Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1473/2025 25.06.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Mehdiyev Fərid Bəxtiyar oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib edilmiş 02 iyun 2025-ci il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokola əsasən Şəxs MMC 995309,68 Avro vəsaiti 20 aprel 2023-cü il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 995309,68 Avro məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmişdir. Xəta 21 aprel 2025-ci il tarixdə hüquqi şəxsin ünvanında törədilmişdir. Bununla da, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi Nümayəndə izahatında göstərmişdir ki, mallar ölkəyə idxal edilmiş və gömrük bəyannamələri tam şəkildə bəyan edilmişdir. Göstərilənlərə əsasən Şəxs MMC-nin barəsində başlanılmış inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbi barədə məhkəməyə məlumat verməmiş və Azərbaycan Respublikasının Mərkəzi Bankından işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə işə Azərbaycan Respublikasının Mərkəzi Bankının iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə izahatı dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" ASC-nin Azərbaycan Respublikası Mərkəzi Bankına ünvanlanmış olduğu xx.xx.2025-ci il tarixli məktubundan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs MMC tərəfindən 995309,68 Avro məbləğində avans ödənişi aparılmış, lakin 2 il tamam olmasına baxmayaraq malların idxal edilməsini təsdiqləyən sənədlər təqdim olunmamış və qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmamışdır. İş materiallarında olan bank məlumatlarından görünür ki, Şəxs MMC tərəfindən “COMMERZBANK” bank hesabına 995309,68 Avro məbləğində vəsait köçürülmüşdür. İş materiallarında olan proforma fakturalarından görünür ki, Şəxs MMC tərəfindən 995309,68 Avro məbləğində mallar alınmışdır. İş materiallarına əlavə edilmiş gömrük bəyannamələrindən görünür ki, 995309,68 Avro məbləğində mallar Azərbaycan Respublikasına idxal edilmişdir. İş materiallarına əlavə edilmiş Şəxs MMC tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli etirazdan görünür ki, Bakı şəhəri Səbail rayon Məhkəməsinə İddiaçı Azərbaycan Respublikası Mərkəzi Bankının iddia tələbinə cavabdeh Şəxs MMC tərəfindən ETİRAZ Yazıb nəzərinizə çatdırmaq istəyirik ki, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən Şəxs MMC barəsində xx.xx.2025-ci il tarixli, EP ******* saylı İnzibati xəta haqqında protokol tərtib edilmiş baxılması üçün Səbail rayon Məhkəməsinə göndərilmiş və hazırda icraatınızda 3(009)- 1473/2025 saylı iş vardır. Qeyd edilən İnzibati xəta haqqında protokolda şirkət olaraq 20 aprel 2023-cü il tarixdə avans olaraq 995309,68 (doqquz yüz doxsan beş min üç yüz doqquz avro, altmış səkkiz sent) Avro məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməyimizə baxmayaraq 2 il müddət keçdiyi halda alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədin banka təqdim olunmadığı və qabaqcadan ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması göstərilmiş, bununla da Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində “Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə” nəzərdə tutulmuş inzibati xətanın törədildiyi göstərilmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən sizə müvafiq bank tərəfindən təqdim edilmiş sənədlər əlavə edilsə də, Gömrük bəyannamələri əlavə edilməmişdir. Belə ki, həmin bəyannamələrdən görünür ki, Şəxs MMC 20 aprel 2023-cü il tarixdə “GLAAS X2” şirkətinə "xxxx" ASC vasitəsilə 995309,68 (doqquz yüz doxsan beş min üç yüz doqquz avro, altmış səkkiz sent) Avro pul köçürmüş, bunun müqabilində “GLAAS X2” şirkəti 995309,68 (doqquz yüz doxsan beş min üç yüz doqquz avro, altmış səkkiz sent) Avro dəyərində kənd təsərrüfatı təyinatlı texnikalar göndərmişdir. Belə ki, şirkətimiz “GLAAS X2” şirkəti ilə uzun müddətli əməkdaşlıq edir və həmin şirkətin Azərbaycan Respublikasındakı ditributorudur. Bununla əlaqəli olaraq sifariş verdiyimizdə əvvəlcədən köçürmə edirik və malları sifariş veririk. Bəzən əməkdaşlıq etdiyimiz şirkət köçürdüyümüz puldan daha az və ya daha çox miqdarda texnika və ya aqreqat göndərir. Bildirmək istəyirik ki, burada olan anlaşmazlıq şirkətimiz tərəfindən avans ödəniş olunduqdan sonra malların gəlməsi haqqında müvafiq banka məlumat verməməyimiz olmuşdur. Tərəfimizdən köçürülmüş avans ödənişlərin qarşılığı olan Gömrük Bəyannamələri aşağıdakı kimidir: GB – **********9056 GB – **********9061 GB – **********9064 GB – **********9065 GB – **********9069 GB – **********2602 Həmçinin "xxxx" ASC tərəfindən təqdim edilmiş məktubda qeyd edilmişdir ki, xx.xx.2023-cü il tarixdə “GLAAS X2” şirkətinə ödənilən 995309,68 (doqquz yüz doxsan beş min üç yüz doqquz avro, altmış səkkiz sent) Avro məbləğli 001SW**********4 saylı avans ödənişi **********9056, **********9061, **********9064, **********9065, **********9069 və **********2602 saylı yük gömrük bəyannamələri üzrə tam bəyan edilmişdir. Yuxarıda yazılanları və Azərbaycan Respublikası Mülki-Prosesual Məcəlləsinin 154-cü maddəsinə əsasən Sizdən XAHİŞ EDİRİK Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanılmış iz üzrə icraata xitam verilməsi barədə qərar çıxarılması xahiş edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs MMC tərəfindən 995309,68 Avro məbləğində xarici valyutada olan vəsait köçürmə haqqında bank sənədinə əsasən bankda olan hesabından 20 aprel 2023-cü il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürülmüş, həmin köçürmə üzrə 995309,68 Avro dəyərində mallar ölkəyə idxal edilmişdir. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətdə müvafiq mallar ölkəyə idxal edildiyi üçün Şəxs MMCnin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi yoxdur. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinəəsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə - vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinəəsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi X1 20 fevral 2020-ci il tarixli Qərarının 4-cü bəndinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir”. Beləliklə, məhkəmə hesab edir ki, hazırki iş üzrə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyil. Ona görə də, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 128-130 və 430.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-1473/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1473/2025
25.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver