Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1517/2024 05.07.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi ilə, İnzibati tənbeh vermə haqqında qərar qəbul etmiş Bakı şəhər X6 İdarəsinin nümayəndəsi Nümayəndə1, X1 iştirakları ilə, Bakı şəhər X6 İdarəsinin 13 iyun 2024-cü il tarixli, TP6549581 nömrəli inzibati tənbeh vermə haqqında qərarından X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 şikayətlə məhkəməyə müraciət edərək Bakı şəhər X6 İdarəsinin 13 iyun 2024-cü il tarixli, TP6549581 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 17 may 2024-cü il tarixdə yol hərəkəti qaydalarının pozulması ilə əlaqədar 23 may 2024-cü il tarixdə saat 17.40-da mobil telefonuna SMS göndərilmişdir. SMS-dən görünür ki, İXP6276484 saylı protokola əsasən 17 may 2024-cü il tarixdə saat 07.46-da Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin (bundan sonra, İXM) 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı ** CS *** dövlət nömrə nişanlı avtomobil ilə törətməyə görə 80 (səksən) manat və 3 bal cərimə edilib. Qeyd edilən halla razılaşmadığına görə qərardan yuxarı orqana şikayət verdi. Uzun müddət keçəndən sonra, şikayətinə baxılaraq 13 iyun 2024-cü il tarixdə saat 17.03-də mobil telefonuna yeni SMS göndərildi. Həmin SMS-ə görə İXP6276484 saylı protokola əsasən 17 may 2024-cü il tarixdə saat 07.46-da İXM-in 327.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı ** CS *** dövlət nömrə nişanlı avtomobillə törətməyə görə 150 (yüz əlli) manat və 4 bal cərimə edilib. Buradan aydın olur ki, inzibati xəta haqqında qərardan şikayətinə baxılaraq 17 may 2024- cü il tarixli qərar ləğv edilərək 13 iyun 2024cü il tarixli qərar qəbul edilmişdir. Həmin qərar görə əvvəlki xətadan daha ağır inzibati xətaya görə cərimə edilmişdir. Lakin qeyd edilən inzibati xəta barədə qərarın heç biri ilə razılaşmır. Çünki həmin qərarlar qanun pozuntusuna yol verilməklə qəbul edilmişdir. Məlum edir ki, 17 may 2024-cü il tarixdə törənən yol hərəkəti qaydalarının pozulması ilə əlaqədar hadisədən bir necə gün sonra ona Bakı şəhər X6 İdarəsinin əməkdaşının mobil telefonuna edilən zəngindən sonra məlumatı olmuşdur. Polis əməkdaşı onu idarəyə dəvət etdi. Orada ona video qeydiyyat funksiyalarına malik xüsusi texnika vasitəsinin köməyi ilə aşkar edilmiş inzibati xəta törətməyi və buna görə 300 (üç yüz) manat cərimə ödəməli olmağunu bildirildi. O onların bu hərəkətlərinə etiraz etdiyinə görə sonradan inzibati xəta törətməyi və cərimə edilməyi barədə mobil telefonuna SMS göndərilmişdir. Onu da qeyd edir ki, hadisə vaxtı onu yol polisi əməkdaşı saxlamamış və buna görə hər hansı bir protokol tərtib edilməmişdir. Əvvəla, İXM-in 121-ci maddəsinin tələbinə görə bu Məcəllənin 122.7, 122.8 və 124.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə barəsində icraat aparılan şəxsin səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən çağırılması qadağandır. Lakin polis əməkdaşı qanunun bu tələbini pozaraq onu Polis İdarəsinə dəvət etmişdir. İnzibati xətalara dair işlər üzrə inzibati cərimə tətbiq edilməsi barədə barəsində qəbul edilm 13 iyun 2024-cü il tarixli, TP6549581 nömrəli qərar ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X3 şikayətini müdafiə edərək 13 iyun 2024-cü il tarixli, TP6549581 inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş Bakı şəhər X6 İdarəsinin nümayəndəsi Nümayəndə1, məhkəməy raport və disk təqdim edərək, video müşahidə kamerasında X2 qayda pozuntusu qeydə alındığını və Bakı şəhər X6 İdarəsinin 13 iyun 2024-cü il tarixli, TP6549581 inzibati tənbeh vermə haqqında qərar qanuni olduğundan şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 13 iyun 2024-cü il tarixli, TP6549581 saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 150 manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş 18 may 2024-cü il tarixli raportundan görünür ki, inspektor 17 may 07:39 da Səbail rayonu Ş.Ələkbərova küçəsində piyada xidmət apararkən “Toyota"markalı 77-CS-7OO dövlət qeydiyyat nişanlı avtomobilin birtərəfli hərəkət yoluna çıxaraq nəqliyyat axının əksinə hərəkət etdiyini onun saxlanılması tərəfindən mümkün olmadığını bildirmiş, qeyd edilənləri nəzərə alaraq yol hərəkəti qaydasını pozmuş nəqliyyat vasitəsinin istifadəçisinin müəyyən olunub inzibati məsuliyyətə cəlb olunması üçün müvafiq araşdırma aparılmasına göstəriş verməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş diskdə olan videogörüntüdən müəyyən edilmişdir ki, “Toyota" markalı 77-CS-7OO dövlət qeydiyyat nişanlı avtomobil .1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etmişdir. Məhkəmə, X2 şikayət ərizəsini və iş materiallarını nəzərə alaraq, hesab edir ki, onun əməli haqlı olaraq inzibati xəta kimi qiymətləndirilmiş və 150 manat məbləğində cərimə edilməsinə dair qanuni qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən məhkəmə qərardan şikayətə baxarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsinə əsasən birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə, habelə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görə- yüz əlli manat məbləğində cərimə edilir. Məhkəmə inzibati xətalar qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından hesab edir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və X2 əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsi tövsif edilmişdir. Hazırda da şikayətin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X3 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etmişdir. Bununla da, Bakı şəhər X6 İdarəsinin tərəfindən X2 barəsində çıxarılmış 13 iyun 2024-cü il tarixli, TP6549581 saylı inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslı olduğundan, həmin qərarın ləğv edilməsi üçün heç bir əsas yoxdur. Odur ki, X2 verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-134-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 şikayəti təmin edilməsin. Bakı şəhər X6 İdarəsinin 13 iyun 2024-cü il tarixli, TP6549581 saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №3(009)-1517/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1517/2024
05.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver