Məhkəmə qərarları › İş №3(009)-1460/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1460/2025

04.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1460/2025 04.06.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Qafarova Rəna Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Paşazadə Pərvin Kamandar oğlunun katibliyi, Bakı şəhəri Səbail RPİ-nin 39-cu polis bölməsinin sahə inspektoru X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1991-ci il tarixdə Ağcabədi rayonunda anadan olmuş, işsiz, Ağcabədi rayonu, Ü.Hacıbəyli prospekti ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Səbail RPİ-nin 39-cu polis bölməsi tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair 04 iyun 2025-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs qanunsuz olaraq satış məqsədi olmadan 0.18 qr narkotik vasitə marixuananı daşımasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərədə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan 04 iyun 2025-ci il tarixli, AZA 026455 saylı inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 04 iyun 2025-ci il tarixdə, saat 15:00-da inzibati qaydada tutulmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Səbail RPİ-nin 39-cu polis bölməsinin sahə inspektoru X2 inzibati xəta haqqında protokolda göstərilənləri təsdiqləyərək, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinərək müvafiq inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əvvəllər arabir marixuana istifadə etdiyini, 5 ay olar ki, Rusiyaya getdiyini, Rusiyaya getməzdən əvvəl narkotik vasitənin şalvarının cibində qaldığını, hazırda istifadə etmədiyini, əməlindən peşman olduğunu bildirərək ona yüngül inzibati tənbeh verilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi–narkotik vasitəni əldə edilməsi - tam sübuta yetirilir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 04 iyun 2025-ci il tarixli 7/823 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “vət. Şəxs üzərindən çıxan narkotik vasitəyə bənzər bir büküm” yazılar və imzalar olan zərfdə 1 ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 0.18 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazılanmış narkotik vasitə qurudulmuş marixuanadır. 04 iyun 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs əməlində AR İXM-nin 206-cı maddəsinin tərkib əlamətləri yarandığından müəyyən edilərək barəsində inzibati təsir tədbirlərinin görülməsindən ötrü qəbul edilmiş qərarın surətinin aidiyyəti əməkdaşa həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan görünür ki, faktla bağlı Səbail RPİ-nin 39-cu Polis Bölməsinə gətirilmiş Şəxs üzərinə AR DSX-nin əməkdaşlarının iştirakı ilə videoçəkiliş vasitəsilə şəxsi axtarış aparılmış, axtarış zamanı Şəxs əyninə geyindiyi göy rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd gümüşü bükümü təqdim edərək bildirdi ki, təqdim etdiyi bir ədəd gümüşü kağıza bükülmüş yaşıl rəngdə olan kütlə narkotik maddə marixuanadır. Şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Daimi olaraq olmasa da ara-bir narkotik maddə istifadəçisidir. Şəxs təqdim etdiyi içərisində narkotik vasitəyə bənzər maddə olan bir ədəd gümüşü rəngli büküm cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan DSX İTİ-nin təhqiqatçısı tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası möhürlənərək götürülmüşdür. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və maddələr aşkar edilmədi. Habelə şübhəli şəxs Şəxs baxış keçirilən zaman hər-hansı bir zora və ya təhqirə məruz qalması soruşulduqda o, heç bir zora məruz qalmadığını, təhqir olunmadığını və bu barədə heç kimdən şikayətinin və ya tələbinin olmadığını bildirdi. Habelə o, aparılmış şəxsi axtarışdan da şikayətinin olmadığını və bunu da imzası ilə təsdiq etdiyini qeyd etdi. İş materiallarında olan “narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhkəmə ekspertizasının aparılması zamanı maddi sübutların qəbul edilməsi, tədqiqat üçün nümunələrin götürülməsi və qalan kütlənin geri qaytarılmasına dair 04 iyun 2025-ci il tarixli aktdan görünür ki, BNMİ tərəfindən bir ədəd gümüşü rəngli kağız bükümdə 0,18 qram maddə qəbul edilmiş, 0,02 qram nümunə götürülmüş, 0,16 qram maddə geri qaytarılmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə - üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. İnzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. (31.4-1) Həmin Məcəllənin 32.1.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati tənbeh tətbiq edilərkən məsuliyyəti yüngülləşdirən hal hesab edilir. İnzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1-32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. (32.2.) Məhkəmə Şəxs əməlindən peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi qəbul edir, məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən işin hallarını, törətdiyi inzibati xətanın xarakterini, təqsirin dərəcəsini, o cümlədən məsuliyyəti yüngülləşdirən halı və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsini mümkün hesab etmir və Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsinin qanuni və əsaslı olması ilə yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğun olması nəticəsinə gəlir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində 15 (on beş) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli və inzibati həbs müddətinin əvvəli 04 iyun 2025-ci il tarixdən, saat 15:00-dan hesablanmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 77.3, 94.12-ci maddələrinə əsasən, icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) iş üzrə icraat başa çatanadək maddi sübutların qorunub saxlanılmasının təmin edilməsi üçün tədbirlər görməli, inzibati xəta haqqında iş üzrə icraat başa çatdıqdan sonra maddi sübutlar haqqında qərar qəbul etməlidir. Məhv edilməli olan narkotik vasitələrin və psixotrop maddələrin, etil spirtinin, alkoqollu və tərkibində spirt olan məhsulların nümunələri inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərar qanuni qüvvəyə mindiyi günədək saxlanılır. Məhkəmə maddi sübut məsələsini müzakirə edərək, qanunvericiliyin normalarına istinad edərək hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs aşkar edilərək götürülmüş üzərində “vət. Şəxs üzərindən çıxan narkotik vasitəyə bənzər bir büküm” yazılar və imzalar olan zərfdə 1 ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 0.18 qram, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0.16 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazılanmış narkotik vasitə - qurudulmuş marixuana qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48- 51, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinsin və barəsində 15 (on beş) gün müddətinə inzibati həbs tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli 04 iyun 2025-ci il tarixdən, saat 15:00-dan hesablansın. İş üzrə maddi sübut Bakı şəhəri Səbail RPİ-də saxlanılan, Şəxs götürülmüş xalis çəkisi 0.18 qram, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0.16 qram olan narkotik vasitə qurudulmuş marixuana qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin inzibati həbs olunanların saxlanılma məntəqəsində saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar