Məhkəmə qərarları › İş №3(009)-1572/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1572/2021

12.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1572/2021 12.08.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, X8 Mustafa oğlunun iştirakı ilə, Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin MN ******* saylı 05 aprel 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından X6 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayətlə məhkəməyə müraciət edərək, Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin MN ******* saylı 05 aprel 2020-ci il tarixli inzibati xəta haqqında qərarının ləğv edilməsini və icraata xitam verilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər, Səbail RPİ-nin 9-cu polis bölməsinin kapitanı Əkbər İbayev tərəfindən tərtib edilmiş 05 aprel 2020-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolun ləğv edilməsi üçün müraciət edir. Həmin protokol onun qanuni iddialarına baxmayaraq pozuntular ilə tərtib edilib, protokol ona verilməyib, o, bu protokol üçün qərar verilməsi haqqında məlumatı 03 avqust 2021-ci il tarixində icra məmurlarında xəbər almışdır. Qeyd edir ki, o, karantin dövründə bütün karantin qaydalarına riayət etmişdir və edir (SMS icazə, maska, sosial məsafə və digər profilaktik tədbirlər) Göstərilənləri nəzərə alaraq, Məhkəmədə onun barəsində tərtib edilmiş MN ******* saylı, 05 aprel 2020-ci il tarixli qərarı ləğv edib, işə xitam verilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən X2 şikayəti müdafiə edərək, şikayət ərizəsinə uyğun izahat verdi və Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin MN ******* saylı 05 aprel 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv olunmasını xahiş etdi. Qərarından şikayət verilən orqana məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməyinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməyinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə əsasən qərarından şikayət verilən orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, şikayəti və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsi tərəfindən tərtib olunmuş ******* saylı, 05 aprel 2020-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, X4 Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin inzibati ərazisində karantin rejimi qaydalarını pozmuşdur. X3 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İş materiallarında olan Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin MN ******* saylı 05 aprel 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X4 Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin inzibati ərazisində karantin rejimi qaydalarını pozduğuna görə Azərbaycan Respublikası İXM-in 211-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və 100 (bir yüz) manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarında olan Səbail Rayon İcra və Probasiya Şöbəsinin bildirişindən görünür ki, X6 həmin bildirişi 03.05.2021-ci il tarixdə qəbul etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə əsasən epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə -fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər altı yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsi tərəfindən qəbul edilmiş MN ******* saylı 05 aprel 2020-ci il tarixli qərar ləğv edilməli və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, təqdim edilmiş sübutlar əsasında X5 inzibati xəta hadisəsi törətməsi müəyyən edilmir, onun təqsiri qanunla müəyyən edilmiş qaydada sübuta yetirilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, X6 epidemiya əleyhinə rejimi, sanitariyagigiyena və karantin rejimlərini pozmadığını bildirmiş, inzibati məsuliyyətə cəlb olunmuş şəxsin təqsirini sübut etməyə borclu olan orqan isə onun təqsirli olmasını mötəbər sübutlarla sübuta yetirə bilməmişdir. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X6 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsinin törədilməsi istisna edilir və onun tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Azərbaycan Respublikasının İXM-in 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXM-in 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində qərar çıxarılmış X5 Azərbaycan Respublikası İXM-in 211-ci maddəsinin tələblərini pozması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından X10 oğlunun verdiyi şikayət təmin edilməli və Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsi tərəfindən qəbul edilmiş MN ******* saylı 05 aprel 2020-ci il tarixli qərar əsassız olduğundan ləğv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X2 barəsində Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsi ilə Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsi tərəfindən qəbul edilmiş MN ******* saylı 05 aprel 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsi tərəfindən qəbul edilmiş MN ******* saylı 05 aprel 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Mərkəzi İnformasiya sistemində X10 oğlunun barəsində yerləşdirilmiş inzibati cərimə silinsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar