Məhkəmə qərarları › İş №3(009)-1453/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1453/2025

20.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1453/2025 20.06.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Cəfərov Səbuhi Mahir oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin nümayəndəsi X2 iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Məhkəmənin icraatına vəzifəli şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə toplanmış material daxil olmuşdur. İnzibati xəta haqqında protokola əsasən vəzifəli şəxs Şəxs tərəfindən inzibati cərimə növündə inzibati tənbeh vermə haqqında qərarın icrası ilə əlaqadar DƏMX-nin Bakı şəhər İdarəsinin 30 aprel 2024-cü il tarixli 3-17-5/2-24796/2024 nömrəli məktubunda nəzərdə tutulmuş tədbirlər görülməmişdir. Nəticədə, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən tərtib olunmuş 26 may 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola etirazdan görünür ki, 26 yanvar 2024-cü il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər İdarəsi direktoru olduğu "xxxx" şirkəti barəsində inzibati xəta haqqında MN ******* saylı ptotokol tərtib edərək baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərmişdir. Həmin protokol qərəzli şəkildə əsassız olaraq tərtib edilmişdir. Belə ki, şirkətin bütün işçiləri qanuni şəkildə işə qəbul edilmiş, hər birinin adına X7 əmək haqqı ödəmələri üçün şəxsi hesab açılmış, işçilər maaş kartı ilə təmin olunmuşdur. İşlədikləri müddətdə bütün işçilər maaşlarını bank kartları vasitəsilə almış və onların sosial ödəmələri şirkət tərəfindən həyata keçirilmişdir. İşçilərdən heç biri iş şəraitindən və əmək haqqlarının vaxtında ödənilməməsindən narazı qalmamışdır. Yuxarıda qeyd olunan müraciətlə bağlı 22 fevral 2024-cü ildə X4 sədrliyi ilə Nizami rayon Məhkəməsində işə baxılmışdır. Məhkəmə "xxxx" şirkətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1 maddəsi ilə 20000 (iyirmi min) manat cərimə olunması haqqında əsassız qərar qəbul etmişdir. Məhkəmə prosesində Hakim N.X1 hüquqşünasına "birinci dəfə baş verən xətaya görə ikiqat cərimə edilməsi yanlışdır və direktor Şəxs haqqında 4500 (dörd min beş yüz) manat cərimə qərarını ləğv edin"- deməsindən sonra direktor kimi şirkətdən əlavə onun da cərimə olunmağı haqqında Müfəttişliyin qərar qəbul etdiyini bilmişdir. Digər tərəfdən, Müfəttişliyin nümayəndəsi, hüquqşünası Hakimə ləğv edərik.- deyə cavab da verdi. O elə anlamışdır ki, müfəttişlik onun da cərimə olunmağı haqqında verdiyi qərarı (protokolu) ləğv edəcəkdir. Ancaq, bundan təxminən 2 ay keçdikdən sonra Səbail rayon İcra şöbəsinin icra məmuru ona zəng edərək onun özünün Əmək Müfəttişliyinin 25 fevral 2024-cü il tarixli MN ******* saylı qərarla 4500 (dörd min beş yüz) manat cərimə olunduğunnu bildirdi. O, icra məmuruna məsələni yuxarıda qeyd olunduğu kimi söyləmiş və bu qərardan xəbərsiz olduğunu və qərarın ona təqdim edilmədiyini söyləmişdir. Eyni zamanda, qısa müddət sonra Bakı şəhər Əmək Müfəttişliyinin rəhbərliyi ilə məsələ üçün görüşmək istəmişdir. Ona rəisin məzuniyyətdə olduğunu və qayıtdığı zaman özlərinin xəbər edəcəklərini bildirdilər. 2024-cü ilin iyun ayının sonuna yaxın ona rəisin qayıtdığını bildirdilər. Rəislə görüşə bilməmiş, müavinlə görüşmüş və bir nəticə ala bilmədiyini anlamışdır. Ona cərimə haqqında qərarın çatdırılmadığını söyləmişdir və 21 iyun 2024cü ildə qərarın ona təqdim olunması üçün müraciət etmişdir. Müfəttişlik 09 avqust 2024-cü il tarixdə poçt vasitəsilə onun 4500 manat cərimə olunmağı haqqında qərarı çatdırdı. Qərardan Səbail rayon məhkəməsinə şikayət etmək istəmişdir. Amma, ona qərarın verildiyi gündən çox vaxt keçdiyinə görə şikayəti qəbul edilmədi. Bundan sonra, icra məmuru ilə onun maaşından hər ay cərimənin ödənilməsi üçün 50% ödənilməsi haqda razılaşmışlar. İcra məmuru YapıKredi Banka onun maaş hesabından hər ay 50%-in tutulub Dövlət Xəzinədarlığına cərimə üçün ödənilməsi haqda təklif göndərmişdir. Bankda məlum olub ki, Xəzinədarlığa fiziki şəxs hesabından ödəniş etmək mümkün deyil. Buna görə də cərimə ödənişləri ondan asılı olmayan səbəblərə görə həyata keçirilməmişdir. O bunu 05 may 2025-ci il tarixli 3-17- 5/2-H-40660/2025 saylı bildirişi poçt vasitəsilə 10 may 2025-ci il tarixdə aldıqdan sonra bilmişdir. Müfəttişliyin əməkdaşı ilə görüşüb ona məsələni danışdıqdan sonra, cərimə üçün 500 (beş yüz) manat ödəniş qəbzini və onun tərəfindən hər ay cərimə üçün maaşından 50%-in tutulması haqqında zəmanət məktubunu ona təqdim etmişdir. Buna baxmayaraq Müfəttişlik, sanki inadkarcasına 27 may 2025-ci il tarixdə yenidən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1 maddəsinin ona tətbiq edilməsi üçün müvafiq protokolla Səbail rayon Məhkəməsinə müraciət etmişlər. Ədalət mühakiməsinin və qanunun aliliyinə inanaraq barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolu qərəzli, əsassız və qanunsuz hesab edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X5 bildirmişdir ki, 05 fevral 2024-cü il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən 4000 manat məbləğində cərimə tətbiq edilmişdir. Lakin, hazırki vaxtadək cərimə ödənilməmişdir. Buna görə də şəxs 30 aprel 2024-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsinə əsasən cəriməni ödəməsi barədə xəbərdar edilmiş, lakin cəriməni ödəməmişdir. Protokol tərtib edilmək məqsədi ilə şəxs dəvət edilmiş, lakin şəxs gəlməmiş və iştirakı olmadan 26 may 2025-ci il tarixdə protokol tərtib edilmişdir. Xəbərdalıq məktubu 30 aprel 2024-cü il tarixdə göndərildiyini, lakin Şəxs həmin məktubu nə zaman əldə etməsi barədə məlumatı olmadığını bildirərək Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməsi barədə 05 fevral 2024-cü il tarixli MN ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərarın və həmin qərarın icrası ilə əlaqədar Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər İdarəsinin 30 aprel 2024-cü il tarixli, 3-17-5/2-24796/2024 saylı məktubununun "xxxx" MMC-nin direktoru Şəxs rəsmi qaydada təqdim olunmasını təsdiq edən sənədin məhkəməyə təqdim edə bilmədiyini bildirmişdir. Məhkəmədən Şəxs inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxs "xxxx" MMC-nin direktoru Şəxs bildirmişdir ki, barəsində olan inzibati tənbeh vermə haqqında qərar üzrə 4000 manat məbləğində inzibati cərimənin 500 manat məbləğində hissəsi ödənilmiş və maaş hesabından hər ay 50%-dən az olmayaraq pul tutulması üçün banka məlumat verilməsi razılaşdırılmışdır. Göstərilənləri nəzərə alaraq, barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 26 may 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, vəzifəli şəxs Şəxs tərəfindən inzibati cərimə növündə inzibati tənbeh vermə haqqında qərarın icrası ilə əlaqadar DƏMX-nin Bakı şəhər İdarəsinin 30 aprel 2024-cü il tarixli 3-17-5/2-24796/2024 nömrəli məktubunda nəzərdə tutulmuş tədbirlər görülməmişdir. 05 fevral 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək 4000 manat inzibati cərimə edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-17-5/2-24796/2024 saylı məktubundan görünür ki, "xxxx" MMC-nin direktoru Şəxs ünvanlanan məktubda göstərilmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X3 Xidməti tərəfindən qəbul edilmiş 05 fevral 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 150.5-ci maddəsinin tələbinə əsasən icra edilməsi məqsədilə "xxxx" MMC-yə göndərilmişdir. 26 may 2025-ci il tarixli, 24526 nömrəli (terminal nömrəsi: K0208012, əməliyyat İD: 9********) qəbzdən və 26 may 2025-ci il tarixli zəmanət məktubundan görünür ki, Şəxs barəsində 05 fevral 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar üzrə 4000 manat məbləğində inzibati cərimənin 500 manat məbləğində hissəsi ödənilmiş və maaş hesabından hər ay 50%-dən az olmayaraq pul tutulması üçün icraçının banka məlumat verməsi razılaşdırılmışdır. Məhkəmə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X3 Xidmətinin nümayəndəsini dinləyib, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsi ilə olan inzibati protokol əsassızdır və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Qeyd: Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. 53.1.1-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən, Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 109.2-ci maddəsinə əsasən, Bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. 529.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 150.5.1-ci maddəsində nəzərdə tutulmuş subyektlər tərəfindən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrası ilə əlaqədar tədbirlərin görülməməsinə görə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. 150.1-ci maddəsinə əsasən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı qanuni qüvvəyə mindikdən və ya bu Məcəllənin 143-cü maddəsində nəzərdə tutulmuş möhlət verilmənin, təxirəsalmanın müddəti bitdikdən otuz gündən gec olmayaraq, inzibati xəta törətmiş şəxs inzibati cəriməni ödəməlidir. 150.5.1-ci maddəsinə əsasən bu Məcəllənin 150.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə inzibati cərimə ödənilmədikdə, onun ödənilməsi məqsədi ilə inzibati cərimə tətbiq etmə haqqında qərarın surəti həmin qərarı qəbul etmiş səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən fiziki şəxslər barəsində- onun əməkhaqqından, təqaüdündən, pensiyasından və ya digər gəlirlərindən tutulması üçün inzibati məsuliyyətə cəlb edilmiş şəxsin işlədiyi və ya oxuduğu, yaxud əməkhaqqı aldığı müəssisəyə, idarəyə, təşkilata və ya pensiya təyin edən orqana göndərilir. 130.1-ci maddəsinə əsasən həmin Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1–57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. 138.1.1-ci maddəsinə əsasən qərardan şikayət və ya protest verilməmişdirsə, inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. 57.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Sənədin çatdırılmasını hakim məhkəmə işçisinə, səlahiyyətli orqan isə müvafiq orqanın əməkdaşına tapşıra bilər. 57.2-ci maddəsinə görə sənəd onu göndərən hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalı olan qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, səlahiyyətli orqan (vəzifəli şəxs), yaxud sənədin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. 57.3-cü maddəsinə görə sənədi çatdırmalı olan şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənəd ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda ünvan sahibinin yaşayış yeri üzrə yerli özünüidarə orqanına, müvafiq icra hakimiyyəti orqanına, yaxud onun iş yerinin müdiriyyətinə verilir. Ünvan sahibinin əvəzinə sənədi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi sənədi ünvan sahibinə verməlidir. 57.4-cü maddəsinə görə sənədi çatdırmalı olan rabitə orqanı, yaxud sənədin çatdırılması tapşırılmış şəxs bu işi sənədi aldığı tarixdən sonrakı gündən gec olmayaraq yerinə yetirməli və sənədi çatdırdığı barədə bir gün müddətində müvafiq hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) xəbər verməlidir. Məhkəməyə daxil olmuş protokol və əlavə edilmiş materiallardan, tərəflərin izahatlarından inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrası ilə əlaqədar tədbirlərin görülməməsinin Şəxs hər hansı konkret təqsirli hərəkət və ya hərəkətsizliyinin nəticəsi olması, yəni qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməlin (hərəkət və ya hərəkətsizlik), yəni inzibati xətanın törədilməsi müəyyən edilmir. İlk olaraq məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsinə əsasən həmin Məcəllənin 150.5.1-ci maddəsində nəzərdə tutulmuş subyektlər tərəfindən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrası ilə əlaqədar tədbirlərin görülməməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Bunun üçün ilk növbədə qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar qanuni qüvvəsini almalı, daha sonra qanuni qüvvəsini almış qərarın icrası ilə əlaqədar tədbirlər görülməməsinə görə təqsirli şəxslər inzibati məsuliyyətə cəlb edilməlidir. Lakin hazırkı inzibati icraatın materiallarından və tərəflərin izahatından müəyyən edilir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməsi barədə 05 fevral 2024-cü il tarixli MN ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərar rəsmi qaydada təqdim edilmədiyindən həmin qərar qanuni qüvvəsini almamışdır. Eyni zamanda həmin qərarın icrası ilə əlaqədar Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər İdarəsinin 30 aprel 2024-cü il tarixli, 3-17-5/2-24796/2024 saylı məktubununun da "xxxx" MMC-nin direktoru Şəxs çatdırılmasını təsdiq edən sənəd iş materialında mövcud deyildir. Qərarın və həmin qərarın icrası ilə əlaqdar tədbirlərin görülməsi barədə göndərilmiş məktubun rəsmi qaydada təqdim edilməsini təsdiq edən sənədin məhkəməyə təqdim edilməsi üçün protokol tərtib etmiş orqanın nümayəndəsinə şərait yaradılsa da, nümayəndə həmin qərarın və məktubun çatdırılmasını təsdiq edən sənədlərin mövcud olmadığından məhkəməyə təqdim edə bilmədiyini bildirmişdir. Qanuni qüvvəsini almamış qərara və həmin qərarın icrası ilə əlaqədar tədbirllərin görülməsi barədə məktubun çatdırılmasını təsdiq edən sübut olmadan hər hansı şəxsin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsi ilə təqsirli bilinməsi qanunsuz və əsassızdır. Həmçinin, Şəxs barəsində 05 fevral 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar üzrə 4000 manat məbləğində inzibati cərimənin 500 manat məbləğində hissəsi ödənilmiş və maaş hesabından hər ay 50%-dən az olmayaraq pul tutulması üçün icraçının banka məlumat verməsi razılaşdırılmışdır. Protokol tərtib edilən şəxs tərəfindən göstərilən inzibati xətanın törədilməsi və onun təqsiri iş materialları ilə sübuta yetirilmir. Onun təqsirli bilinməsinə dair protokol tərtib etmiş səlahiyyətli orqan tərəfindən isə kifayət qədər sübut toplanılmamış, inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrası ilə əlaqədar tədbirlərin görülməməsində Şəxs qəsdi barədə hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə deyil, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş 4 əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin ilə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. Qeyd edilənlərə əsasən hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir, onun əməlində inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. Ona görə də, məhkəmə Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsinin tərkib əlamətlərinin olmaması qənaətinə gəlir və onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini hüquqa uyğun hesab edir. Beləliklə məhkəmə, yuxarıda sadalanan halları nəzərə alıb, qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsinin tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, hazırkı halda Şəxs barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindikdən sonra həmin qərarın icrası ilə əlaqədar tədbirlərin görülməməsi mənasına gəlmir və qərar qanuni qüvvəsini aldıqdan sonra səlahiyyətli orqan tərəfindən Şəxs qərarın icrası ilə əlaqədar tədbirlər görmədiyi halda yenidən onun barəsində inzibati xəta haqqında protokol tərtib edərək aidiyyatı üzrə məhkəməyə müraciət edilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 84, 105, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər HAKİM: AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar