Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-142/2023 30.01.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Qafarova Rəna Nazim qızının sədirliyi, Əlirza Azər oğlunun katibliyi, Bakı şəhəri Səbail RPİ-nin 8-ci polis bölməsinin sahə inspektoru, polis baş leytenantı X2, zərərçəkmiş şəxs X6, onun tərcüməçisi X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X10, onun tərcüməçisi X3 iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Türkiyə Respublikasında anadan olmuş, Türkiyə Respublikasının vətəndaşı, ünvan 1 ünvanında müvəqqəti qeydiyyatda olan və yaşayan X10 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Səbail rayonu, Salyan Yolu 2 ev 15 mənzil 63-də yaşayan X11 xx.xx.2022-ci il tarixdə ərizə ilə müraciət edərək bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə saat təxminən 12 radələrində yaşadığı Səbail rayonu, Salyan Yolu 2, ev 15, mənzil 63-də olan zaman, qeyri rəsmi yaşadığı Türkiyə Respublikası vətəndaşı X13 adlı şəxs evinə gəlib mübahisə yaradaraq, onu döyüb xəsarət yetirmişdir. Ərizə əsasında Bakı şəhəri Səbail rayonu RPİ 8-ci PB-nin baş təhqiqatçısı, polis mayoru Fərid Nəsibov tərəfindən araşdırma aparılmış və xx.xx.2022-ci il tarixli qərarla toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir və vətəndaş X10 Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilməsi üçün göndərilməsi qərara alınmışdır. İş materiallarında olan 30 yanvar 2023-cü il tarixdə tərtib edilmiş MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X12 xx.xx.2022-ci il tarixdə, saat 12 radələrində Türkiyə Respublikası vətəndaşı X13 X6 evinə gələrək onunla mübahisə edərək onu döyüb xəsarət yetirmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Səbail RPİ-nin 8-ci polis bölməsinin sahə inspektoru, polis baş leytenantı X5 tərtib etdiyi protokolu müdafiə edərək X10 barəsində qanuni tədbirlər görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X11 izahatında bildirmişdir ki, o, X12 ilə bir müddət qeyri-rəsmi yaşamışdır, sonradan ayrılmışlar, ayrılandan sonra dəfələrlə X12 onlara gələrək içkili vəziyyətdə onunla mübahisə edərək ona qarşı fiziki zor tətbiq etmişdir. Son 20 gündə belə bir mübahisə olmamışdır. Hazırda şikayətçi olduğunu, X10 ona və ailəsinə yaxınlaşmamasını və onları narahat etməməsini tələb etmişdir. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş X12 izahatında göstərmişdir ki, o, əvvəllər qeyri -rəsmi lakin ailə kimi yaşadığı X11 ilə ayrıldıqdan sonra bir neçə dəfə danışıqlar aparmaq üçün evinə getdiyini, lakin ona qarşı zor tətbiq etmədiyini, ümumiyyətlə içki qəbul etmədiyini, həmçinin X4 pul borclu olduğunu və bu barədə onunla danışmaq üçün getdiyini bildirmişdir. Lakin hazırda onu narahat etmədiyini, polisə şikayət etdikdən sonra ona yaxınlaşmadığını bildirmişdir. Hazırda əməlindən peşmandır. Məhkəmə proses iştirakçılarının izahatlarını, dinləyib və inzibati xəta haqqında işin materiallarını, o cümlədən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda göstərilənləri araşdıraraq hesab edir ki, X10 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, araşdırma zamanı tədqiq edilmiş sübutlarla və iş materialları ilə müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə saat təxminən 12 radələrində X6 yaşadığı Səbail rayonu, Salyan Yolu 2 ev 15 mənzil 63-də olan zaman, qeyri rəsmi yaşadığı Türkiyə Respublikası vətəndaşı X13 adlı şəxs onun evinə gəlib mübahisə yaradaraq, onu döyüb xəsarət yetirməklə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32.1.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati tənbeh tətbiq edilərkən məsuliyyəti yüngülləşdirən hal hesab edilir. İnzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1-32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. (32.2.) X10 əməlindən peşman olması məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınır. X10 məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə X10 barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, onun təqsirinin dərəcəsini, o cümlədən məsuliyyəti yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, həmçinin onun cəmiyyətdən təcrid edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müstəsna halların olmamasını nəzərə alaraq, X10 cəmiyyətdən təcrid edilmədən islah edilməsini mümkün hesab edir və onun barəsində təqsirli bilindiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növünün aşağı həddində inzibati tənbeh tədbirinin tətbiq edilməsinin qanuni, əsaslı və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğun olması nəticəsinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : X12 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 300 (üç yüz) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №3(009)-142/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-142/2023
30.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver