Məhkəmə qərarları › İş №3(009)-1522/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1522/2024

12.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1522/2024 12.07.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi ilə, Barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs Muradəliyev Nəcəf Çingiz oğlunun iştirakı ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 X6 və Təbii Sərvətlər İdarəsinin rəisi X5 14 iyun 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X1 şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 X6 və Təbii Sərvətlər İdarəsinin rəisi X5 14 iyun 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək, iş üzrə icraata xitam verililməsi barədə X1 şikayəti Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2024 tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X6 və Təbii Sərvətlər İdarəsi (ETSN) tərəfindən barəmdə inzibati xəta haqqında MN № ******* Qərar qəbul edilmişdir. Bildirirəm ki, bu Qərar əsassız və qanunsuzdur.Belə ki, Qərara əsasən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (İXM) 541- ci maddəsinə (ətraf mühitin mühafizəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının qanuni tələblərinin və ya qərarlarının yerinə yetirilməməsi) əsasən, vəzifəli şəxs olaraq olaraq 3000 AZN məbləğində cərimə edilmişəm. Əvvəla, qeyd olunmalıdır ki, tərəfimdən aradan qaldırılmalı olan hansısa pozuntu mövcud olmadığına görə, ETSN tərəfindən ətraf mühitin mühafizəsinə dair hər hansı qanuni tələbin irəli sürülməsi də istisnadır. Çünki daha əvvəl ETSN tərəfindən barəmdə qəbul edilmiş və İXM 233.1-ci maddəsinə (ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olmasına görə) əsasən, vəzifəli şəxs olaraq 2500 AZN məbləğində cərimə olunmağımı nəzərdə tutan xx.xx.2024 tarixli, MN № ******* Qərardan verdiyim şikayətə baxan Səbail Rayon Məhkəməsi (hakim Azər Tağıyev) №3(009)-1272/2024 saylı Qərar qəbul edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verib ETSN-in qərarını ləğv etmişdir. Sözügedən məhkəmə qərarının nəticəvi hissəsinə dair e-məhkəmə sistemindən çıxarışı qoşmada yerləşdirir, Qərar məhkəmədən bizə təqdim olunduqda sizə göndərəcəyimizi bildiririk. Beləliklə, aydın olur ki, tərəfimdən heç bir pozuntuya yol verilmədiyi üçün onun aradan qaldırılması üçün hansısa orqanın tələb irəli sürməsi istisnadır, qanunsuzdur. İkincisi, hazırda barəmdə qəbul olunmuş ETSN Qərarı İXM 541-ci maddəyə əsaslandığı üçün bu maddə ilə bağlı aşağıdakıları qeyd etmək zəruridir. İXM 116.1-ci maddəyə əsasən, məcəllənin 541-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs barəsində səlahiyyətli orqan inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarır. İXM 116.2-ci maddəyə görə, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda şəxsin törətdiyi hüquqpozmanı aradan qaldırması üçün müddət nəzərdə tutulur. Bu müddət bir ayadək, yaxud hüquqpozmanın aradan qaldırılmasının mürəkkəbliyi və bunun üçün əlavə vaxtın tələb olunması nəzərə alınaraq bir aydan iki ayadək müəyyən olunur. Lakin ETSN Qərarından da göründüyü kimi, cərimə şərti olaraq tərtib olunmamışdır, hüquqpozmanın (əgər varsa) aradan qaldırılması üçün müddət müəyyən edilməmişdir. Üçüncüsü, ETSN tərəfindən sözegedən Qərar qəbul edildiyi tarixdə mənimlə icarəyə verən arasındada bağlanmış Qaynana restoranına dair icarə müqaviləsinə xitam verilməsindən 45 gün keçirdi. Yəni hətta qəbul etsək ki, ETSN tərəfindən irəli sürüldüyü kimi həqiqətən də hansısa pozuntulara yol verilmişdir, bu qərarın qəbul edilməsi yenə qanunsuzdur, çünki qərar qəbul edildiyi tarixdə mən vəzifəli şəxs statusunda olmamışam, Qaynana restoranındakı sahibkarlıq fəaliyyətimin isə dayandırılmasından 45 gün keçmişdir, belə olan halda hansısa tələblərin tərəfimdən yerinə yetirilməsi də qeyri-mümkündür. Həmçinin İXM 17-ci maddənin qeyd hissəsinə əsasən, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Qərar qəbul olunduğu tarixdə mənim heç bir təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat səlahiyyətlərim mövcud olmamışdır, bu, o deməkdir ki, həmin tarixdə və ərəfələrdə mən vəzifəli şəxs olmamışam, vəzifəli şəxs olmayan fiziki şəxsin barəsində vəzifəli şəxsə tətbiq edilməli olan inzibati xəta barədə qərar qəbul olunması isə aşkar qanunsuzluqdur. Dördüncüsü, bütün tərəfimizdən sadalanan əsaslardan əlavə bir nüansı da vurğulamaq zəruridir. Belə ki, İXM 144.1 maddəyə görə, qərardan şikayət verildikdə inzibati tənbeh tətbiq etmə haqqında qərarı qəbul etmiş səlahiyyətli orqan həmin qərarın icrasını şikayətə baxılanadək dayandırır. Lakin ETSN tərəfindən qəbul edilmiş ilk qərardan tərəfimizdən şikayət verilməsinə baxmayaraq, ETSN həmin ilk qərarın icrasını məhkəmədə işə baxılanadək dayandırmamış, hətta hazırda barəsində şikayət etdiyimiz ikinci qərarı qəbul etmişdir. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X6 və Təbii Sərvətlər İdarəsi tərəfindən barəmdə tərtib edilmiş xx.xx.2024 tarixli, MN № ******* xəta haqqında Qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X3 şikayət ərizəsinə uyğun izahat verərək, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X6 və Təbii Sərvətlər İdarəsinin rəisi X5 14 iyun 2024-cü il tarixli, MN ******* saylı qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Qərarından şikayət verilən orqana məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməyinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməyinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən qərarından şikayət verilən orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştiakçısını dinləyib, iş materiallarınə araşdıraraq, hesab edir ki, şikayət təmin edilməli, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X6 və Təbii Sərvətlər İdarəsinin 14 iyun 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X6 və Təbii Sərvətlər İdarəsinin rəisi X5 14 iyun 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, ünvan 1 ünvanında “Qaynana” restoranının fəaliyyəti zamanı atmosferə atılan zərərli maddələrin miqdarını normadan artıq olub, müvafiq icra hakimiyyəti orqanının tələbləri icra olunmayıb. Nəticədə,X3 tərəfindən İnzibati Xətalar Məcəlləsinin 541-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 541-ci maddəsinə əsasən Ətraf mühitin mühafizəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının qanuni tələblərinin və ya qərarlarının yerinə yetirilməməsinə görə- fiziki şəxslər altı yüz manatdan doqquz yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min səkkiz yüz manatadək məbləğdə cərimə edilir. İş materialları ilə müəyyən edilir ki, X4 barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X6 və Təbii Sərvətlər İdarəsinin tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə çıxarılmış 13 may 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar 21 iyun 2024-cü il tarixdə Səbai rayon Məhkəməsi təsrəfindən ləğv edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsinə əsasən Ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olmasına görə- vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on min beş yüz manatdan on iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 541-ci maddəsinə əsasən ətraf mühitin mühafizəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının qanuni tələblərinin və ya qərarlarının yerinə yetirilməməsinə görə- fiziki şəxslər altı yüz manatdan doqquz yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min səkkiz yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X6 və Təbii Sərvətlər İdarəsinin tərəfindən X4 qarşında İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsinin pozuntusunun aradan qaldırılması ilə bağlı qoyulan tələblər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə çıxarılmış 13 may 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar 21 iyun 2024-cü il tarixdə Səbai rayon Məhkəməsi təsrəfindən ləğv edildiyindən qanunsuzdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə, təqdim edilmiş sübutlar əsasında X1 inzibati xəta hadisəsi törətməsi müəyyən edilmir. Göstərilənlərə əsasən məhkəmə barəsində qərar çıxarılmış X2 verdiyi şikayət təmin edilməli, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 X6 və Təbii Sərvətlər İdarəsinin 14 iyun 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı əsassız olduğundan ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 3, 8, 12, 53, 76, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X1 barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 X6 və Təbii Sərvətlər İdarəsinin 14 iyun 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 X6 və Təbii Sərvətlər İdarəsinin 14 iyun 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı əsasında X1 barəsində tətbiq edilmiş inzibati cərimə silinsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar