Məhkəmə qərarları › İş №3(009)-1549/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1549/2021

30.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1549/2021 30.07.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əlizadə Hüseyn Oktay oğlunun katibliyi, Səbail RPİ-nin 9-cu PB-nin sahə inspektoru, polis baş leytenantı X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1986-cı ildə Bakı şəhərində anadan olmuş, AR vətəndaşı, evli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Səbail RPİ-nin 9-cu PB-si tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Səbail RPİ-nin 9-cu PB-si tərəfindən tərtib edilmiş 30 iyul 2021-ci il tarixli MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında iş materiallarından görünür ki, Şəxs 29 iyul 2021-ci il tarixdə, saat 16:40 radələrində Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospektində DYPİ-nin polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymayıb, tabesizlik göstərmişdir. Daha sonra 9-cu Polis Bölməsinə gətirilmiş və inzibati binada olan zaman Polis Bölməsinin iş rejimini kobud şəkildə pozaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tələblərinə riayət etməmişdir. Məhkəmə iclasında Səbail RPİ-nin 9-cu PB-nin sahə inspektoru, polis baş leytenantı X3 protokolu müdafiə edərək izahatında bildirdi ki, 29.07.2021-ci il tarixində Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospektində təqsirləndirilən şəxs əks istiqamətdə hərəkət edərək yol hərəkəti qaydaları pozmuş və DYPİ-nin polis əməkdaşları tərəfindən saxlanılmışdır. Təqsirləndirilən şəxs barəsində protokol tərtib olunarkən tabesizlik göstərmiş və saxlanılaraq 9cu Polis Bölməsinə gətirilmişdir. İnzibati binada olarkən təqsirləndirilən şəxs Şəxs qəzəbli halda MSY-nin dəmir qapısına təpik vuraraq, uca səslə ünvansız nalayiq ifadələr işlətmiş və səs-küy salaraq növbətçi hissənin iş rejimini kobud şəkildə pozmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tələblərini pozduğundan təqsirləndirilən şəxs barəsində protokol tərtib edilmişdir. Göstərilənləri nəzərə alaraq, Şəxs barəsində qanuni tədbirlər görülməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək bildirdi ki, fikirli olduğu üçün Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospektində əks istiqamətdə səhvən hərəkət etmişdir. Daha sonra DYPİ-nin polis əməkdaşları yaxınlaşan zaman bütün sənədləri polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları protokol tərtib edən zaman yaxınlıqdakı tanışının yanına getmək istəmişdir. Buna görə də, polis əməkdaşının yanından uzaqlaşmışdır. DYPİ-nin polis əməkdaşlarının qanuni tələblərinə riayət etmədiyi üçün 9-cu Polis Bölməsinə gətirilmiş, MSY yerində saxlanılmışdır. Saxlanılan zaman ayaq yoluna getmək istəmiş, lakin polis əməkdaşlarına onun istəyinə etinasız yanaşmışlar. Buna görə də, qəzəbli halda dəmir qapıya təpik vurmuşdur. Əməlindən peşman olduğunu və himayəsində iki azyaşlı olduğu üçün inzibati cərimə tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan 30 iyul 2021-ci il tarixli MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 30 iyul 2021-ci il tarixdə Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati qaydada tutma haqqında 29 iyul 2021-ci il tarixli AZA 014700 saylı protokoldan görünür ki, Şəxs 29 iyul 2021-ci il tarixdə saat 17:00-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tələblərinin pozulması sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tövsif edilməli və həmin maddənin sanksiyası həddində onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icaat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbet tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini və hallarını, təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Şəxs barəsində həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədi Şəxs barəsində həbs növündə inzibati tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və ona həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. Məhkəmə həmçinin hesab edir ki, inzibati həbsdə saxlama müddətinin əvvəli 29 iyul 2021-ci il tarixdən, saat 17:00-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 30, 43, 88, 106-112, 114.1.1, 115, 128.2.1, 130.1 və 535.1-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati qaydada həbs etmənin əvvəli 29 iyul 2021-ci il tarixdən, saat 17:00-dan hesablansın. Qərarın icrasına nəzarət Bakı şəhər Baş Polis İdarəsinin X4 X1 tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar