Məhkəmə qərarları › İş №3(009)-1464/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1464/2020

04.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1464/2020 04.08.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Məmmədov Azər Rasim oğlunun katibliyi, Səbail RPİ-nin 9-cu PB-nin sahə rəisi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1981-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının, Şərur rayonu, Aralıq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 mənzil 4 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Səbail RPİ-nin 9-cu PB tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 211.1 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Səbail RPİ-nin 9-cu PB tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında iş materiallarından görünür ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə, saat 22:25 radələrində Səbail rayonu, N.Nərimanov prospekti, 2 A ünvanında yerləşən “40 pillə” adlanan kafedə epidemiya əlehinə rejim sanitariya qiqiyena qaydalarını pozaraq təkrar kafe fəaliyyəti göstərmiş və polisin qanuni tələbinə tabe olmamışdır. Məhkəmə iclasında Səbail RPİ-nin 9-cu PB-nin sahə inspektoru X2 protokolu müdafiə edərək izahatında bildirdi ki, Bakı şəhəri, Səbail rayonu, N.Nərimanov prospekti, 2 A ünvanında yerləşən “40 pillə” adlı kafenin fəaliyyət göstərdiyini və içərisində müştərilər olduğu aşkar edilmiş və dərhal bu barədə köməyə çağırış 6657 olan avtopatrul çağırılaraq kafeyə daxil olmuşlar. Orada olan şəxsləri karantin qaydalarına pozduqlarına görə kafenin müdiri ilə birlikdə 9-cu PB-nə gətirmişlər. Səbail RPİ-nin 9-cu polis bölməsində Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1 və 535.1-ci maddələri ilə inzibati protokol tərtib edilmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində qanuni tədbirlər görülməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək izahatında göstəmişdir ki, Bakı şəhəri, Səbail rayonu, N.Nərimanov prospekti, 2 A ünvanında yerləşən “40 pillə” adlı kafeni o, icarə əsasında işlədir. İcarəyə götürdüyü vaxtdan kafeni işlədə bilmədiyindən xx xxxxxx 2020-ci il tarixdə icarə haqqını ödəyə bilmədiyindən, kafeni işlətmək qərarına gəlmişdir. Təxminən 4 saat işlətdikdən sonra polis əməkdaşları ora gələrək, ona hüquq və vəzifələrini izah edib, onu və kafedə olan digər şəxsləri Səbail RPİ-nin 9-cu polis bölməsinə dəvət etmişlər. Bundan əlavə o, izahatında karantin qaydalarını pozmasını etiraf edərək əməlindən peşman olduğunu və bir daha belə hallara yol verməyəcəyini bildirmişdir. O, həmçinin izahatında göstərmişdir ki, polis nəfərləri onu 9-cu polis bölməsinə dəvət etdikləri vaxt, o, buna etiraz etməyərək, sərbəst şəkildə avtomobilə əyləşərək polis bölməsinə getmişdir. O, polisin qanuni tələblərinə əməl etmiş və heç bir tabesizlik göstərməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Səbail rayon polis idarəsinin Post patrul xidməti bölüyünün manqa komandiri X3 izahatında göstərmişdir ki, o, xx xxxxxx 2020-ci il tarixdə xidmətdə olarkən Səbail rayonu, N.Nərimanov prospekti, 2 A ünvanında yerləşən “40 pillə” adlı kafenin fəaliyyət göstərdiyini və kafedə müştərilərin olduğunu aşkar etmiş və dərhal bu barədə köməyə avtopatrul çağıraraq kafeyə daxil olmuşlar. Orada olan şəxsləri karantin qaydalarına pozduqlarına görə kafenin müdiri ilə birlikdə Səbail RPİ-nin 9-cu PB-nə gətirmişlər. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir, İXM-nin 535.1-ci maddə ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. xx xxxxxx 2020-ci il tarixli MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə, saat 22:25 radələrində Bakı şəhəri, Səbail rayonu, N.Nərimanov prospekti, 2 A ünvanında yerləşən “40 pillə” adlanan kafedə epidemiya əleyhinə rejim, sanitariya qiqiyena qaydalarını pozaraq təkrar kafe fəaliyyəti göstərmiş və bununla da, Azərbaycan Respublikasının İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Materiala əlavə edilmiş inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdə, saat 22:30-da inzibati qaydada tutulmuşdur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə, saat 22:25 radələrində Səbail rayonu, N.Nərimanov prospekti, 2 A ünvanında yerləşən “40 pillə” adlanan kafedə epidemiya əlehinə rejim, sanitariya qiqiyena qaydalarını pozaraq təkrar kafe fəaliyyəti göstərmişdir. Həmçinin araşdırma zamanı müəyyən olunmuşdur ki, Şəxs eyni inzibati xətaya il ərzində təkrar yol vermişdir. Materiala əlavə edilmiş inzibati tənbeh vermə haqqında MN ******* nömrəli qərardan görünür ki, Şəxs xx xxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə təqsirli bilinərək 200 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 35-ci maddəsinə əsasən barəsində inzibati tənbeh tətbiq olunmuş şəxs tənbehin icrasını bitirdiyi gündən etibarən bir il ərzində yeni inzibati xəta törətməmişdirsə, o, inzibati məsuliyyətə cəlb edilməmiş hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə Şəxs tərəfindən təkrar karantin rejiminin pozulması sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə tövsif edilməli və həmin maddənin sanksiyası həddində onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə görə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə - fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər dörd min manatdan on min manatadək məbləğdə cərimə edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini və hallarını, təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədi Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və ona cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs təqsirini etiraf eməsini və əməlindən səmimi peşman olmasını məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alır. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən Şəxs eyni inzibati xətaya il ərzində təkrar yol verdiyini məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə Şəxs xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək inzibati qaydada tutulmasını nəzərə alaraq hesab edir ki, Şəxs təyin olunacaq inzibati cərimənin məbləğindən ¼ hissəsi çıxılmalı və o cərimənin ¼ hissəsindən azad edilməlidir. Həmçinin məhkəmə qeyd edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilməmişdir. Məhkəmə araşdırması zamanı barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs izahatında, polis nəfərlərinin onu Səbail RPİ-nin 9-cu polis bölməsinə dəvət etdikləri vaxt, o, buna etiraz etməyərək, sərbəst şəkildə avtomobilə əyləşərək polis bölməsinə getməsini, yəni o, polis qanuni tələblərinə əməl etməsini və heç bir tabesizlik göstərməməsini bildirsə də, protokol tərtib etmiş şəxs tərəfindən Şəxs həmin izahatının əksi olaraq, polis əməkdaşlarına tabesizlik göstərməsi ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Ona görə də məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin izahatını inandırıcı hesab edir. Həmçinin qeyd edilməlidir ki, Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolda onun polis işçisilərinin hansı qanuni tələblərinə qəsdən tabe olmamağı göstərilməmişdir. Şəxs polis əməkdaşlarının dəvəti ilə polis bölməsinə getmişdir. Bu hal həm Şəxs, həm məhkəmə iclasında dindirilmiş şahidin izahatları ilə öz təsdiqini tapmışdır. Təsvir olunanlardan görünür ki, məhkəmə araşdırması zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxsəməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi mövcud deyil. Məhkəmə həmçinin xüsusi olaraq qeyd etməyi zəruri hesab edir ki, Şəxs bir il ərzində eyni inzibati xətanı təkrar törətməsi, onun polisin qanuni tələblərinə əməl etməməsi kimi qiymətlədirilə bilməz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinəəsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinəəsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinəəsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinəəsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən müəyyən edilir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xəta tərkibi olmamışdır. Belə ki, inzibati xəta tərkibinin yaranması üçün zəruri olan 4 zəruri elementdən biri olan obyektiv cəhət yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı təkrar törətməkdə təqsirli bilinərək barəsində 400 (dörd yüz) manat məbləğində inzibati cərimə tətbiq edilməli, Şəxs inzibati qaydada tutulmasını nəzərə alaraq barəsində tətbiq edilmiş 400 (dörd yüz) manat inzibati cərimənin 100 ( bir yüz) manatından azad edilməli və üzərində 300 ( üç yüz) manat məbləğində inzibati cərimə saxlanılmalıdır. Şəxsbarəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 31, 43, 88, 114, 115, 128.2.1, 130.1, 211 və 535-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində inzibati cərimə edilsin. Şəxs 01 ( bir ) gün inzibati qaydada tutulmasını nəzərə alınaraq barəsində tətbiq edilmiş 400 (dörd yüz) manat inzibati cərimənin 100 (bir yüz) manatından azad edilsin və üzərində 300 (üç yüz) manat məbləğində inzibati cərimə saxlanılsın. Şəxsbarəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bir başa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar