Məhkəmə qərarları › İş №3(009)-149/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-149/2021

12.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-149/2021 12.01.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Qafarova Rəna Nazim qızının sədirliyi, Paşazadə Pərvin Kamandar oğlunun katibliyi, Bakı şəhəri Səbail RPİ-nin 9-cu polis bölməsinin polis sahə inspektoru, polis kapitanı X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1988-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Səbail Rayon Polis İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən Şəxs barəsində tərtib olunmuş inzibati material, baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan xx xxxxxx 2021-ci il tarixdə tərtib edilmiş MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2021-ci il tarixdə vətəndaş Şəxs Bakı şəhəri, Səbail rayonu, Y.Məmmədəliyev küçəsində olarkən üzərində 1,414 qram qurudulmuş marixuana olduğuna görə saxlanılmışdır. İş materiallarında olan Səbail RPİ-nin 9-cu PB-nin təhqiqatçısı, polis baş leytenantı Eltay Mikayılovun cinayət işinin başlanılmasının rədd edilməsi haqqında xx.xx.2021-ci il tarixli qərarından görünür ki, xx.xx.2021-ci il tarixdə Səbail RPİ-nin CAŞ-ın əməliyyat müvəkkili, polis kapitanı Elçin Səfərzadə raport ilə müraciət edərək, göstərilən tarixdə ünvan 2 ünvanında olarkən tanımadığı bir şəxsin özünü şübhəli apardığını, ona yaxınlaşdıqda oradan uzaqlaşmağa çalışdığını, həmin şəxsi 9-cu PB-nə gətirdiyini və şəxsin 1988-ci il təvəllüdlü Şəxs olduğunu, ona görə də üzərinə şəxsi-axtarış və baxış keçirilməsinə, həmçinin aidiyyəti əməkdaşa həvalə olunmasını xahiş etmişdir. Şəxs üzərinə vəkilin iştirakı ilə videoçəkiliş formasında baxış keçirilmiş, baxış keçirilən zaman sonuncunun üzərindən 05 (beş) büküm qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilərək götürülmüş, qablaşdırılmış və rəy verilməsindən ötrü məhkəmə-bioloji ekspertizaya göndərilmişdir. Həmçinin həmin qərarla müəyyən edilmişdir ki, Şəxs üzərindən götürülmüş 05 (beş) büküm kütlələr ilə bağlı məhkəmə-bioloji ekspertizanın xx.xx.2021-ci il tarixli 7/15 nömrəli rəyinə əsasən həmin kütlələrin ümumi miqdarı 1,414 qramdır və tərkibi kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Həmin qərarla, göstərilənlərə əsasən Şəxs əməllərində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanmasının rədd edilməsi, Şəxs barəsində inzibati tənbeh tədbirlərinin görülməsi məqsədilə aidiyyəti əməkdaşa həvalə edilməsi üçün qəbul edilmiş qərarın surətinin 9-cu PB-nin rəhbərliyinə təqdim edilməsi barədə qərar qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Səbail RPİ-nin 9-cu polis bölməsinin polis sahə inspektoru, polis kapitanı X2 inzibati xəta haqqında protokolda göstərilənləri təsdiqləyərək, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinərək müvafiq inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətanı etiraf edərək göstərmişdir ki, o, xx.xx.2021-ci il tarixində Bakı şəhəri Səbail rayonu ərazisində yaşadığı Y.Məmmədəliyev küçəsində olduğu zaman bir nəfər şəxs ona yaxınlaşmış və özünü Səbail RPİ-nin CAŞ-ın əməliyyat müvəkkili kimi təqdim etmiş və ondan şübhələndiyini bildirmişdir. Həmin şəxs onu Səbail RPİ-nin 9-cu PB-nə dəvət etmiş və 9-cu PB-də vəkilin iştirakı ilə onun üzərinə baxış keçirilən zaman üzərindən şəffaf sellofanın içərisində narkotik vasitə olan 5 ədəd kağız bükümdə qurudulmuş marixuana aşkar edilmişdir. O, sorğu-sual zamanı həmin narkotik vasitəni tanımadığı şəxsdən şəxsi istifadəsi üçün Səbail rayonu “İSR Plaza”nın yanından əldə etdiyini bildirmişdir. Hazırda əməlindən səmimi peşman olduğunu, ailəli olmaqla himayəsində dörd azyaşlı uşağının olmasını və bir daha belə hallara yol verməyəcəyini bildirərək ona yüngül inzibati tənbeh verilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı – qanunsuz olaraq narkotik vasitənin əldə edilməsi, saxlanması və daşınması - törətməsi tam sübuta yetirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən Qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə - üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Belə ki, Şəxs qanunsuz olaraq narkotik vasitəni (çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana) əldə etməsi, saxlaması və daşıması digər sübutlarla yanaşı Şəxs məhkəmə iclasında verdiyi izahatı ilə də öz təsdiqini tapmışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən, qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə - üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32.1.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati tənbeh tətbiq edilərkən məsuliyyəti yüngülləşdirən hal hesab edilir. İnzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. (32.2) Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs özünü təqsirli bilərək əməlindən səmimi peşman olmasını və deməsinə görə ailəli olmaqla himayəsində dörd azyaşlı uşağın olmasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, o cümlədən məsuliyyəti yüngülləşdirən halları, məsuliyyəti ağırlaşdıran halların olmamasını, həmçinin onun cəmiyyətdən təcrid edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müstəsna halların olmamasını nəzərə alaraq, Şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsini mümkün hesab edir və onun barəsində təqsirli bilindiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsinin qanuni, əsaslı və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğun olması nəticəsinə gəlir. Bundan başqa iş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli 7/15 nömrəli rəyindən görünür ki, üzərində “şübhəli şəxs Şəxs üzərindən götürülmüş...” sözləri yazılmış zərfdə şəffaf sellofanın içərisində 05 (beş) ədəd kağız bükülüdə ayrı-ayrı ayrılıqda təmiz çəkiləri: 1) 0,250 qram, 2) 0,325 qram, 3) 0,242 qram, 4) 0,293 qram və 5) 0,325 qram maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. (ümumi çəkisi 1,414 qram, qalıq 1,314 qram) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 77.3, 94.12-ci maddələrinə əsasən, icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) iş üzrə icraat başa çatanadək maddi sübutların qorunub saxlanılmasının təmin edilməsi üçün tədbirlər görməli, inzibati xəta haqqında iş üzrə icraat başa çatdıqdan sonra maddi sübutlar haqqında qərar qəbul etməlidir. Məhv edilməli olan narkotik vasitələrin və psixotrop maddələrin, etil spirtinin, alkoqollu və tərkibində spirt olan məhsulların nümunələri inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərar qanuni qüvvəyə mindiyi günədək saxlanılır. Məhkəmə maddi sübut məsələni müzakirə edərək, qanunvericiliyin normalarına istinad edərək hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs aşkar edilərək götürülmüş 1,314 qram olan, bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinsin və onun barəsində 300 (üç yüz) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. İş üzrə maddi sübut - Şəxs aşkar edilərək götürülmüş, 1,314 qram olan, bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar