Məhkəmə qərarları › İş №3(009)-1551/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-1551/2023

08.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-1551/2023 08.09.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi Nümayəndə, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X1 iştirakları ilə, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 598.7-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 598.7-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC ünvan 1 ünvanında xx.xx.2023-cü il tarixində nəzarət proqramı tətbiq edilməmişdir. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 598.7-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs MMCnin nümayəndəsi X2, inzibati xəta haqqında protokola etiraz edərək bildirmişdir ki, protokol səlahiyyətli orqan tərəfindən tərtib edilməmişdir. Belə ki, "Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96- VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il Fərmanının 5.70-2-ci maddəsi ilə İXM-nin 598-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxan İnzibati orqanların siyahısı müəyyən edilmişdir. Fərmanın 5.70-2.2-ci maddəsinə əsasən hüquq xidmətləri, mühasibat və vergi məsləhəti xidmətləri göstərən digər şəxslərə münasibətdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi müəyyən edilmişdir. Qeyd edilən Fərmana 31 yanvar 2023-cü ildə dəyişiklik edilmiş və Fərmanın 5.70-2 maddəsi 30 yanvar 2023-cü il tarixindən ləğv edilmişdir və hazırki tarixə qədər də İXM 598-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxa biləcək inzibati orqanların siyahısı müəyyən edilməmişdir. Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin 31 yanvar 2023-cü il tarixli Fərmanı ilə "İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin siyahısı“nda dəyişiklik edilmiş, Vergilər Xidmətinin vəzifəli şəxsləri tərəfindən baxılan işlərin siyahısından İXM-nin 598-ci maddəsi çıxarılmışdır. İXM-nin 43.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ müvafiq icra hakimiyyəti orqanı tərəfindən həmçinin səlahiyyətli orqanlara (vəzifəli şəxslərə) aid edildikdə, İcraatında inzibati xətalar haqqında iş olan səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərir. Sözügedən Fərmanda dəyişikliklə səlahiyyətli orqan müəyyən edilmədiyindən və Vergi Xidmətinin bu maddə ilə protokol tərtib etmək səlahiyyəti olmadığından, Vergi Xidmətinin Şəxs MMC-nin barəsində protokol tərtib etməsi qanunsuz və əsassız olduğundan həmin protokol əsasında tərtib olunmuş qərarın ləğv olunmasını və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi Nümayəndə inzibati xəta haqqında protokolu müdafiə edərək bildirdi ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 18 iyul 2023-cü il tarixli **********174304 nömrəli “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” Qərarına əsasən Şəxs MMC üzrə Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində nəzarətin həyata keçirilməsi məqsədilə İyun 2020 - May 2023 dövrü üzrə növbəti səyyar vergi yoxlaması keçirilmişdir və müvafiq olaraq 07 avqust 2023-cü il tarixli “Səyyar yoxlaması aktı” ilə rəsmiləşdirilmişdir. Qeyd olunan aktda İnzibati Xətalar Məcəlləsinin müvafiq normalarının pozulması aşkar edilərək İnzibati Xətalar Məcəlləsinin 598.7-ci maddəsinin pozulmasına görə xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şəxs MMC-nin təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, protokol və ona əlavə edilmiş sənədlər natamam olduğundan geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-İn 43.2-cü maddəsinə əsasən, bu Məcəllənin 54.2-cİ maddəsində nəzərdə tutulan inzibati xətalar haqqında işlər istisna olmaqla, rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 03 may 2019-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. İnzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan (vəzifəli şəxs) həmin protokolu tərtib edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə ciddi riayət etməlidir. Azərbaycan Respublikası Prezidentinin 31 yanvar 2023-cü il tarixli, 2009 nömrəli Fərmanına əsasən “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixil 795 nömrəli Fərmanının 5.70-ci ve 5.70-2-cl bəndləri ləğv edilmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslər barədə təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi qərara alınmışdır. Göründüyü kimi, Şəxs MMC barəsində protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxs müəyyən olunmadan protokol tərtib olunmuş və Azerbaycan Respublikası Prezidentinin 31 yanvar 2023-cü İİ tarixil, 2009 nömrəli Fərmanı nəzərə alınmamışdır. Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə əsasən, bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1-ci maddəsinə əsasən protokol düzgün tərtib olunmadıqda inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı inzibati haqqında protokolun onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, qeyd edilən çatışmazlıq aradan qaldırılmadan işə mahiyyəti üzrə baxılıb tamamlanması mümkün deyildir. Odur ki, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.7-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında material düzgün tərtib olunmadığından və işə baxılarkən tamamlamaq mümkün olmadığından Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə geri qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106, 109, 118 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.7-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli MN ******* nömrəli protokol və əlavə olunmuş sənədlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar