Məhkəmə qərarları › İş №3(009)-1501/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1501/2024

03.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1501/2024 03.07.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Şirməmmədova Günel Lətif qızının katibliyi, Barəsində inzibati tənbehvermə haqqında qərar çıxarılmış şəxs X2 iştirakı ilə, Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin xx.xx.2024-cü il tarixli EPQ ******* nömrəli inzibati tənbehvermə barədə qərarından X7 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X7 şikayətlə məhkəməyə müraciət edərək Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 8ci Polis Bölməsinin xx.xx.2024-cü il tarixli EPQ ******* nömrəli inzibati tənbehvermə barədə qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə X1 Meydanının ödənişli dayanacağında avtomobili park edib avtomobildə oturan zaman post patrul əməkdaşları yaxınlaşaraq ona yüksək səslə mahnıya qulaq asmağını bildirmiş, o da mahnıya aşağı dərəcədə qulaq asdığını bildirmişdir. Lakin polis əməkdaşları şəxslə aqressiv rəftar etmiş, o da şəxsiyyət vəsiqəsini təqdim etmişdir. Dediklərinə məhəl qoymayaraq sahə rəisinin otağına dəvət etmişlər, o da getmişdir.Sonra Səbail RPİ-nin 8-ci Polis Bölməsinə apararaq orada barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 521-ci maddəsinə əsasən protokol tərtib etmişdirlər.Qərarı xx.xx.2024-cü il tarixdə polis bölməsində qəbul etmişdir. Qərarla razı deyil, əsassız qərardır, öz avtomobilində mahnıya qulaq asarkən mahnının səsi aşağı dərəcədə olmuşdur, heç kimə maneəçilik törətməmiş, ətrafda yüksək səslə mahnıya qulaq asanlar var idi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1-57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətdə inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 131.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə daxil olduğu gündən on gün müddətə baxılır.Qeyd olunanlar nəzərə alınaraq Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin xx.xx.2024-cü il tarixli EPQ ******* nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati tənbehvermə haqqında qərar çıxarılmış şəxs X7 şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, mahnıya yüksək səslə qulaq asdığının sübut edilməsini istəyir. Polis bölməsindəki izahatında da mahnıya orta səslə qulaq asdığını göstərmişdir. Həmçinin ondan başqa orada olan və yüksək səslə mahnıya qulaq asan şəxslər cərimələnməmişdir. Göstərilənləri nəzərə alaraq xx.xx.2024-cü il tarixli EPQ ******* nömrəli inzibati tənbehvermə barədə qərarın ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən şahid Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin polis sahə inspektoru X6 izahatında bildirmişdir ki, vətəndaşı çevik polis alayının əməkdaşları aşkar etmişdir. İzahatında qeyd etməsinə baxmayaraq, yüksək səslə mahnıya qulaq asdığına etiraz edir. X4 izah etmişdir ki, mənzillərdə, yaşayış evlərinin girişlərində və həyətlərində, küçələrdə, istirahət yerlərində və digər ictimai yerlərdə gecə vaxtı saat 24-dən 7-dək səs-küy salmaq, ucadan mahnı oxumaq, musiqi alətlərini ucadan çalmaq, televizorları, radioqəbulediciləri, maqnitofonları və digər aparatları gur səslə oxutmaq, məişət səs-küyünə qarşı mübarizə tələblərini başqa üsulla pozmaq qadağan edilmişdir. Hər bir halda yüksək və ya orta səslə mahnıya qulaq asmaq olmaz. Göstərilənləri nəzərə alaraq şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən şahid X9 Alayının Patrul bölüyünün polisi X5 izahatında bildirmişdir ki, gecə təxmini 2-3 radələrində, “X8” ərazisində iki nəfər şəxs avtomobildə yüksək səslə mahnıya qulaq asdıqları üçün onlara yaxınlaşaraq iradlarını bildirmiş, vətəndaş da buna etiraz etmişdir. Daha sonra sahə rəisini çağırmış və bölməyə getmişdirlər. Məhkəmə iclasında iştirak edən şahid X9 Alayının Patrul bölüyünün polisi X3 izahatında bildirmişdir ki, Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin ərazisinə daxil olan “X8” ərazisində xidmətdə olarkən həmin ərazidə gecə saat 02 radələrində iki nəfər vətəndaşın nəqliyyat vasitəsinin arxa hissəsində oturaraq yüksək səslə mahnı dinlədiyini aşkar etmişdirlər. Daha sonra dərhal yaxılaşaraq özlərini təqdim etmiş və qayda pozuntusunu izah etmişdirlər. Bu zaman vətəndaş qayda pozuntusunun olmadığını bildirmiş, bu səbəbdən sahə rəisi çağırılmış və o da gəlmişdir. Daha sonra həmin şəxslər polis bölməsinə dəvət edilmişdir. Məhkəmə tərəf və şahidlərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işə əlavə edilmiş xx.xx.2024-cü il tarixli EPQ ******* nömrəli inzibati tənbehvermə haqqında qərardan görünür ki, X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 521ci maddəsində nəzərdə tutulan inzibati xəta törətmiş və o, 150 (bir yüz əlli) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş barəsində inzibati tənbehvermə haqqında qərar çıxarılmış şəxs X2 izahatından görünür ki, xx.xx.2024-cü il tarixdə, saat 01:35 radələrində “X8” ərazisində mahnıya biraz səs verdiyi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 521-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə şikayətlə bağlı ilk olaraq onu qeyd edir ki, X7 tərəfindən inzibati xəta hadisəsi, yüksək səslə mahnıya qulaq asmadığı halda cərimə olunması mübahisələndirilir. Məhkəmə hesab edir ki, şikayətdə qeyd edilənlər özü-özlüyündə işin həqiqi hallarını özündə əks etdirmir. Həmçinin şəxs istinad etdiyi halları subuta yetirə bilməmiş və istinad etdiyi hallara dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Bundan əlavə məhkəmə X2 həm şikayətində göstərdiyini, həm də məhkəmə iclasında verdiyi izahatı özünü müdafiə xarakteri kimi qiymətləndirir. Ona görə də onun əməli haqlı olaraq inzibati xəta kimi qiymətləndirilmiş və 150 (bir yüz əlli) manat məbləğində cərimə edilməsinə dair qanuni qərar qəbul edilmişdir. Beləliklə, məhkəmə X2 şikayətinə tənqidi yanaşaraq hesab edir ki, Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin xx.xx.2024-cü il tarixli EPQ ******* nömrəli inzibati tənbehvermə haqqında qərarı qanuni və əsaslıdır, həmin qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsi üçün heç bir əsas yoxdur. Şikayətçinin həm şikayətində, həm də məhkəmə iclasında göstərdiklərini isə, məhkəmə özünü müdafiə xarakteri kimi qiymətləndirir, bununla razılaşmaq olmaz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 521-ci maddəsinə əsasən mənzillərdə, yaşayış evlərinin girişlərində və həyətlərində, küçələrdə, istirahət yerlərində və digər ictimai yerlərdə gecə vaxtı saat 24-dən 7-dək səs-küy salmağa, ucadan mahnı oxumağa, musiqi alətlərini ucadan çalmağa, televizorları, radioqəbulediciləri, maqnitofonları və digər aparatları gur səslə oxutmağa, məişət səs-küyünə qarşı mübarizə tələblərini başqa üsulla pozmağa görə- fiziki şəxslər yüz əlli manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Maddənin məzmunundan məlum olur ki, inzibati xəta haqqında protokol sübutlar dairəsinə daxildir və inzibati xətanın müəyyən edilməsi zamanı sübut qismində çıxış edir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən məhkəmə qərardan şikayətə baxarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində qərar çıxarılmış X2 inzibati xəta törətməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Ona görə də Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin xx.xx.2024-cü il tarixli EPQ ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarı qanuni və əsaslı olduğundan X2 şikayəti təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-134-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin xx.xx.2024-cü il tarixli EPQ ******* nömrəli inzibati tənbehvermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar