Məhkəmə qərarları › İş №3(009)-1564/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1564/2021

03.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1564/2021 03.08.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Qafarova Rəna Nazim qızının sədirliyi, Paşazadə Pərvin Kamandar oğlunun katibliyi, Bakı şəhəri Səbail RPİ-nin 9-cu polis bölməsinin sahə inspektoru, polis leytenantı X2, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1973-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Səbail RPİ-nin 9-cu polis bölməsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrinə əsasən Şəxs barəsində tərtib olunmuş inzibati material baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan 03 avqust 2021-ci il tarixdə tərtib edilmiş MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 31.07.2021-ci il tarixdə, saat 23:55 radələrində Bakı şəhəri, Səbail rayonu, B.Sərdarov küçəsində yerləşən “Spar” marketin qarşısında vətəndaş H.Abdullayevi nalayiq ifadələrlə söyüb təhqir edərək xırda xuliqanlıq etmiş və polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. İş materiallarında olan Səbail RPİ-nin 9-cu PB-nin baş təhqiqatçısı, polis baş leytenantı Şükür Həsənov tərəfindən qəbul edilmiş 03 avqust 2021-ci il tarixli qərarla fakt üzrə cinayət işi başlanması rədd edilmişdir. Həmin qərarın təsviri hissəsindən görünür ki, Şəxs 31.07.2021-ci il tarixdə, saat 23:55 radələrində Bakı şəhəri, Səbail rayonu, B.Sərdarov küçəsində yerləşən “Spar” marketin qarşısında vətəndaş H.Abdullayevi nalayiq ifadələrlə söyüb təhqir edərək xırda xuliqanlıq etmişdir. İş materiallarında olan inzibati qaydada tutma haqqında 02 avqust 2021-ci il tarixli, AZA 014687 nömrəli protokoldan görünür ki, Şəxs 02.08.2021-ci il tarixdə, saat 19:20-də inzibati qaydada tutulmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib edən şəxs Bakı şəhəri Səbail RPİ-nin 9-cu polis bölməsinin sahə inspektoru, polis leytenantı X4 izahatında göstərmişdir ki, Şəxs 31.07.2021-ci il tarixdə, saat 23:55 radələrində Bakı şəhəri, Səbail rayonu, B.Sərdarov küçəsində yerləşən “Spar” marketin qarşısında vətəndaş H.Abdullayevi nalayiq ifadələrlə söyüb təhqir edərək xırda xuliqanlıq etmiş, bununla bağlı saxlanılıb polis bölməsinə gətirilən zaman polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Bu səbəbdən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrinə uyğun olaraq inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərmişdir ki, o, 31.07.2021-ci il tarixdə, saat 23:55 radələrində Bakı şəhəri, Səbail rayonu, B.Sərdarov küçəsində yerləşən “Spar” marketin qarşısında vətəndaş H.Abdullayevlə mübahisə etmiş, onu nalayiq ifadələrlə söyüb təhqir etmişdir. Bu səbəbdən o, polis bölməsinə gətirilmiş və barəsində inzibati protokol tərtib olunmuşdur. Hazırda əməlindən səmimi peşman olduğunu, eləcə də bir daha belə inzibati xətaya yol verməyəcəyini bildirərək onun barəsində yüngül inzibati tənbeh növü seçilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə olunmuş 03.08.2021-ci il tarixli raportdan görünür ki, 01.08.2021-ci il tarixdə ünvan 2 ünvanında yaşayan vət. X5 DİN-nin 102 xidmətinə zəng edərək və Səbail RPİ-nin 9-cu PB-nə ərizə ilə müraciət edərək bildirmişdir ki, 31.07.2021ci il tarixdə saat 23:55 radələrində Bakı şəhəri, Səbail rayonu, Bünyad Sərdarov küçəsində yerləşən “Spar” marketin qarşısında səfil həyatı yaşayan Hikmət adlı şəxs onunla səbəbsiz yerə mübahisə etmiş sözlə öldürəcəyini bildirmişdir. Daxil olmuş məlumat araşdırılması üçün 12.07.2021-ci il tarixdə Səbail RPİ-nin 9-cu PB-də 1 saylı HK-də 1012 sayı ilə qeydiyyata alınmışdır. Toplanmış material üzrə araşdırma aparılmış və Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsi ilə cinayət işinin başlanılmasının rədd olunması barədə qərar qəbul edilmişdir. X1 qarşı xırda xuliqanlıq əməli törətmiş vət.Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin tərkibi olduğundan, adı çəkilən şəxsin inzibati məsuliyyətə cəlb edilməsindən ötrü təbdirlərin davam etdirilməsi üçün qəbul edilmiş qərarın surəti aidiyyəti əməkdaşa həvalə edilməlidir. İş materiallarına əlavə olunmuş “narkotik sərxoşluq vəziyyətinin narkotik vasitələrin və psixotrop maddələrin istehlakı hallarının müəyyən edilməsi məqsədi ilə tibbi müayinənin keçirilməsi haqqında” 03.08.2021-ci il tarixli, 2421 nömrəli aktdan görünür ki, Şəxs narkotik vasitə istifadəçisi olduğu müəyyən edilmişdir. Beləliklə araşdırma zamanı müəyyən edilmişdir ki, Şəxs 31.07.2021-ci il tarixdə, saat 23:55 radələrində Bakı şəhəri, Səbail rayonu, B.Sərdarov küçəsində yerləşən “Spar” marketin qarşısında vətəndaş H.Abdullayevlə mübahisə etmiş, onu nalayiq ifadələrlə söyüb təhqir edərək Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı, həmçinin polis işçisinin qanuni tələblərinə tabe olmayaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Həmin Məcəllənin 32.1.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati tənbeh tətbiq edilərkən məsuliyyəti yüngülləşdirən hal hesab edilir. İnzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1-32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. (32.2.) Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə, Şəxs əməlindən peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən işin hallarını, törətdiyi inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, o cümlədən məsuliyyəti yüngülləşdirən halı olmamasını nəzərə alaraq, Şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsini mümkün hesab etmir və Azərbaycan Respublikasının İXM-nin 34.3-cü maddəsi tətbiq edilməklə onun barəsində təqsirli bilindiyi daha ciddi xəta olan Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş 15 (on beş) gün müddətinə inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsinin qanuni və əsaslı olması ilə yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğun olması nəticəsinə gəlir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən barəsində 15 (on beş) gün müddətinə inzibati həbs tətbiq edilməli və inzibati həbs müddətinin əvvəli 02 avqust 2021-ci il tarixdən, saat 19:20-dən hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinsin və həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən barəsində 15 (on beş) gün müddətinə inzibati həbs tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli 02 avqust 2021-ci il tarixdən, saat 19:20-dən hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin inzibati həbs olunanların saxlanılma məntəqəsində saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar