Məhkəmə qərarları › İş №3(009)-1541/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1541/2021

12.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1541/2021 12.08.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs ASC-nin nümayəndəsi X1 iştirakları ilə, Ləğv prosesində olan Şəxs ASC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ləğv prosesində olan Şəxs ASC-nin Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Səbail RPİ-nin DYPŞ-si tərəfindən tərtib edilmiş 11 iyul 2021-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs ASC onun mülkiyyətində (istifadəsində) olan «KİA RİO MİNİK» markalı, 90AL693 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatları səlahiyyətli orqanın bu barədə sorğusu daxil olduğu vaxtdan 5(beş) gün müddətində verməmişdir. Bununla da, Şəxs ASC barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin nümayəndəsi X2 Şəxs ASC-nin Ləğv prosesində olduğunu və Əmanətlərin Sığortalanması Fondunun Şəxs ASC-nin ləğvedicisi təyin edildiyini bildirərək, Səbail RPİ-nin DYPŞ-nin sorğusunun düzgün ünvana göndərilmədiyini, sorğu barədə məlumat olmadığından Səbail RPİ-nin DYPŞ-nin sorğusuna cavab verilmədiyini bildirərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. İnzibati xəta haqqında protokol tərtib etmiş orqanın hüquqi ünvanına məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmiş, lakin inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və ondan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 64.3-cü maddəsinə əsasən işə inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, ləğv prosesində olan Şəxs ASC-nin Azərbaycan Respublikasının İXM-nin 347-ci maddə ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Səbail RPİ-nin Şəxs ASC- yə ünvanladığı sorğunun DİN-nin DYPİ-nin portalının çıxarışından görünür ki, cəmiyyətə onun mülkiyyətində (istifadəsində) olan «KİA RİO MİNİK» markalı, 90AL693 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən 04 iyun 2021-ci il tarixdə saat 16:26-da ST Mingəçevir Bəhramtəpə yolu 70 km-də yolda təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etdiyinə görə Azərbaycan Respublikası İXM-nin 329.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə məlumat verilməklə, qeyd edilən inzibati xətanı törətmiş sürücü barəsində qanunvericiliklə nəzərdə tutulmuş tədbir görülməsi məqsədilə 5(beş) gün müddətində Səbail RPİ-yə məlumat verilməsi ondan tələb edilmiş və göstərilən müddət ərzində məlumat verilmədiyi təqdirdə qanunvericiliklə nəzərdə tutulmuş inzibati məsuliyyət barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan Forma 103 siyahıdan görünür ki, Bakı şəhəri Səbail RPİ-nin DYPŞ-nin sorğusu Bakı şəhəri, Səbail rayonu, Xəqani, ev 14/16 ünvanına göndərilmişdir. İş materiallarında olan poçt göndərişinin verilməsi haqqında xəbərnamədən görünür ki, Bakı şəhəri Səbail RPİ-nin DYPŞ-nin yuxarıda qeyd olunan sorğusu 21 iyun 2021-ci il tarixdə Şəxs ASC tərəfindən imzalanmaqla qəbul edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 22 iyul 2016-cı il tarixli qərarından görünür ki, Şəxs ASC məcburi ləğv edilmiş, Əmanətlərin Sığortalanması Fondu 24.07.2016-cı il tarixdən etibarən "xxxx" ASCnin ləğvedicisi təyin edilmişdir. Eyni zamanda iş materialları ilə müəyyən olunur ki, Səbail RPİ-nin DYPŞ tərəfindən sorğu "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun ünvanına deyil, hüquqi şəxsin qeydiyyatda olduğu Bakı şəhəri, Səbail rayonu, Xəqani, ev 14/16 ünvanına 3 ünvanına göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5(beş) gün müddətində verilməməsinə görə inzibati xəta törətməkdə təqsirli olan şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 123.1-ci maddəsinə əsasən Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xətalar hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildikdə və müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə məlumat olmadıqda, həmin hüquqi şəxsə (dövlət qurumuna) səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bu barədə dərhal sorğu göndərilir. Həmin Məcəllənin 123.3-cü maddəsinə əsasən bu Məcəllənin 123.1-ci maddəsində nəzərdə tutulmuş sorğuya cavab verməyən hüquqi şəxs, yaxud dövlət qurumunun vəzifəli şəxsi bu Məcəllənin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə məsuliyyətə cəlb olunur. Hüquqi şəxsin, yaxud dövlət qurumunun vəzifəli şəxsinin məsuliyyətə cəlb olunması onu müvafiq məlumatı təqdim etmək vəzifəsindən, fiziki şəxsi isə törətdiyi əmələ görə məsuliyyətdən azad etmir. Həmin Məcəllənin 57.2-ci maddəsinə əsasən sənəd onu göndərən hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalı olan qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, səlahiyyətli orqan (vəzifəli şəxs), yaxud sənədin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Göründüyü kimi qanunvericiliyin mənasına görə Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş məsuliyyətin yaranması üçün inzibati xəta törətmiş fiziki şəxs barəsində nəqliyyat vasitəsinin mülkiyyətçisi olan hüquqi şəxsə səlahiyyətli orqan tərəfindən sorğu verilməli, həmin sorğu hüquqi şəxsə təqdim olunmalı (daxil olmalı) və bundan sonra hüquqi şəxs tərəfindən 5 (beş) gün müddətində sorğuya cavab verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4-cü maddəsinə görə inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 53.0 və 53.0.1-ci maddələrinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, sorğu düzgün ünvanlanmadığından və hüquqi şəxs lazımi qaydada məlumatlandırılmadığından inzibati xəta hadisəsi yaranmamışdır. Buna görə də, Şəxs ASC barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə başlanmış icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38, 43, 53, 105, 109 və 114, 122, 123-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs ASC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar