Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1484/2025 24.06.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əliyev Ülvi Bağır oğlunun katibliyi ilə, BNA (Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Ağentliyinin) xx.xx.2020-ci il tarixli, BNA ******* nömrəli inzibati tənbeh tətbiq edilməsi haqqında qərarından X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 şikayətlə məhkəməyə müraciət edərək BNA (Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Ağentliyinin) xx.xx.2020-ci il tarixli, BNA ******* nömrəli inzibati tənbeh tətbiq edilməsi haqqında qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sabunçu Rayon Məhkəməsinin 3(008)3491/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət baxılması üçün aidiyyəti üzrə Səbail Rayon Məhkəməsinə göndərilmişdir. Şikayət belə əsaslandırılmışdır ki, xx.xx.2020-ci il tarixli, BNA ******* nömrəli cərimə ilə bağlı bir il ərzində heç bir bildiriş və xəbərdarlıq gəlməyib. Odur ki, xx.xx.2020-ci il tarixli, BNA ******* nömrəli inzibati tənbeh tətbiq etmə haqqında qərar ləğv edilməli barəmdə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. X1 xx.xx.2025-ci il tarixdə ərizə ilə müraciət edərək 2-ci Vətən müharibəsi iştirakçısı əlil olduğuna görə səhəti ilə bağlı məhkəmə prosesində iştirak edə bilməyəcəyini bildirmişdir. Qərarından şikayət verilən orqana məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, BNA (Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Ağentliyinin) xx.xx.2020-ci il tarixli, BNA ******* nömrəli qərar ilə X4 tərəfindən xx.xx.2020-ci il tarixində Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi-Azərbaycan prospekti Sabir bağının yanınında “Mercedes Benz C200 CDİ” minik markalı, **-LC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən İXM-nin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir və nəticədə 20 (iyirmi) manat məbləğində inzibati cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsinə əsasən bu Məcəllənin 346.2–346.9-cu maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, dayanma və ya durma qaydalarını pozmağa görə –iyirmi manat məbləğində cərimə edilir. 346.2. Ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasında və ya 5.12, 5.13 yol nişanlarından 15 metrdən az yaxınlıqda digər nəqliyyat vasitələrinin dayanmasına və ya durmasına görə –qırx manat məbləğində cərimə edilir. 346.3. Ümumi istifadədə olan nəqliyyat vasitəsini sərnişinləri mindirmək və ya düşürtmək üçün bu məqsədlə xüsusi olaraq müəyyən edilmiş dayanacaq meydançalarından və ya 5.12, 5.13 nişanları ilə işarələnmiş dayanacaq yerlərindən kənarda dayandırmağa görə –yüz manat məbləğində cərimə edilir. 346.4. Yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə –səksən manat məbləğində cərimə edilir. 346.5. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallar istisna olmaqla, nəqliyyat vasitələrinin hərəkət hissələrinin kəsişməsində və kəsişən hərəkət hissəsinin kənarından 5 metrdən az yaxınlıqda dayanmasına və ya durmasına görə –qırx manat məbləğində cərimə edilir. 346.6. Taksi duracaqlarında taksi minik avtomobili olmayan nəqliyyat vasitələrinin dayanmasına və ya durmasına görə –qırx manat məbləğində cərimə edilir. 346.7. Velosiped və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin velosiped yollarında dayanmasına və ya durmasına görə –yüz manat məbləğində cərimə edilir.346.8. 5.9, 5.10.1–5.10.3 yol nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün hərəkət zolağı olan yollarda digər nəqliyyat vasitələrinin həmin zolaqda dayanmasına və ya durmasına görə –yüz manat məbləğində cərimə edilir. 346.9. Nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin səkilərdə dayanmasına və ya durmasına görə –altmış manat məbləğində cərimə edilir. Qeyd: Şəxs bu Məcəllənin 346.1, 346.2, 346.4–346.9 və ya 346-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməyə fasiləsiz davam edirsə, həmin inzibati xətanın törədilməsinə görə gün ərzində təkrar inzibati məsuliyyətə cəlb oluna bilməz. “Bakı şəhərinin inzibati ərazisində avtomobil nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2023-cü il tarixli 2109 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi Bakı şəhər İcra Hakimiyyətinin tabeliyindəki “Bakı Nəqliyyat Agentliyi” publik hüquqi şəxsin ona qoşulması formasında yenidən təşkil edilmişdir. Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsinə dair 01 fevral 2023-cü iul tarixli, 2018 nömrəli Fərmanın 2-ci və 3-cü hissələrinə əsasən İXM-in 346-cı (dayanma və ya durma qaydalarının pozulması) maddəsi üzrə işlərə baxmaq səlahiyyəti BNA-dan götürülmüş və qeyd edilən maddə ilə törədilmiş inzibati xətaların aşkar edilməsi və baxılması üzrə səlahiyyətli orqan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi müəyyən edilmişdir. Yəni, hazırki halda BNA-nın hüquqi varisi olan AYNA İXM-in 346-cı maddəsi üzrə törədilən inzibati xətalara baxmaq səlahiyyətində olan hüquqi şəxs deyil. Qeyd edilən maddə ilə bağlı işlərə baxmaq səlahiyyəti yalnız Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə məxsusdur. Azərbaycan Respublikası İXM-in 137.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest üzrə qəbul edilmiş qərardan fiziki şəxs, yetkinlik yaşına çatmayanın qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən verilən şikayətə, habelə prokurorun protestinə məhkəmələrdə bu Məcəllədə müəyyən edilmiş qaydada və müddətdə baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 134.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.2-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Bununla yanaşı qeyd edilməlidir ki, əvvəllər inzibati xətalar qanunvericiliyində inzibati cərimə növündə tənbeh tətbiq edilməsi barədə qərarın icra müddəti nəzərdə tutulmadığı halda, sonradan xx.xx.2021-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası İXM-in 146.1-1-ci maddəsinə əsasən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən 5 (beş) il müddətində icra edilməmişdirsə, daha icra edilmir. Həmin Məcəllənin 145.1.3-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərarın bu Məcəllənin 146.1-ci maddəsində müəyyən edilmiş icra müddəti keçdikdə, inzibati tənbeh tətbiq etmə haqqında qərarı qəbul etmiş hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) qərarın icrasına xitam verir. Həmin Məcəllənin 11.2-ci maddəsinə əsasən inzibati xətalara görə məsuliyyəti yüngülləşdirən və ya onu aradan qaldıran normativ hüquqi aktların geriyə qüvvəsi vardır, yəni həmin aktlar onların qüvvəyə mindiyi vaxtadək törədilmiş, həmçinin inzibati tənbeh tətbiq etmə haqqında qərarı tam icra olunmamış xətalara da şamil edilir. Göründüyü kimi, xx.xx.2021-ci il tarixdə İnzibati Xətalar Məcəlləsinə əlavə edilmiş 146.1-1-ci maddəsi X2 vəziyyətini yüngülləşdirdiyindən, İXM-in 11.2-ci maddəsinin tələbi baxımından həmin norma geriyə tətbiq oluna bilər və onun barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 5 ildən artıq müddət keçdiyindən, həmin qərarın icrasına xitam verilə bilər. Lakin, İXM-in 145.1-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında qərarın icrasına yalnız həmin qərarı qəbul etmiş hakim və ya səlahiyyətli şəxs (vəzifəli şəxs) xitam verə bilər. “Bakı Apellyasiya Məhkəməsinin müraciətinə dair” Konstitusiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli Qərardadında qeyd edilmişdir ki, publik hüquq münasibətlərində hətta dövlət orqanı ləğv edildikdə, publik hüquq münasibətləri xitam olunmur, belə ki, bu münasibətlərin tərəfi dövlətin özüdür, dövlət orqanları isə dövlət funksiyasının icraçısıdırlar. Dövlət orqanları (qurumu) publik hüquq münasibətlərində hakimiyyət səlahiyyətlərinə malik xüsusi publik subyekt olaraq iştirak edir və onlar arasında hüquq varisliyi maddi hüququn keçməsi ilə deyil, hüquqi statusunun və səlahiyyətlərinin keçməsi ilə şərtləndirilir. Dövlət orqanlarının (qurumlarının) funksional hüquq varisliyi məsələləri tənzimlənərkən digər sahələrdə olduğu kimi, inzibati xətalar sahəsində də dövlət orqanının (qurumunun) üzərinə düşən vəzifələrin icra edilməsinin davam etməsi xüsusi əhəmiyyət kəsb edir. Belə ki, əks təqdirdə inzibati xətalar qanunvericiliyinin prinsiplərinin, inzibati məsuliyyətin qaçılmazlığı prinsipinin təmin edilməsinə, inzibati xəta nəticəsində zərər çəkmiş şəxsin hüquqlarının həyata keçirilməsinə xələl yetirilmiş olar. Burada xüsusilə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 8 sentyabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Nizamnaməsinin” 3.1.2-ci maddəsinə əsasən, müvafiq sahədə inzibati xəta əlamətləri aşkar etdikdə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görmək Agentliyin vəzifəsi kimi müəyyən edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, Bakı Nəqliyyat Agentliyinin səlahiyyətləri funksional hüquqi varislik qaydasında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi publik hüquqi şəxsinə ötürüldüyündən, mövcud vəziyyətdə AYNA X2 barəsində qəbul edilmiş xx.xx.2020-ci il tarixli, BNA ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın icrasına xitam vermək səlahiyyətinə malikdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində qərar çıxarılmış X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsinin tələblərini pozması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə qəbul edilmiş BNA (Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Ağentliyinin) xx.xx.2020-ci il tarixli, BNA ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı əsassız olduğundan ləğv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-134-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə qəbul edilmiş BNA (Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Ağentliyinin) xx.xx.2020-ci il tarixli, BNA ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №3(009)-1484/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1484/2025
24.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver