun nəzərinə çatdırılmışdır ki, əks halda hərəkətləri icra sənədinin icrasından yayınma qərəzli olaraq yayınma kimi qiymətləndirilməklə məhkəməyə məlumat veriləcəkdir. 13 avqust 2020-ci il tarixli xəbərdarlıq məktubunda həmin yarımzirzəmidə görülməli işlər və tələblər tam aydın şəkildə göstərilsə də, borclu Şəxs tələblərə zidd olan işləri apardığı müəyyən edildiyindən, bu barədə 18 avqust 2020-ci il tarixli müvafiq akt tərtib edilmişdir. Eyni zamanda, borclu Şəxs Səbail rayon İcra şöbəsinin hərəkətsizliyinin qanunsuz hesab edilməsi ilə bağlı Bakı şəhəri Səbail rayon Məhkəməsinin 25.10.2006-cı il tarixli icra vərəqəsi üzrə icraata xitam verilməsi öhdəliyi Səbail rayon İcra şöbəsi üzərinə qoyulması barədə ərizəsində də Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən məktuba istinad edilsə də Bakı şəhəri Səbail rayon Məhkəməsinin 8(009)- İ55/2020 saylı 11 sentyabr 2020-ci il tarixli qərardadı ilə borclunun ərizəsi təmin edilməmişdir. Bununla yanaşı, borclu Şəxs özbaşına müvafiq dövlət orqanlarının icazəsi olmadan binanın və ona məxsus zirzəminin çirkab suları axıdılan ana xəttinin üstünü betonlaması sakinlərin narazılıqlarına səbəb olmuşdur. Bu səbəbdən, "xxxx" ASC-ə rəsmi qaydada müraciət olunmuş və 31 avqust 2020ci ildə Şəxs məxsus yarımzirzəmiyə "xxxx" ASC-nin mütəxəssislərinin iştirakı ilə baxış keçirilmiş və İcra şöbəsinə təqdim edilmiş 15.09.2020-ci il tarixli rəy məktubuna əsasən müəyyən edilmişdir ki, Bakı şəhəri Səbail rayonu H.Seyidbəyli küçəsi 31 saylı evin 12 nömrəli mənzilinin alında yarımzirzəminin döşəməsinin altından kanalizasiya xətti keçir, həmin xəttə xidmətin edilməsi və gələcəkdə baş verə biləcək qəzalara operativ xidmət göstərilməsi imkanların saxlanması üçün, xəttin üzərinin bağlanılmasının məqsədə uyğun olmaması bildirilmişdir. Bundan başqa, "xxxx" ASC-nin Səbail rayon Sukanal idarəsinin 05.10.2020-ci il tarixli RO02/2-790 saylı məktubuna görə, Bakı şəhəri H.Seyidbəyli küçəsi 31 saylı evin 12 nömrəli mənzilinin altında yerləşən yarımzirzəminin 01 saylı otağın 16,8 kv.metr olan sahəsinin döşəməsinin altından keçən binanın kanalizasiya xəttinin üstü-ətrafı açılmalı, boruların istismar vaxtı keçdikdə isə, zərurət olduqda əvəzlənməlidir. Xəttdə xidmətin göstərilməsi və gələcəkdə baş verəcək qəzalara operativ müdaxilə imkanları saxlanması üçün yarımzirzəminin uzunluğu L=7.5 m kanalizasiya xəttinin ətrafı mişar daşı ilə hörülüb döşəməsi səviyyəsinə gətirilərək xəttin üzəri dəmir barmaqlıq ilə örtülməlidir. Qeyd olunan dövlət orqanlarının tələblərini və göstərişlərini nəzərə alaraq, yarımzirzəminin əvvəlki vəziyyətə gətirilməsi üçün X2 14997 nömrəli 06 dekabr 2018-ci il tarixli, "xxxx" ASC-nin 03/03-3/5/12/2855 nömrəli 15.09.2020-ci il tarixli rəy məktublarını, "xxxx" ASC-nin Səbail rayon Sukanal idarəsinin RO-02/2-790 nömrəli 05.10.2020-ci il tarixli və Bakı şəhər İcra Hakimiyyəti Başçısının Mənzil Kommunal Təsərrüfatı Departamentinin Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyinin məktublarını və Səbail rayon İcra şöbəsinin 112425/2018-16-20-5793 nömrəli 13 avqust 2020-ci il tarixli xəbərdarlıq məktubunu nəzərə alaraq, borclu Şəxs icra şöbəsi tərəfindən 12 oktyabr 2020-ci il tarixli xəbərdarlıq məktubu göndərilmiş və onun tərəfindən görülməli işlər barədə tam aydın şəkildə rəsmi qaydada göstərişlər verilərək 10 gün müddətdə bütün işləri yerinə yetirməsi tələb olunmaqla, İcra şöbəsinə yazılı məlumat verilməsi tapşırılmış, əks halda isə onun barəsində Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə cinayət işi başlanılması üçün Ədliyyə Nazirliyi İcra Baş idarəsi vasitəsilə İstintaq idarəsinə təqdimat veriləcəyi bildirilmişdir. Bundan sonra, onun qarşısına qoyulan tələblərin yerinə yetirilib-yetirilməməsinin real icrası ilə bağlı İcra şöbəsi tərəlındən 30 oktyabr 2020-ci ildə yarımzirzəmiyə baxış keçirilmiş və növbəti dəfə borclunun qarşısında qoyulan tələblərin yerinə yetirilməməsi müəyyən edilmişdir. Bu səbəbdən, həmin tarixdə tələbkarın nümayəndəsinin iştirakı ilə müvafiq qaydada akt tərtib edilmiş, daha sonra isə Şəxs təkrarən 26 fevral 2021-ci il tarixdə xəbərdarlıq məktubu göndərilmişdir. Qeyd olunan xəbərdarlıq məktublarında göstərilən tələblərin yerinə yetirilib yelirilməməsini aşkar etmək məqsədilə yarımzirzəmiyə baxış keçirilməsi icra şöbəsi tərəfindən 12.03.2021-ci il tarixə təyin edilmiş və bununla bağlı borclu Şəxs əvvəlcədən məlumatlandırılmış və ona poçt vasitəsi ilə müvafiq qaydada sifarişli məktub və mobil telefon vasitəsi ilə sms bildiriş göndərilmişdir. Lakin, borclu Şəxs baxışın vaxtı və veri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, qərəzli və davamlı olaraq baxış yerinə gəlməmiş, baxışda iştirak elməmiş, otağın qapısını açmamış və bununla əlaqədar icra şöbəsinə tələb olunan sənədləri təqdim etmədiyindən, hərəkətləri 12 mart 2021-ci il tarixdə rəsmi qaydada aktlaşdırılmışdır. Daha sonra 16 və 19 mart 2021-ci il tarixlərdə bir daha borclunun ünvanına getdikdə qapını açmamış və bununla da ona məxsus həmin yarımzirzəmiyə baxış keçirilməsinə imkan yaratmamışdır. Sonuncu dəfə Səbail rayon İcra şöbəsi tərəfindən 30 iyun 2021-ci il tarixdə yarımzirzəmiyə baxış keçirilmiş və müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 06 dekabr 2018-ci il tarixli rəyində göstərilən borclu tərəfindən icra olunmalı işlər icra edilməmiş və həmçinin çənin alt hissəsi sökülməmişdir. “Azərsu"xxxx"Azərsu ASC-nin Sukanal idarəsinin 15 sentyabr 2020-ci il və 05 oktyabr 2020-ci il tarixli məktublarında qeyd olunan işlər görülməmiş və bununla da binanın kanalizasiya xəttləri betonun altında qalmışdır. Məhkəmə Ekspertiza Mərkəzinin 14997 nömrəli 06 dekabr 2018-ci il tarixli rəyinə əsasən, Bakı şəhəri H.Seyidbəyli küçəsi 31 saylı evin 12 nömrəli mənzilinin altında yerləşən yarımzirzəminin sahəsi 16.8 kv.m olan 01 saylı tikilinin hündürlüyünün 2,10 metr təşkil eldiyi və 16 noyabr 2000-ci il tarixli texniki pasportda tədqiq edilən otağın hündürlüyü ilə eyni olması müəyyən edilmişdir. Tədqiq edilmiş otağın döşəməsinin dağılmış hissəsində qalınlığı 8 sm təşkil eldiyi, “şmid” markalı test çəkici ilə yoxlanıldıqda betonun bərklik dərəcəsinin müxtəlif nöqtələrdə "0-125" marka əsasında olduğunun müəyyən edilməsi Azərbaycanda mövcud olan standartlara (DİÜST) uyğun olaraq betonun keyfiyyət baxımından yararsız olduğu və eləcə də, texniki pasportda döşəmənin tamet materialından olması, lakin həmin otağın döşəməsinə ümumiyyətlə tamet vurulmadığı müəyyən edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyəti Səbail rayon Sukanal İdarəsinin Texniki İstehsalat şöbəsinin mühəndisi X4 Bakı şəhəri, Həsən Seyidbəyli küçəsi, 31 saylı evin 12 saylı mənzilin altında yerləşən yarımzirzəminin altından keçən binanın kanalizasiya xətti ilə əlaqədar Cəmiyyət tərəfindən İcra Şöbəsinə ünvanlanmış 15 sentyabr və 05 oktyabr 2020-ci il tarixli məktublardan da görünüdüyü kimi yarımzirzəmidən diametri 150 mm olan kanalizasiya xətti keçir. Xəttə xidmətin göstərilməsi və gələcəkdə baş verə biləcək qəzalara operativ müdaxilə imkanlarının saxlanılması üçün xəttin bağlanması məqsədəuyğun deyil. Yarımzirzəminin 1 sayı otağının 16,8 kv m olan sahənin döşəməsinin altından keçən binanın kanalizasiya xəttinin üstü-ətrafı açılmalı, boruların istismar vaxtı keçdikdə, zərurət varsa əvəzlənməlidir. Xətdə xidmətin göstərilməsi və gələcəkdə baş veriləcək qəzalara operativ müdaxilə imkanlarının saxlanılması üçün sözügedən yarım zirzəminin uzunluğu L=7.5 m olan kanalizasiya xəttinin ətrafı mişar daşı ilə hörülərək yarımzirzəminin döşəməsinin səviyyəsinə gətirilərək xəttin üzəri barmaqlıq ilə örtürülməsi məqsədəuyğun olardı. Lakin Şəxs tərəfindən qeyd olunan tələblər hələdə yerinə yetirilməmişdir. Göründüyü kimi, Şəxs icra vərəqəsinin tələblərini tam icra etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə görə məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, zərərçəkmiş şəxsin nümayəndəsinin və barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatlarını, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs məhkəmə qərarlarının icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməyərək, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra vərəqəsinin icrasını təmin etməmişdir. Hal-hazıradək edilmiş xəbərdarlıqlara baxmayaraq, öhdəliyinin lazımi qaydada yerinə yetirilməsinə laqeydlik göstərilmiş və icra sənədlərinin icrasına səhlənkar yanaşılmışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının hədləri daxilində cərimə tənbeh növü tətbiq edilməlidir. Məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Ona görə də, məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi var və onun 500 (beş yüz) manat məbləğində cərimə edilməsi növündə inzibati cəza təyin edilməsi məqsədə müvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 117, 101-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar