Məhkəmə qərarları › İş №3(009)-1437/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1437/2022

28.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1437/2022 28.09.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs1 iştirakları ilə, Şəxs1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 561-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Dövlət Əmlakının İdarə edilməsi və Səmərəli istifadəsinə nəzarət şöbəsi tərəfindən Şəxs1 Azərbaycan Respublikası İXM-nin 561-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 08 sentyabr 2022-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs2 MMC tərəfindən dövlət əmlakının qorunub saxlanılması və ondan istifadə vəziyyəti haqqında illik hesabat formasında əsas vəsaitlərin balansdan silinməsi zamanı müvafiq icra hakimiyyəti orqanından rəy alınmamışdır. Nəticədə, Şəxs1 tərəfindən Azərbaycan Respublikası İXM-nin 561-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt Şəxs2 MMC-nin təqdim etdiyi hesabat formasında və baş mühasib tərəfindən təqdim edilən sənədlərlə təsdiq edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin nümayəndəsi X3 inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, təqdim olunmuş illik xüsusi hesabatın təhlili əsasında Şəxs2ndə 2 sentyabr 2022-ci il tarixdə aparılmış monitorinq zamanı ilkin dəyəri 336.8 min manat olan əsas vəsaitlərin silinməsi barədə tərtib edilmiş sənədlərin düzgünlüyü araşdırılarkən məlum olmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 noyabr 2004-cü il tarixli 177 nömrəli Qərarı ilə təsdiq edilmiş "Dövlət müəssisə və təşkilatlarının, habelə nizamnamə kapitalında dövlətin payı olan müəssisələrin balansında olan yararsız hala düşmüş, həmçinin oğurlanmış və ya naməlum şəraitdə itmiş əsas vəsaitlərin (fondların) silinməsi Qaydalar"ının tələblərinə əməl olunmamışdır. Ona görə də inzbati xəta hadisəsi törtətmiş Şəxs1 barəsində qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs1 öz izahatında bildirmişdir ki, həqiqətən də əsas vəsaitlərin balansdan silinməsi zamanı müvafiq icra hakimiyyəti orqanından rəy alınmamışdır. Belə ki, həmin əsas vəsaitlər istismar müddətini başa vurmuş, istehsalat tarixi həddindən artıq köhnə olan əsas vəsaitlər olmuşdur. Bəziləri tamamilə sıradan çıxmış və yalnız müəyyən hissələri qalmışdır, ona görə də vahidinin dəyəri min manatdan yuxarı olan əsas vəsaitin silinməsi zamanı qalıq dəyəri 0 (sıfır) manat nəzərə alınaraq Əmlak Məsələləri Dövlət Xidmətindən müvafiq rəy almadan silinmişdir. O, yalnız ləğvetmə komissiyasının üzvlərindən biri olmuş, komissiyanın sədri, digər üzvləri və maddi məsul şəxslə birlikdə əsas vəsaitin silinmə aktını öz imzası ilə təsdiq etmişdir. Hesab edir ki, Şəxs2 vəzifəli şəxsi olmamış və onun barəsində inzibati xəta haqqında protokol əsassız olaraq tərtib olunmuşdur. Ona görə də iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs1 barəsində Azərbaycan Respublikası İXM-nin 561-ci maddə ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin məktubundan görünür ki, Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli 586 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramı”nın 9.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 aprel 2008-ci il tarixli 98 nömrəli Qərarı ilə təsdiq olunmuş “Dövlət əmlakının qorunub saxlanılması və ondan istifadə vəziyyəti haqqında illik xüsusi hesabat forması” Şəxs2 tərəfindən 2021-ci hesabat ili üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə təqdim olunmuşdur. Təqdim olunmuş illik xüsusi hesabatın təhlili əsasında Şəxs2ndə 2 sentyabr 2022-ci il tarixdə aparılmış monitorinq zamanı ilkin dəyəri 336.8 min manat olan əsas vəsaitlərin silinməsi barədə tərtib edilmiş sənədlərin düzgünlüyü araşdırılmışdır. Əsas vəsaitlərin silinməsinin düzgünlüyü araşdırılarkən məlum olmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 noyabr 2004-cü il tarixli 177 nömrəli Qərarı ilə təsdiq edilmiş "Dövlət müəssisə və təşkilatlarının, habelə nizamnamə kapitalında dövlətin payı olan müəssisələrin balansında olan yararsız hala düşmüş, həmçinin oğurlanmış və ya naməlum şəraitdə itmiş əsas vəsaitlərin (fondların) silinməsi Qaydalar"ının tələblərinə əməl olunmadığı halı müəyyən edilmişdir. Belə ki, müəssisə tərəfindən vahidinin dəyəri 5 min manatdan yuxarı olan əsas vəsaitlərin qanunvericiliklə müəyyən edilmiş qaydalara əməl edilmədən (Əmlak Məsələləri Dövlət Xidmətindən müvafiq rəy alınmadan) balansdan silinmişdir. İş materiallarında olan Şəxs2 Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə ünvanlanmış məktubundan görünür ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Kənd Təsərrüfatı Nazirliyinin “X2 və Emal Birliyi" Məhdud Məsuliyyətli Cəmiyyətində aparılmış monitorinq zamanı əsas vəsaitlərin silinməsi ilə əlaqədar aşkar olunmuş fakt barədə inzibati tənbeh tədbiri görülməsi üçün səlahiyyətli nümayəndə kimi “X2 və Emal Birliyi" MMC-nin Emalın təşkili şöbəsinin müdiri ve eyni zamanda Nəqliyyat vasitələrinin istismar vəziyyətini müəyyən etmək üçün "25" noyabr 2019-cu il tarixli 66 Ü №-li əmrlə təyin edilmiş daimi fəaliyyətdə olan komissiya üzvü Şəxs1 səlahiyyətli nümayəndə kimi Əmlak Məsələləri Dövlət Xidmətinə gəlməsi təmin olunmuşdur. İş materiallarında olan "08" yanvar 2019-cu il tarixli əmrdən görünür ki, Şəxs1 “X2 və Emal Birliyi" MMC-nin Daxili Audit şöbəsi üzrə baş mütəxəssis təyin edilmişdir. İş materiallarında olan "01" aprel 2022-ci il tarixli əmrdən görünür ki, Şəxs1 “X2 və Emal Birliyi" MMC-nin Emalın təşkili şöbəsinin müdiri vəzifəsinə keçirilmişdir. İş materiallarında olan "28" noyabr 2019-cu il tarixli Əmlakın (qiymətlilərin) ləğvi aktından görünür ki, Əmlakların (qiymətlilərin) istismar vəziyyətini müəyyən etmək üçün "25" noyabr 2019-cu il tarixli 66 Ü №-li əmrlə təyin edilmiş daimi fəaliyyətdə olan komissiyanın tərkibi sədr, 4 nəfər üzv və maddi məsul şəxsdən ibarət olmuşdur. Beləliklə, işin faktiki hallarından görünür ki, Şəxs1 “X2 və Emal Birliyi" MMC-nin vəzifəli şəxsi deyil, Daxili Audit şöbəsinin baş mütəxəssisi kimi Əmlakların (qiymətlilərin) istismar vəziyyətini müəyyən etmək üçün təyin edilmiş daimi fəaliyyətdə olan komissiyanın üzvü olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 561-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının razılığı olmadan dövlət müəssisə və təşkilatlarına məxsus obyektlərin (əsas vəsaitlərin) balansdan balansa verilməsinə və həmin orqanın rəyi olmadan silinməsinə görəvəzifəli şəxslər üç min beş yüz manatdan beş min manatadək məbləğdə cərimə edilir. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs1 Azərbaycan Respublikası İXM-nin 561-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; Həmin Məcəllənin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin maddənin qeydinə əsasən dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində təşkilatisərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Azərbaycan Respublikasının İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4-cü maddəsinə görə inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs1 əməlində inzibati xəta tərkibi olmadığından onun barəsində Azərbaycan Respublikası İXM-nin 561-ci maddəsi ilə başlanmış icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38, 43, 53, 105, 109, 114, 122, 123, 561-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 561-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar