Məhkəmə qərarları › İş №3(009)-1550/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1550/2021

09.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1550/2021 09.08.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X2 Xidməti tərəfindən qəbul edilən 11 mart 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş 29 mart 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X2 Xidmətinin 29 mart 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarət Xidməti tərəfində "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.1-ci maddəsinin tələblərinin pozulması faktı ilə 29 mart 2021-ci il tarixli, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Sözü gedən inzibati tənbehin tətbiqi barədə qərar ilə razılaşmayaraq şikayət vermişlər. Bildirirlər ki, hazırki inzibati tənbehin tətbiqi barədə qərar qəbul edilərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələbləri kobud surətdə pozularaq qəbul edilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarət Xidməti "xxxx" MMC barəsində Azərbaycan Respublikası iİnzibati Xətalar Məcəlləsinin 469.1- ci maddəsinin tələblərini pozması ilə əlaqədar olaraq 11 mart 2021-ci il tarixli, ******* inzibati xəta haqqında protokol tərtib etmişdir. Lakin, 29 mart 2021-ci il tarixli, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinin tələblərini kobud surətdə pozaraq hüquqi səxs barəsində inzibati tənbehin tətbiqi barədə qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən Bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Belə ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarət Xidməti "xxxx" MMC barəsində inzibati tənbehin tətbiqi barədə qərar qəbul etmək səlahiyyəti yoxdur və inzibati tənbehin tətbiqi barədə qərar yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135-ci maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 - 34-cü maddələrinin tələblərinə uyğun olmaması; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs), barəsində qərar qəbul edilmiş şəxsin vəziyyətini ağırlaşdıran qərarı yalnız bununla əlaqədar zərər çəkmiş şəxsin, bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxsin şikayəti və ya prokurorun protesti olduqda qəbul edə bilər. Qeyd edilənlərdən də görünür ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarət Xidməti 29 mart 2021-ci il tarixli, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edərkən Azərbaycan respublikası İnzibati Xətalar Məcəlləsinin təlblərini kobud surətdə pozmuşdur və bu səbəbdən sözü gedən inzibati tənbehin tətbiqi barədə qərar ləğv edilməlidir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarət Xidmətinin 29 mart 2021-ci il tarixli, ******* nömrəli inzibati tənbeh vermə haqqında qəramın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətçi və qərarından şikayət verilən orqana məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməyinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə hər hansı məlumat verməmişlər. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən şikayətçi və qərarından şikayət verilən orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 29 mart 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İXM-nin 469.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 200 (iki yüz) manat məbləğində cərimə edilmişdir. Qeyd edilən qərardan verilmiş şikayətə məhkəmə tərəfindən baxılarkən müəyyən edilmişdir ki, "xxxx" MMC-nin barəsində X1 Xidməti aparılan inzibati iş üzrə icraat zamanı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinin tələbinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 18.6-cı maddəsinin tələbinə əsasən səlahiyyətli orqanlar (vəzifəli şəxslər) bu Məcəllənin 18.2-ci maddəsində müəyyən edilmiş əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərirlər. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, 11 mart 2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində səlahiyyətli şəxs tərəfindən tərtib edilsə də, baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilməli olduğu halda göndərilməmiş və bu iş materiallarında olan sənədlərlə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, səlahiyyətli orqan tərəfindən qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əməl edilməmiş, subyektiv hüquq pozuntusuna yol verilmişdir. Məhkəmə hesab edir ki, Fövqəladə Hallar Nazirliyi X2 Xidmətinin səlahiyyətli şəxsi tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair qərar qəbul edilərkən qanunvericiliyin yuxarıda qeyd edilən tələbləri pozulduğuna görə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin tərəfindən verilmiş şikayət təmin edilməli, MMC barəsində qəbul edilmiş MN ******* saylı, 29 mart 2021-ci il tarixli qərar ləğv edilməli və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair materiallar tam və hərtərəfli araşdırılması üçün Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X2 Xidmətinə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələrinin tələblərinə görə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biridir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində qərar çıxarılmış "xxxx" MMC Azərbaycan Respublikası İXM-in 469.1-ci maddəsinin tələblərini pozması məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığından verdiyi şikayət təmin edilməli və qəbul edilmiş MN ******* saylı 29 mart 2021-ci il tarixli qərar ləğv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli olması barədə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X2 Xidməti tərəfindən qəbul edilən MN ******* saylı, 29 mart 2021-ci il tarixli qərar ləğv edilsin. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair materiallar yenidən baxılması üçün Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X2 Xidmətinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar