Məhkəmə qərarları › İş №3(009)-1433/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1433/2020

19.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1433/2020 19.08.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X5 qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Səbail Rayon Polis İdarəsindən daxil olmuş barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs inzibati məsuliyyətə cəlb edilməsinə dair materiala məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Səbail Rayon Polis İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən Şəxs barəsində tərtib olunmuş inzibati material, baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixdə tərtib edilmiş İXP seriyalı, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.1962-ci il tarixdə Gədəbəy rayonunda anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs tərəfindən VAZ21074 minik markalı, 90HE759 dövlət qeydiyyat nişanlı avtomobillə törədilmiş yol nəqliyyat hadisəsi üzrə işi Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkibi yaranmışdır. Toplanmış materialdan görünür ki, xx.xx.2020-ci il tarixində, saat 15:18-də Səbail RPİ TŞX-dən və saat 17:05-də 3 saylı şəhər xəstəxanasından məlumatlar daxil olmuşdur ki, xx.xx.2020-ci il tarixində Bakı şəhəri. Səbail rayonu, “X9” küçəsində “VAZ-21074” markalı, ** HE *** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə mopedin toqquşması nəticəsində 1997-ci il təvəllüdlü X3 “sol dizin əzilmiş yarası” diaqnozlu bədən xəsarəti almışdır. Məlumat əsasında yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilmiş, hadisə yerinin foto şəkilləri çəkilərək protokol tərtib edilmiş və materiala əlavə olunmuşdur. Araşdırma zamanı izahatı alınmış X3 bildirmişdir ki, xx.xx.2020-ci il tarixində, saat təxminən 15:15 radələrində yaşadığı ünvandan çıxaraq özünə məxsus “RKS Pesaro 125” markalı moped ilə Bakı şəhəri, Səbail rayonu, “X9” küçəsində yerləşən jurnalistlər üçün inşa edilmiş yaşayış kompleksinin həyətindən çıxaraq həmin hissənin yola bitişik ərazisində olan işıqforun qırmızı işığında nəqliyyat vasitəsini tamamilə dayandırmışdır. Təxminən 1 dəqiqə keçdikdən sonra işıqforun yaşıl işığı yanarkən yenidən hərəkətə başlamış və elə bu zaman gözləmədiyi anda onun solundan, “X9” küçəsi ilə Bayıl qəsəbəsi istiqamətindən hərəkətdə olan ağ rəngli, “VAZ-21074” markalı, ** HE *** dövlət qeydiyyat nişanlı minik avtomobili qarşı hissəsi ilə həmin yol ayırıcısında onu vurmuşdur. Hadisənin təsirindən o, nəqliyyat vasitələrinin toqquşduğu yerdə idarə etdiyi mopeddən yerə yıxılmış, qarşı avtomobil isə öz hərəkət istiqamətindən bir qədər qarşıda, yolun sağ kənarında dayanmışdır. Bu zaman onu vuran avtomobilin tanımadığı sürücüsü və həmin ərazidə xidmət aparan polis əməkdaşları onu Bayıl qəsəbəsində yerləşən X8 Stansiyasına aparmış, orada ona ilkin tibbi yardım göstərildikdən sonra təcili yardım maşını ilə Bakı şəhəri, Sabunçu rayonunda yerləşən 3 saylı şəhər xəstəxanasma aparılmışdır. Xəstəxanada müayinə olunduqdan sonra müalicə edilmiş və öz istəyilə evə buraxılmışdır. İzahatı alınmış Şəxs bildirmişdir ki, özünə məxsus ağ rəngli, “VAZ-21074” markalı, ** HE *** dövlət qeydiyyat nişanlı minik avtomobili və həmin avtomobili idarə etmək üçün “BE, CE” dərəcəli sürücülük vəsiqəsi vardır. xx.xx.2020-ci il tarixində, saat təxminən 15:15 radələrində idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan minik avtomobili ilə Bakı şəhəri, Səbail rayonu, “X9” küçəsi ilə yolun birinci hərəkət zolağıyla üzü Bibi-Heybət qəsəbəsi istiqamətində təxminən 60-70 km/saat sürətlə hərəkət etmişdir. Jurnalistlər üçün inşa edilmiş yaşayış kompleksinin onun hərəkətdə olduğu yola bitişik hissəsinə yaxınlaşdığı zaman uzaqdan yol ayırıcısında quraşdırılmış işıqforun yaşıl işığının yanıbsöndüyünü görmüşdür. O. işıqforun qırmızı işığı yanmamış yolu keçib qurtaracağını güman edərək, gəldiyi sürətlə öz hərəkətinə davam etmişdir. Lakin, o, yol ayırıcısına işıqforun qırmızı işığında daxil olmuş və elə bu an idarə etdiyi avtomobilin qarşı hissəsilə onun sağından, jurnalistlər üçün inşa edilmiş yaşayış kompleksinin həmin yola bitişik hissəsindən hərəkətə başlayan mopedin sol yan hissəsi arasında toqquşma baş vermişdir. Hadisədən əvvəl sükanı nisbətən sola tərəf çəkməsinə baxmayaraq, nəqliyyat vasitələri arasında olan məsafə az olduğundan hadisənin qarşısını ala bilməmişdir. Toqquşmanın təsirindən mopedin sürücüsünün yerə yıxılaraq hər iki ayaqlarından xəsarət aldığını görmüş və bu səbəbdən idarə etdiyi nəqliyyat vasitəsini öz hərəkət istiqamətində bir qədər qarşıda, yolun sağ kənarında saxlayaraq həmin mopedin sürücüsünə yaxınlaşmışdır. Bu zaman həmin ərazidə xidmət aparan polis əməkdaşlarının köməkliyi ilə özü də iştirak etməklə adının sonradan X3 olduğunu öyrəndiyi həmin sürücünü yaxınlıqda yerləşən X8 Stansiyasına aparmışdır. Aslan Mirzəzadəyə ilkin tibbi yardım göstərildikdən sonra təcili yardım maşını ilə Bakı şəhəri, Sabunçu rayonunda yerləşən 3 saylı şəhər xəstəxanasına aparılmış, orada müayinə olunduqdan sonra müalicə edilmiş və öz istəyilə evə buraxılmışdır. Verilən suallara cavab olaraq, hadisə baş verdiyi zaman idarə etdiyi nəqliyyat vasitəsinin yüksüz vəziyyətdə olduğunu, hadisədən əvvəl spirtli içki qəbul etmədiyini, eləcə də hadisənin öz ehtiyatsızlığı nəticəsində baş verdiyini, bu səbəbdən səmimi peşmançılıq hissi keçirdiyini bildirmişdir. Materiala əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə- Tibbi Ekspertiza və Patoloji Anatomiya X1 rayon şöbəsindən daxil olmuş xx.xx.2020-ci il tarixli, JV2333 saylı ekspert rəyindən görünür ki, X2 bədən səthi üzərində müəyyən edilmiş xəsarətlər - sağ diz oynağının ön-iç səthinin sıyrığı, sol diz oynağının ön-bayır səthinin sıyrıqla əhatə olunmuş cərrahi tikişli əzilmiş yarası, sağ baldırın orta 1/3-nin ön-iç səthinin sıyrığı bərk küt əşya(lar)ın təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və müayinə olunanın göstərdiyi şəraitdə, yəni xx.xx.2020-ci il tarixli yol nəqliyyat hadisəsi, o cümlədən, hərəkətdə olan mopedin avtomobil ilə toqquşması nəticəsində sürücü qismində əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərərvurmaya aid edilmişlər. Beləliklə, toplanmış materialdan görünür ki, xx.xx.2020-ci il tarixində, günəşli hava şəraitində saat təxminən 15:15 radələrində Şəxs idarə etdiyi “VAZ-21074” markalı, ** HE *** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Bakı şəhəri, Səbail rayonu, “X9” küçəsi ilə təxminən 60-70 km/saat sürətlə hərəkətdə olduğu zaman, jurnalistlər üçün inşa edilmiş yaşayış kompleksinin həmin yola birləşən yol ayırıcısında quraşdırılmış işıqforun qadağanedici qırmızı işığından keçdiyi üçün onun idarə etdiyi nəqliyyat vasitəsinin qarşı hissəsi ilə yolun sağ hissəsindən yenicə hərəkətə başlayan, X2 idarə etdiyi “RKS Pesaro 125” markalı mopedin sol yan hissəsi arasında toqquşma baş vermiş, nəticədə ehtiyatsızlıqdan A.V.Mirzəzadə yüngül dərəcəli bədən xəsarəti almışdır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs əməlindən səmimi peşman olduğunu, barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Qanunla müəyyən olunmuş qaydada və müddətdə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəmə iclasına gəlmədiyi və səbəbini bildirmədiyi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsaslanaraq inzibati xəta protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən, bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkibi var və 200 (iki yüz) manat məbləğində cərimə edilməlidir. Qeyd olunan əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 116, 117, 101-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərardan 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar