Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1422/2022 29.09.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Cəfərov Səbuhi Mahir oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər DYPİ-nin TP ******* saylı, 07 sentyabr 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından X2 şikayətinə və ona əlavə edilmiş sənədlərə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ : Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər DYPİ-nin TP ******* saylı, 07 sentyabr 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv olunması barədə X2 şikayəti məhkəməyə daxil olmuşdur. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər DYPİ-nin DYPİ-nin inspektoru, polis mayoru X1 qəbul etdiyi 07 sentyabr 2022-ci il tarixli, TP ******* saylı qərara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.6-cı maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirli bilinib 50 manat məbləğində cərimə edilmişdir. Heç bir inzibati xəta hadisəsi törətmədiyim halda əsassız və qərəzli şəkildə tərtib edilmiş mübahisəli protokol Azərbaycan Respublikası Kostitusiyasının və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə tamamilə ziddir. Protokol və qərardan bəlli deyildir ki, sənədin əsasını hansı sübutlar təşkil edir. 07 sentyabr 2022-ci il tarixdə günorta saatlarında idarə etdiyi avtomobillə hərəkətdə olarkən Yol patrul xidmətinin əməkdaşı yaxınlaşaraq telefonla danışdığını bildirdi və bu barədə protokol tərtib edəcəyini qeyd etdi. O, isə heç bir sənədə imza etməyərək hadisə yerini tərk etdi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə bir daha tanış olduqdan sonra əmin oldu ki, polis əməkdaşı qanunsuz olaraq protokol tərtib etmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3, 4, 5, 6, 8, 11, 12, 53, 75, 78, 105, 128, 129, 145-ci maddələrini rəhbər tutub həmin Məcəllənin 342.6-cı maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirli bilinib 50 manat məbləğində cərimə edilməyinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər DYPİ-nin inspektoru X1 qəbul etdiyi 07 sentyabr 2022-ci il tarixli, TP ******* saylı qərarın ləğv edilməsi və material üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə görə inzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının gəlməməsi səbəbləri aydınlaşdırılır, şikayətə və ya protestə həmin şəxslərin iştirakı olmadan baxılma məsələsi həll edilir, yaxud şikayətə və ya protestə baxılma təxirə salınır, şikayətə və ya protestə baxılma üçün vacib olan şəxslərin gətirilməsi barədə qərardad qəbul edilir. Məhkəmə hesab edir ki, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş barəsində inzibati xəta haqqında qərar qəbul olunmuş şəxs və inzibati xəta haqqında qərar qəbul etmiş orqanın nümayəndəsinin iştirakları olmadan baxılmalıdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər DYPİ-nin TP ******* saylı, 07 sentyabr 2022-ci il tarixli qərarı ləğv edilməli və iş baxılması üçün yenidən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər DYPİ-nə göndərilməlidir. Belə ki, iş materiallarında olan TP ******* saylı, 07 sentyabr 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, 03 dekabr 1983-cü il təvəllüdlü X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş üçün əhəmiyyət kəsb edən halların inzibati xəta haqqında qərarda göstərilməməsi, inzibati xəta haqqında qərar qəbul etmiş şəxsin məhkəmə iclasına dəvət olunmasına baxmayaraq gəlməməsi, inzibati xəta haqqında qərarda işin baxılma yeri, hərhansı texniki vasitədən istifadə edilib-edilməməsi barədə qeyd aparılmaması belə nəticəyə gəlməyə əsas verir ki, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməmişdir. Odur ki, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş yenidən araşdırılmalı və barəsində inzibati tənbeh tətbiq edilmiş şəxsin xətanı törətməsinə dair hər hansı sübut olduğu halda, göstərilməklə yenidən əsaslı qərar qəbul edilməlidir. Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 125.2.3.-cü maddəsinin tələblərinə görə inzibati xəta haqqında elektron protokol və ya inzibati xəta haqqında iş üzrə qərar ona əlavə edilmiş materiallarla birlikdə kağız daşıyıcıda çap olunaraq səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xətanın törədildiyi vaxtdan 2 gün müddətində Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verilir. Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 342.6-cı maddəsinə görə Nəqliyyat vasitəsinin hərəkəti zamanı sürücünün telefonu əldə saxlamaqla ondan istifadə etməsinə görə əlli manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115.1.-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda qərarı çıxarmış hakimin, vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, kollegial orqanın adı və tərkibi, işin baxılması tarixi və yeri, işinə baxılan şəxs haqqında məlumat, işə baxılarkən müəyyən edilmiş hallar, inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi və inzibati xətaya görə tətbiq edilən inzibati tənbeh növü, inzibati cərimə şərti olaraq tətbiq edildikdə, hüquqpozmanın aradan qaldırılması üçün müəyyən edilmiş müddət və bu müddətdə hüquqpozma aradan qaldırıldığı təqdirdə, cərimənin ödənilməməsi barədə qeyd, iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan bu Məcəllənin müvafiq maddəsi, qərardan şikayət verilməsi müddəti və qaydası göstərilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.2-ci maddəsinə əsasən yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən həmin Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.3-cü maddəsinə görə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. İşin araşdırmalarından məhkəmə belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında qərar qəbul olunmuş X2 şikayət ərizəsi qismən təmin edilməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər DYPİ-nin TP ******* saylı, 07 sentyabr 2022ci il tarixli inzibati xəta haqqında qərarı ləğv edilsin və iş yenidən baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər DYPİ-nə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 125, 128-130-cu və 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : Barəsində inzibati xəta haqqında qərar qəbul olunmuş X2 şikayət ərizəsi qismən təmin edilsin. Bakı Şəhər DYPİ-nin TP ******* saylı, 07 sentyabr 2022-ci il tarixli inzibati xəta haqqında qərarı ləğv edilsin və iş yenidən baxılması üçün Bakı Şəhər DYPİ-nə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №3(009)-1422/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1422/2022
29.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver