Məhkəmə qərarları › İş №3(009)-1548/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1548/2023

23.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1548/2023 23.08.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Yasamal RPİ-nin DYPŞ-si tərəfindən tərtib edilmiş 14 iyul 2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC onun mülkiyyətində (istifadəsində) olan Toyota Hİ АСЕ Mikroavtobus markalı, H024607 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatları səlahiyyətli orqanın bu barədə sorğusu daxil olduğu vaxtdan 5(beş) gün müddətində verməmişdir. Bununla da, Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi Nümayəndə protokola etiraz edərək bildirmişdir ki, Şəxs MMC Yasamal Rayon DYPŞ-nin sorğusunu nə rəsmi, nə də qeyri-rəsmi şəkildə almadığından, sorğu barəsində yalnız bu barədə orqan tərəfindən protokol tərtib edilərək məhkəməyə göndərildikdən sonra məlumat əldə olunmuşdur. Belə ki, iş materiallarına əlavə edilmiş poçt bildirişindən (F. 22 bildirişi) belə görünür ki, sorğu guya xx.xx.2023-cü il tarixdə Mikayıl Müşfiq küçəsi 1C ünvanında Şəxs MMC-yə çatdırılmış və şirkət adından həmin sənədləri bildirişdən dəqiq aydın olmasa da “Axundov” soyadlı şəxs qəbul etmişdir. İş materiallarına orqan tərəfindən əlavə edilmiş hüquqi şəxslərin dövlət reyestrindən əlavə edilmiş məlumatlardan göründüyü kimi, Şirkət artıq uzun müddətdir ki, Mikayıl Müşfiq küçəsi 1C ünvanında yerləşmir və ona aid hər hansı obyekt həmin ünvanda mövcud deyil. Belə olan halda, sorğunun həmin ünvanda şirkət tərəfindən qəbul olunması mümkün deyil. Bundan əlavə bildirişdə sənədi şirkət adından qəbul edən şəxs qismində yalnız “Axundov” soyadı və qarşısında imza qeyd edilmişdir (şəxsin kimliyi, tam adı, vəzifəsi müəyyən edilmədən). Hazırda şirkətdə həmin soyada malik yalnız bir işçi var ki, həmin işçi də istehsalatda fəaliyyət göstərdiyindən yalnız Şirkətin Salyan Şossesi 13 km ünvanında yerləşən emalatxanasında oturur və heç bir sənədlərin qəbulu ilə məşğul olmur. Bildirişdə qeyd edilən imza isə onun şəxsi imzası ilə heç bir uyğunluq təşkil etmir və ona məxsus olmadığı açıq-aydın görünür. Bundan əlavə, bildirişin üzərində qeyd edilən barkod kodu Azərpoçt MMC-yə məxsus Azerpost.az veb səhifəsində müvafiq “POÇT GÖNDƏRİŞLƏRİNİN İZLƏNMƏSİ” funksiyası ilə axtarışa verdikdə həmin poçtun guya xx.xx.2023-cü il tarixdə “Abbasov” soyadlı şəxsə çatdırıldığı qeyd edilir. Bu məlumatlar isə nə bildirişin üzərində yazılan məlumatlarla, nə də faktiki hallara uyğun deyil və Şirkətdə belə bir soyada malik ümumiyyətlə hər hansı bir şəxs işləmir. Bütün bunlar onu göstərir ki, təqdim edilən sənədlər həqiqəti əks etdirmir və sorğu Şəxs MMC-yə nə rəsmi, nə də qeyrirəsmi formada təqdim edilməmişdir. Şəxs MMC hər zaman dövlət orqanlarından, xüsusilə Daxili İşlər Nazirliyinin müvafiq idarələrindən daxil olan sorğulara məsuliyyətlə yanaşmış və sorğuları qanunvericiliklə müəyyən edilmiş müddət ərzində dərhal cavablandırmışdır. Konkret sürücülərə təhkim edilmiş bəzi nəqliyyat vasitələri barədə belə məlumatları isə heç bir sorğu olmadan könüllü şəkildə cari ilin əvvəlində müvafiq idarələrə bildirmişdir. Şirkət belə sorğuların cavablandırılmasına qanunvericiliyin tələbindən əlavə sürücülərin işinə nəzarət etmək baxımından da əhəmiyyətli vasitə kimi yanaşır. İndiki halda Şirkətin bu sorğunu cavablandırmamasının yeganə səbəbi sadəcə həmin sorğundan məlumatsız olması olub. Son olaraq, xx.xx.2023-cü il tarixində, saat 11:56-da Şirkətə məxsus Toyota Hİ АСЕ Mikroavtobus markalı, H024607 qeydiyyat nişanlı nəqliyyat vasitəsi Şirkətdə sürücü vəzifəsində çalışan X1 tərəfindən idarə olunmuşdur. Qeyd olunanları nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etdi. İnzibati xəta haqqında protokol tərtib etmiş orqanın hüquqi ünvanına məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmiş, lakin inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və ondan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 64.3-cü maddəsinə əsasən işə inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İXM-nin 347-ci maddə ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Yasamal RPİ-nin Şəxs MMC-yə ünvanladığı sorğunun DİN-nin DYPİ-nin portalının çıxarışından görünür ki, cəmiyyətə onun mülkiyyətində (istifadəsində) olan Toyota Hİ АСЕ Mikroavtobus markalı, H024607 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən xx.xx.2023-cü il tarixində, saat 11:56-da Bakı, Neftçi Qurban 19 ünvanında Dayanma qaydalarını pozmağa görə Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə məlumat verilməklə, qeyd edilən inzibati xətanı törətmiş sürücü barəsində qanunvericiliklə nəzərdə tutulmuş tədbir görülməsi məqsədilə 5 (beş) gün müddətində Yasamal RPİ-yə məlumat verilməsi ondan tələb edilmiş və göstərilən müddət ərzində məlumat verilmədiyi təqdirdə qanunvericiliklə nəzərdə tutulmuş inzibati məsuliyyət barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan poçt göndərişinin verilməsi haqqında xəbərnamədən görünür ki, Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-nin yuxarıda qeyd olunan sorğusu 03 iyul 2023-cü il tarixdə ünvan 4 ünvanına göndərilmiş və “Axundov” soyadlı şəxs tərəfindən imzalanmaqla qəbul edilmişdir. İş materiallarında olan kommersiya qurumlarının dövlət reyestri məlumatlarından çıxarışdan görünür ki, Şəxs MMC-nin hüquqi ünvanı ünvan 5nzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə inzibati xəta törətməkdə təqsirli olan şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 123.1-ci maddəsinə əsasən bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xətalar hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildikdə və müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə məlumat olmadıqda, həmin hüquqi şəxsə (dövlət qurumuna) səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bu barədə dərhal sorğu göndərilir. Həmin Məcəllənin 123.3-cü maddəsinə əsasən bu Məcəllənin 123.1-ci maddəsində nəzərdə tutulmuş sorğuya cavab verməyən hüquqi şəxs, yaxud dövlət qurumunun vəzifəli şəxsi bu Məcəllənin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə məsuliyyətə cəlb olunur. Hüquqi şəxsin, yaxud dövlət qurumunun vəzifəli şəxsinin məsuliyyətə cəlb olunması onu müvafiq məlumatı təqdim etmək vəzifəsindən, fiziki şəxsi isə törətdiyi əmələ görə məsuliyyətdən azad etmir. Həmin Məcəllənin 57.2-ci maddəsinə əsasən sənəd onu göndərən hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalı olan qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, səlahiyyətli orqan (vəzifəli şəxs), yaxud sənədin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Göründüyü kimi qanunvericiliyin mənasına görə Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş məsuliyyətin yaranması üçün inzibati xəta törətmiş fiziki şəxs barəsində nəqliyyat vasitəsinin mülkiyyətçisi olan hüquqi şəxsə səlahiyyətli orqan tərəfindən sorğu verilməli, həmin sorğu hüquqi şəxsə təqdim olunmalı (daxil olmalı) və bundan sonra hüquqi şəxs tərəfindən 5 gün müddətində sorğuya cavab verilməlidir. Lakin səlahiyyətli orqan inzibati xəta törətmiş fiziki şəxs barəsində nəqliyyat vasitəsinin mülkiyyətçisi olan hüquqi şəxsin, yəni Şəxs MMC-nin ünvanına sorğunu düzgün göndərməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4-cü maddəsinə görə inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 53.0 və 53.0.1-ci maddələrinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, polisin sorğusu düzgün ünvana göndərilməmişdir, buna görə də, Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə başlanmış icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38, 43, 53, 105, 109 və 114, 122, 123-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar