Məhkəmə qərarları › İş №3(009)-149/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-149/2023

15.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-149/2023 15.02.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, “XƏZƏR-1 ” firmasının nümayəndəsi X1 iştirakı ilə, Şəxs firmasının Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs firmasının Azərbaycan Respublikası İXM-nin 485.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Bölməsi tərəfindən tərtib edilmiş 23 yanvar 2023-cü il tarixli 10100-00187/** EP ***8345 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, ev 1, 14-ci km ünvanında qeydiyyatda olan Şəxs firmasının ünvanına 585NHB05/28FWA02 nömrəli nəqliyyat vasitəsilə daxil olmuş və **********8341 nömrəli gömrük bəyannaməsi ilə bəyan olunmuş yüklər üçün təqdim edilmiş **********6272 sorğu nömrəli qısa idxal bəyannaməsinin 22-ci qrafasında ümumi invoys dəyəri və 44-cü qrafasında invoysun nömrəsi fərqli qeyd olunmaqla gömrük bəyannaməsində qeyd olunan göstəricilərlə uyğunsuzluq təşkil etməsi aşkar olunmuşdur. Şəxs firması tərəfindən mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən Azərbaycan Respublikasının gömrük sərhədindən keçmə barədə və ya gömrük ərazisindən aparılarkən malların və nəqliyyat vasitələrinin aparılması barədə gömrük organına təhrif olunmuş məlumatlar verildiyi müəyyən edilmişdir. Nəticədə “XƏZƏR-1 ” firması tərəfindən Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs firmasının nümayəndəsi X2 bildirdi ki, həmin tarixdə şirkətin ünvanına 1 nəqliyyat vasitəsində 2 invoys əsasında yük göndərildiyini, invoys sənədinin yalnız birini göndərdiklərini, bu səbəbdən də qısa idxal bəyannaməsini 1 invoys əsasında tərtib etdiklərini bildirmişdir. İş üzrə icraata xitam verilməsini xahiş etdi. Protokol tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin protokol tərtib etmiş qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş qurumun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, “XƏZƏR-1 ” firmasının Azərbaycan Respublikasının İXM-nin 485.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. İş materiallarına əlavə edilmiş Gömrük prosedurları və ödənişləri şöbəsinin rəisi tərəfindən tərtib edilmiş raportdan görünür ki, “XƏZƏR-1 ” firmasının ünvanına daxil olmuş yük **********8341 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmişdir.Lakin, idxalatçı tərəfindən təqdim olunan **********6272 sorğu nömrəli qısa idxal bəyənnaməsinin 22-ci qrafasında ümumi invoys dəyəri 21000 ABŞ dolları əvəzinə 7100 ABŞ dolları kimi göstərilmiş,44-cü qrafasında isə invoysun nömrəsi və tarixi fərqli şəkildə qeyd edilmişdir ki, bu da **********8341 sorğu nömrəli gömrük bəyannaməsində qeyd olunan göstəricilərlə uyğunsuzluq təşkil edir. İş materiallarına əlavə edilmiş 23 dekabr 2022-ci il tarixli **********6272 sorğu nömrəli qısa idxal bəyannaməsindən görünür ki, 585NHB05/28FWA02 nömrəli nəqliyyat vasitəsilə “XƏZƏR-1 ” firmasının ünvanına göndərilən yüklərin 22-ci qrafasında ümumi invoys dəyəri 7100 ABŞ dolları kimi qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş 28 dekabr 2022-ci il tarixli **********8341 nömrəli gömrük bəyannaməsindən görünür ki, Şəxs firmasının ünvanına göndərilən 585NHB05/28FWA02 nömrəli nəqliyyat vasitəsilə daxil olmuş yüklərin ümumi invoys dəyəri 44-cü qrafada 21 000 ABŞ dolları kimi qeyd olunmuşdur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, “XƏZƏR-1 ” firmasının ünvanına 585NHB05/28FWA02 nömrəli nəqliyyat vasitəsilə daxil olmuş yüklərinbəyan edilməsi üçün təqdim edilmiş **********6272 sorğu nömrəli qısa idxal bəyannaməsinin 22-ci qrafasında ümumi invoys dəyəri ilə **********8341 nömrəli gömrük bəyannaməsinin 44-cü qrafasında invoysun nömrəsi fərqli qeyd olunmaqla gömrük bəyannaməsində qeyd olunan göstəricilərlə uyğunsuzluq təşkil etməsi aşkar olunmuşdur. Məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “XƏZƏR-1 ” firması Azərbaycan Respublikasının İXM-nin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113-cü maddəsinin 1-ci bəndinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur. Həmin Məcəllənin 113-cü maddəsinin, 2-ci bəndinə əsasən qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks edilməlidir. “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə Qaydalarının” təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 21 may 2016-cı il tarixli 920 nömrəli Fərmanının 2.2-ci bəndinə əsasən qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks etdiriməli və malların gömrük sərhədini keçməsindən ən azı 1(bir) saat əvvəl verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 485.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda, mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən Azərbaycan Respublikasının gömrük sərhədindən keçmə barədə və ya gömrük ərazisindən aparılarkən malların və nəqliyyat vasitələrinin aparılması barədə müvafiq icra hakimiyyəti orqanına məlumatların verilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə, yaxud malların və nəqliyyat vasitələrinin məlumatda göstərilən yerə müəyyən edilmiş vaxtda çatdırılmamasına görə - fiziki şəxslər iyirmi manatdan əlli manatadək məbləğdə, vəzifəli şəxslər yetmiş manatdan yüz manatadək məbləğdə, hüquqi şəxslər iki yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Beləliklə, həm iş materialları, həm də inzibati icraat zamanı izahatı alınmış Şəxs firmasının nümayəndəsinin izahatı ilə Şəxs firması tərəfindən Azərbaycan Respublikasını İXM-nin 485.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətməsi tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikasının İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə törədilmiş inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, “XƏZƏR-1 ” firması Azərbaycan Respublikasının İXM-nin 485.1-ci maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 18.5, 40, 43, 76.1, 114-117 və 485.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs firması Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə təqsirli bilinsin və 250 (iki yüz əlli) manat məbləğində inzibati cərimə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar