Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1569/2025 11.07.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Seyidli İlkin Ramin oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin nümayəndələri Nümayəndə4, X1 və Nümayəndə3, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs nümayəndəsi Nümayəndə1 iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.9-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyindən daxil olmuş materiala məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.9-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 11 iyun 2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan 11 iyun 2025-ci il tarixdə tərtib olunmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs tərəfindən Bakı şəhəri, Səbail rayonu, H.Abdullayev küçəsi, ev 3, xx.xx.2025-ci il, cəmiyyət tərəfindən təqdim edilən istifadəçi razılaşmasının 2.3-cü, 3.12-ci və 6.17-ci bəndlərinə əsasən vəsaitləri istehlakçıya geri qaytarılmaması müəyyən edilmişdir. Nəticədə, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Başəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndələri Nümayəndə4, X1 və Nümayəndə3, inzibati xəta haqqında protokolu müdafiə edərək, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxsnun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.9-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs nümayəndəsi Nümayəndə1, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.9-cu maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, “İstifadəçi Şərtləri”nin 2.3-cü bəndinə əsasən, “Əgər gediş zamanı istifadəçinin tətbiqdə balansı bitərsə, qeydiyyatda olan kartdan avtomatik 5 AZN depozit tutulacaqdır. Vətəndaş tərəfindən təqdim edilən müraciət Agentlik tərəfindən aparılmış araşdırılmanın predmeti ilə ehtiva olunmur. Belə ki, vətəndaş özü tərəfindən seçilən xidmətin minimal dəyərindən (5 AZN) xəbərdar olmuş və xidmətdən istifadə etmiş və absurd şəkildə həmin haldan 5 (beş) ay keçməsinə baxmayaraq xidmətin həmin dövrdə nasaz olduğunu bildirmişdir. Bu hal şəxsin öz hüquqlarından sui-istifadə etdiyini açıq-aşkar sübut edir və heç bir halda predmet üzrə, yəni “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanununun 14-cü maddəsinə əsasən, çeşidli xidmətin alınmasına məcbur edilməsinə dəlalət etmir. Agentlik Cəmiyyət tərəfindən ictimai olaraq bəyan edilən “İstifadəçi Şərtləri” nin 2.3, 3.12 və 6.17-ci bəndlərinin istehlakçı hüquqlarını məhdudlaşdırdığını qeyd etmişdir. Bu mexanizmin aktivləşməsi yalnız istifadəçinin seçimi əsasında baş verir. Belə ki, bu xidmət "Avtomatik balans artırılması" bölməsində ayrıca bir seçim kimi təqdim olunur və istifadə xidməti öz istəyi ilə aktivləşdirir. Əgər o bu xidməti aktiv etsə, bu zaman onun balansındakı məbləğ 0 AZ- ə çatdıqda, kart hesabından avtomatik olaraq 5 AZN əlavə ediləcək. Bu mexanizm, xidmətin fasiləsizliyini və təhlükəsizliyini təmin etmək məqsədi ilə tətbiq olunur. İstifadəçinin balansı gediş zamanı tükəndikdə, nəqliyyat vasitəsinin qaytarılmaması, tərk edilməsi və ya istifadənin natamam qalması kimi texniki və kommersiya risklərinin qarşısını almaq məqsədilə avtomatik depozi sistemi tətbiq edilir. Depozitdən yalnız faktiki istifadə olunan məbləğ tutulur, qalan hissə balansa geri yüklənir. Bu xidmət istifadəçinin öz maliyyəsinə nəzarət etmək hüququnu məhdudlaşdırmır, əksinə, xidmətin davamlılığını təmin etmək üçün, eləcə də istifadəçini hər dəfə ödəniş etmək üçün vaxt sərf etməkdən azad etmək məqsədi ilə ona rahatlıq təklif edir. Sözügedən müddəanın əlavə edilməsi, Cəmiyyətin praktiki fəaliyyətinə uyğun olaraq həm istehlakçıların sağlamlığının qorunması məqsədilə həm də Cəmiyyətin nəqliyyat vasitələrinə dəyəcək zərərin qarşısının alınması məqsədilə irəli sürülür. Belə ki, istifadəçinin balansı bitdikdə həmin velosipedlərin hərəkəti inteqrasiya edilmiş proqram vasitəsilə dayandırılır. İstifadəçilər çox zaman öz aldıqları abunəliyə uyğun olmayaraq, velosipedləri müvafiq olmayan yerlərdə saxlayaraq tərk edirlər. Bu isə həm “Yol hərəkəti” haqqında qanunvericiliyin pozulmasına, həm də nəqliyyat vasitələri və istehlakçılara ziyanın dəyməsi ilə yekunlaşa bilər. Azərbaycan Respublikasının “Elektron ticarət haqqında” Qanununun 1.0.1-ci maddəsinə əsasən, elektron ticarət dedikdə “informasiya sistemlərindən istifadə edilməklə malların alqı-satqısı, xidmətlərin göstərilməsi və işlərin görülməsi (o cümlədən, İnternet şəbəkəsi vasitəsi ilə elektron kitabların, musiqinin, audio-video materialların, qrafik təsvirlərin, virtual oyunların, proqram təminatlarının yüklənməsi, reklamların yerləşdirilməsi, digər analoji iş və xidmətlər) üzrə həyata keçirilən fəaliyyət” başa düşülür. Belə ki, sözügedən Qanunun 9-cu maddəsinə əsasən: “Alıcı (sifarişçi) malın (işin, xidmətin) ödəniş qaydasından asılı olmayaraq 7 iş günü ərzində cəriməsiz və səbəb göstərmədən bağlanmış müqavilənin icrasından imtina edə bilər. Alıcı bu hüquqdan istifadə etdikdə, satıcı ödənilmiş məbləği əlavə xərc olmadan 7 iş gün ərzində geri qaytarmalıdır. Bu müddəalara əsaslanaraq, Cəmiyyət təqdim etdiyi “İstifadəçi Şərtləri”ndə məhz bu hüquqi əsaslara istinad edərək geri qaytarılma hallarını qanunauyğun şəkildə tənzimləyir. Belə ki, 6.17-ci bənddə göstərildiyi kimi, yalnız "Elektron ticarət haqqında" Qanunda göstərilmiş hallar - yəni 7 iş günü ərzində imtina hüququ və səhvən alınmış abunəliklər istisna olmaqla, digər hallarda ödənişin qaytarılmaması nəzərdə tutulur. Məhz bu səbəbdən, əgər X3 xidmətin göstərilməsinə başlamadan qanunla müəyyən edilmiş 7 iş günü ərzində müraciət edərək xidmətin alınmasından imtina etsəydi, ödədiyi məbləğ qeyd-şərtsiz geri qaytarılacaqdı. X3 29 oktyabr 2024-cü il tarixində “APAR” mobil tətbiqindəki hesabına 5 AZN məbləğində vəsait yükləmiş və həmin gün, həmçinin 30 oktyabr tarixində tətbiq üzərindən velosiped xidməti istifadə etmişdir. Müraciət isə yalnız 7 aprel 2025-ci il tarixində - yəni ilkin istifadə tarixindən təxminən beş ay sonra təqdim olunmuşdur. Bu baxımdan, istinad edilən “Elektron ticarət haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1 və 9.4- cü maddələrində nəzərdə tutulan və alıcının 7 iş günü ərzində müqavilədən imtina hüququna əsaslanan müddəa bu halda tətbiq edilə bilməzdi. Məhkəmə hesab edirik ki, bu şərt istifadəçi ilə xidmət göstərən arasında qarşılıqlı hüquq və öhdəlikləri tənzimləmək məqsədi daşıyır və müştərinin tam məlumatlı şəkildə razı olduğu balans sisteminə əsaslanır. Düşünürük ki, bu yanaşma qanunvericiliyin tələblərinə ziddiyyət təşkil etmək və istifadəçinin sərbəst iradəsinə və seçiminə zərər vurmaq kimi qiymətləndirilməməlidir və heç bir halda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.9-cu maddəsinin tərkibini formalaşdırmamaqdadır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Göründüyü kimi əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması əlamətlərindən biri onun hüquqazidd olmasıdır. Hüquqazidd əməl o əməl sayılır ki, həmin əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində hüquq pozuntusu baş versin. Qanunvericilikdə hüquq pozuntusunun konkret əlamətləri müəyyən edilir ki, bu da onu insanların törətdiyi digər cəmiyyətə zidd əməllərdən (məsələn, qanunla cəzalandırılmayan qeyri-əxlaqi hərəkətlərdən) fərqləndirməyə imkan verir. Hüquq pozuntusunun bir neçə əlamətləri var və həmin əlamətlərdən biri hüquq normasındakı göstərişlərin yerinə yetirilməməsi və ya lazımi qaydada yerinə yetirilməməsi ilə əlaqədar olan əməllər hesab edilir. Ona görə də hüquq pozuntusunun ən vacib əlaməti onun hüquqazidd olmasıdır. Qanunun tələblərindən uzaqlaşmaq, konkret hüquqi vəzifələri yerinə yetirməmək, hüquqdan onun təyinatına zidd olaraq (hüquqdan suiistifadə) istifadə etmək və s. əməllər hüquqa-zidd əlamətləri əks etdirir. Digər tərəfdən şəxsin hər hansı bir hüquqa zidd əməli hüquq pozuntusu sayıla bilməz. Yəni hüquq pozuntusunun vacib əlamətlərindən biri - təqsirin olmasıdır. Təqsir, şəxsin törətdiyi əmələ psixoloji münasibəti olub, qəsd və ya ehtiyatsızlıq formasında təzahür edir. Yuxarıda ifadə olunanlar onu göstərir ki, hüquq pozuntusu ictimai-təhlükəli xarakter daşıyan, təqsirli, hüquqazidd, qeyri-əxlaqi əməl başa düşülür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4-cü maddəsinə görə inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4-cü maddəsinə görə inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən tərtib olunmuş 11 iyun 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola dair Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.9-cu maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən tərtib olunmuş 11 iyun 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola dair Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.9-cu maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərar rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №3(009)-1569/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1569/2025
11.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver