Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1568/2025 20.06.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Afət Xansıvar qızının sədrliyi, Əlizadə Hüseyn Oktay oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.2002-ci ildə Bakı şəhərində anadan olmuş, AR vətəndaşı, subay, məhkum olunmamış, ali təhsilli, "xxxx" ASC programçı vəzifəsində işləyən, Zəngilan rayonu, Mincivan qəsəbəsində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Səbail Rayon Prokurorluğu tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Səbail Rayon Prokurorluğu tərəfindən tərtib edilmiş 13 iyun 2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarından görünür ki, fiziki şəxs Şəxs (FİN: xxxxxxx) - xx.xx.2002-ci ildə Zəngilan rayonunda anadan olmuş, ali təhsilli, Azərbaycan Respublikası vətəndaşı, məhkum olunmamış, "xxxx" ASC proqramçı vəzifəsində işləyən, Zəngilan rayonu, Mincivan qəsəbəsində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərar tərtib etmiş orqana qanunla nəzərdə tutulmuş qaydada elektron qaydada bildiriş göndərilmişdir. Lakin inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərar tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmiş, eləcə də, işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə işə inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərar tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək bildirdi ki, əməlindən peşmandır, bir daha bu cür hərəkətlər etməyəcəyini, inzibati tənbeh tədbiri kimi cərimənin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, Şəxs beş ildir ki, tanıyır. Onunla bir yerdə 297 nömrəli məktəbdə təhsil alıb. İş ilə bağlı Soltanla bir neçə dəfə görüşdükdən sonra onunla yaxın münasibət yaranmışdır. Soltan bank sektorunda fəaliyyət göstərmiş, hal hazırda isə "xxxx"da proqramçı işləyir. Təxminən bir ildir ki, Soltanla sevgili kimi münasibəti vardır. Soltanla ilk dəfə təxminən 7-8 ay əvvəl könüllü şəkildə təbii yolla cinsi əlaqədə olub. Soltan hər zaman ona fikrinin ciddi olduğunu deyirdi. İlk olaraq o istəməsə də onu sevdiyi üçün cinsi əlaqəyə razılıq vermişdi. 2025-ci ilin yanvar ayınadək Soltanla bir neçə dəfə cinsi əlaqədə olduğunu etiraf etmişdir. Münasibətin ilk vaxtlarında Soltan maddi və mənəvi cəhətdən dəstək olurdu. Lakin 2024cü ilin son aylarında münasibətin pisləşdiyini hiss edib ayrılmaq qərarına gəlmişdi. Belə ki, 2025-ci ilin yanvar ayında Soltandan ayrılmış, təxminən üç ay Soltan dəfələrlə zəng edib ayrılmaq istəmədiyini, barışmaq istədiyini, son bir şans verməyi xahiş etmişdir. 2025-ci ilin mart ayında Soltanla yenidən görüşməyə qərar verərək görüşdükdən sonra Soltanla yenidən yaxınlığımız yaranmışdı. Soltan hər şeyin qaydasına düşəcəyini, ona qarşı münasibətində məsuliyyət götürəcəyini deyib vədlər vermişdi. O ərəfədə Soltanla az sayda olsa da görüşüb cinsi əlaqədə olmuşdu. Sonuncu görüş 17 may 2025-ci il tarixdə baş tutmuşdu. Həmin gün səhər saat 10 radələrində görüşüb kofeşopların birində oturmuşlar. Daha sonra Soltanın təklifi ilə saat 12 radələrində Səbail rayonu Namiq Quliyev küçəsində yerləşən “Port Marine” adlı otelə getmişlər. Yolüstü Soltan mağazaların birindən spirtli içki almış. Oteldə olduqları zaman Soltan xeyli miqdarda spirtli içki qəbul etmişdi. O, da az miqdar şərab içmişdi. Bundan sonra otağa yemək sifariş veriblər. Saat 18 radələrində kimi Soltanla otaqda yemək yeyiblər. Saat 13-14 radələrində Soltanla bir dəfə könüllü şəkildə cinsi əlaqədə olmuşlar. Cinsi əlaqədən sonra zərərçəkmiş şəxs yatıb istirahət etmək üçün divanda uzanmışdı. Həmin vaxt Soltan da yenidən spirtli içki almaq üçün otaqdan çıxıb mağazaya getmişdir. Saat 21-22 radələrinə kimi Soltan spirtli içki içməyə və yemək yeməyə davam etmişdir. Soltan bundan sonra aqressiv şəkildə heç bir səbəb olmadan ona qarşı fiziki zorakılıq tətbiq etməyə başlamışdı. Çox aqressiv formada yaxınlaşıb cinsi əlaqədə olmağa çalışmışdır. Soltanın bu vəziyyətini gördükdən sonra aralarında hər hansı əlaqənin olmasını istəmədiyini ona bildirəndə Soltan onu döyməyə başlamışdır. Həmin vaxt Soltan içki qəbul etdiyi stəkanı dişi ilə qırıb içməyə başlamış, onun hərəkətlərindən çəkindiyi üçün yenidən yerində uzanmışdı. Həmin vaxt Soltan yaxınlaşıb cinsi əlaqədə olmağa çalışıb, bədəninin müxtəlif yerlərindən dişləməyə, qollarından tutub silkələməyə başlamış, onu söyərək öz başını onun başına çırpmışdı. O, qaçmağa çalışanda Soltan ona şillə vurmuşdu. O, otaqda qışqıraraq kömək çağırmağa çalışmış, bu zaman qapıya tərəf qaçanda Soltan onun sinəsindən yumruqla vuraraq zərbənin təsirindən yerə yıxılmışdır. Həmin vaxt Soltan gedib bıçaq götürərək qoluna və boynuna cızıq atmışdı. Dərhal həmin gün DİN-nin 102 xidmətinə zəng edib şikayətini bildirmişdir. Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsində araşdırma aparılan ərəfədə məhkəmə tibbi ekspertizadan keçmişdir. Soltanın otelin otağında ona qarşı zorakılıq etməsi, onu döyərək xəsarət yetirməsi, zorlamağa cəhd etməsinə görə Səbail Rayon Prokurorluğunda araşdırma aparılmış və cinayət işinin başlanılması rədd edilmişdir. Zərərçəkmiş şəxs çıxışında məhkəmədən şəxsin inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, inzibati xəta haqqında işin materiallarını araşdıraraq, toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş Şəxs inzibati xətanı törətməsi sübuta yetirilir. Qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. İş materiallarında olan 27 may 2025-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PAB publik hüquqi şəxsin 205 nömrəli rəyindən görünür ki, 2003-cü il təvəllüdlü Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulmuşdur, pozulma müddəti müayinədən 2 həftədən artıqdır. Qızlıq pərdəsində və onun ətrafında digər xəsarət və ya xəsarət izi aşkar edilmir. Zərərçəkmiş şəxs aşkar edilmiş döş qəfəsinin, sol bazunun və sağ bud nahiyələrinin qançırları və onurğanın bel şöbəsinin sıyrığı müayinədən 2-3 gün əvvələ, sağ saidin qançırı isə müayinədən 9-11 gün əvvələ uyğun gəlir. Qeyd olunan xəsarətlər küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdirlər, həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqlarından dərəcələri təyin edilmir. Zərərçəkmiş şəxs arxa keçəcək nahiyəsində dəfələrlə qeyri-təbii yolla cinsi əlaqədə olmanı göstərən əlamətlər aşkar edildi. Qeyri-təbii yolla cinsi əlaqə zamanı arxa keçəcək nahiyəsində xəsarət və ya xəsarət izi aşkar olunmursa, cinsi əlaqənin dəqiq müddətini bildirmək mümkün deyildir. Zərərçəkmiş şəxs adına tərtib olunmuş tibbi sənədə, USM-ə əsasən onda hal-hazırda uşaqlıq boşluğunda hamiləlik təyin olunmur. Zorlama faktı məhkəmə-tibbi məfhum olmadığından bu halın məhkəmə-tibbi meyarlarla qiymətləndirilməsi mümkün deyildir. İş materiallarında olan 09 iyun 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, material üzrə cinayət işinin başlanılması rədd edilmiş və material üzrə Şəxs hərəkətlərində döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirmə inzibatı xətasının əlamətləri mövcud olduğundan Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanılması haqqında qərar qəbul edilməsi üçün zəruri materialların surətləri ayrılmaqla Bakı şəhəri Səbail rayon prokuroruna təqdim edilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs əməlini səmimi etiraf etməklə peşman olmasını və bir daha analoji hərəkətlərə yol verməyəcinə dair söz verməsini məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinin tələbini nəzərə alaraq həmin maddədə göstərilməyən hal kimi şəxsin ilk dəfə bu cür xətaya yol verdiyini, şəxsiyyətini mənfi xarakterizə edən halların icraat materiallarında olmamasını əsas gətirərək, onun barəsində daha ciddi tənbeh tədbirlərinin tətbiq edilməsini lüzum bilmir. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini və hallarını, onun şəxsiyyətini xarakterizə edən halları, təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədi Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və ona cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 30-32, 43, 88, 114-115, 128.2.1, 130.1 və 157-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan, surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Afət Quliyeva
Məhkəmə qərarları › İş №3(009)-1568/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1568/2025
20.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver