Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1475/2024 24.07.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Şirməmmədova Günel Lətif qızının katibliyi, Barəsində inzibati tənbehvermə haqqında qərar çıxarılmış şəxs X4, İnzibati tənbehvermə haqqında qərar qəbul etmiş şəxsin nümayəndəsi X2 iştirakları ilə, Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbehvermə barədə qərarından X8 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X8 şikayətlə məhkəməyə müraciət edərək Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbehvermə barədə qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixində saat 1.30 radələrində özünə məxsus “Toyota Prado” markalı **-CC-*** dövlət nömrə nişanlı abvtomobili ilə Badamdar şossesində hərəkət edərkən yol polisi tərəfindən saxlanılmışdır. Polis əməkdaşı özünəməxsus tərzdə müayinə apararaq içkili olduğunu bildirmişdir. O isə polis əməkdaşının tələblərinə əməl edərək avtomobili cərimə meydançasına aparmağına mane olmamışdır. Hadisə yerindən ayrılaraq aidiyyatı üzrə müayinə olunmağı üçün tibb mərkəzinə xx.xx.2024cü il tarixində 03.50-də, yəni, təxminən baş vermiş hadisədən 2 saat sonra müraciət etmiş və içkili olmadığı barəsində xx.xx.2024-ci il tarixli 113921 saylı protokol almışdır. Yol Polisi əməkdaşı əsassız olaraq İXP6239621 saylı xx.xx.2024-ci il tarixli protokol tərtib etdiyindən həmin protokol ləğv edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53cü maddəsinin tələbinə əsasən inzibati xəta hadisəsi olmadıqda İnzibati xətalar haqqında işlər üzrə icraatı rədd edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114- 115-cü maddələrinin müvafiq bəndlərinin tələbinə əsasən həmin protkol ləğv edilməli, iş üzrə icraatı xitam verilməlidir. Yuxarıda göstərilən faktlara və qanunlara əsaslanaraq məhkəmədən AR DYP nin İXP6239621 saylı xx.xx.2024-ci il tarixli protokolu ilə inzibati xəta hadisəsi olmadığı üçün ləğv edilməsi və inzibati xətalar haqqında işlər üzrə icraatın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs X8 şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, inzibati xəta haqqında protokol qanunsuz olaraq tərtib edilmişdir. Belə ki, hadisədən 10 gün sonra barəsində inzibati xəta haqqında protokol tərtib edilib. Nəqliyyat vasitəsi 5 gün duracaqda qalmış, ondan 5 gün sonra Ramiq adlı polis əməkdaşının yanına çağırılmış və barəsində İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmçinin protokoldakı izahatını polis əməkdaşının diktəsi ilə, məcbur edilərək yazmışdır. Bu səbəbdən protokol ləğv edilməlidir. Göstərilənlərə əsasən şikayətin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən inzibati tənbeh vermə haqqında qərar çıxarmış orqanın nümayəndəsi X3 şikayətə etiraz edərək bildirmişdir ki, X4 məhkəməyə təqdim etdiyi sənədlərdən aydın şəkildə görünür ki, həmin inzibati xəta haqqında iş üzrə icraatda şəxs özünəməxsus nəqliyyat vasitəsini içkili vəziyyətdə idarə etmişdir. Sərxoşluq şübhəsi olduğu üçün o, alkotester müayinəsindən keçmiş və müayinə zamanı məlum olmuşdur ki, X4 qanında içkinin miqdarı normadan artıqdır. Həmçinin şəxs bunun əksini təsdiqləyəcək sübut təqdim etməmişdir. Bundan başqa X8 ali təhsilli şəxsdir, sabiq polis əməkdaşıdır. Onun polis əməkdaşının diktəsi ilə izahat yazması absurddur. Qərardan verilmiş şikayət əsassız olduğundan təmin edilməməsini, qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə iclasında videogörüntüyə baxış keçirilən zaman müəyyən edilmişdir ki, X8 nəqliyyat vasitəsinin alkoqollu içki qəbul etməsini izahatında qeyd edir. X8 alkotester cihazının sertifikatının olmaması barədə irad bildirmiş, polis əməkdaşı isə sertifikatın olduğunu, lazım gəldikdə göstərə biləcəyini demişdir. X8 isə yoxlanışla razı olduğunu, həkimə getməyə ehtiyac olmadığını bildirmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X8 05 may 2024-cü il tarixdə saat 01:23 radələrində Badamdar şossesi ünvanında idarə etdiyi “X9 Prado minik” markalı, **-CC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etdiyindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətmiş və o, 400 (dörd yüz) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. İş materiallarında olan alkotester müayinəsinin protokolundan görünür ki, X5 alkoqolun miqdarı 1,129 % olmuşdur. İş materiallarında olan Respublika Narkoloji Mərkəzinin xx.xx.2024-cü il tarixli, 1/3921№li sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə protokolundan görünür ki, X8 həmin tarixdə ayıq vəziyyətdə olmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(006)-2059/2024 saylı qərardadı ilə X4 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbehvermə barədə qərardan şikayəti və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İş materillarına əlavə edilmiş sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında xx.xx.2024-cü il tarixli, ******* nömrəli protokoldan görünür ki, X1 içki qəbul etməsi müəyyən olunmuşdur. X4 özü protokolda qeyd etmişdir ki, idarə etdiyi “Prado” markalı avtomobillə hərəkətdə olarkən saxlanılmış və yoxlanış zamanı içki qəbul etdiyi aşkar olunmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, protokol inzibati xəta baş verdiyi gün, yəni xx.xx.2024-cü il tarixdə tərtib edilmişdir. Çatdırılma qəbzindən görünür ki, həmin protokol X6 xx.xx.2024-cü il tarixdə göndərilmişdir. İş materiallarına əlavə edilmiş çatma qəbzindən görünür ki, xx.xx.2024-cü il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbehvermə barədə qərar X6 xx.xx.2024-cü il tarixdə göndərilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, X8 05 may 2024-cü il tarixdə saat 01:23 radələrində idarə etdiyi “X9 Prado minik” markalı, **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobilini idarə edərkən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etdiyindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətməsi materiala əlavə edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbehvermə haqqında qərar və əlavə edilmiş sənədlərlə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə iclasında X8 inzibati xəta haqqında protokolun qanunsuz tərtib edilməsi və qeyd edilən qərarın ləğvi ilə bağlı heç bir sübut təqdim etməmişdir. Belə olan halda X4 əməli inzibati xəta hadisəsini törətməməsi kimi qiymətləndirilə bilməz. Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin İ-ci hissəsinin 8-ci bəndinə əsasən hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqol, narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir göstərən digər maddələrin istifadə edilməsi nəticəsində, diqqəti və çevikliyi azaldan dərman vasitələrinin təsiri altında, xəstə və əzgin, yorğun vəziyyətdə nəqliyyat vasitəsini idarə etməməli, habelə nəqliyyat vasitəsini idarə etmək ixtiyarını bu cür vəziyyətdə olan və ya eyni kateqoriyalı (altkateqoriyalı) nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsə verməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə- dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Beləliklə, məhkəmə X4 şikayətinə tənqidi yanaşaraq hesab edir ki, Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslıdır, həmin qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsi üçün heç bir əsas yoxdur. Barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılan şəxs həm şikayətində, həm də məhkəmə iclasında göstərdiklərini isə, məhkəmə özünü müdafiə xarakteri kimi qiymətləndirir, bununla razılaşmaq olmaz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Maddənin məzmunundan məlum olur ki, inzibati xəta haqqında protokol sübutlar dairəsinə daxildir və inzibati xətanın müəyyən edilməsi zamanı sübut qismində çıxış edir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən məhkəmə qərardan şikayətə baxarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində qərar çıxarılmış X4 avtomobili Bakı şəhəri, Səbail rayonu, Badamdar şossesi ünvanında nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Ona görə də Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli, TP seriyalı ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarı qanuni və əsaslı olduğundan X4 şikayəti təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-134-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X4 şikayəti təmin edilməsin. Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbehvermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-1475/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1475/2024
24.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver