Məhkəmə qərarları › İş №3(009)-1578/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1578/2024

08.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1578/2024 08.07.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Şirməmmədova Günel Lətif qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Səbail Rayon İcra Şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1984-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Bakı şəhəri Səbail Rayon İcra Şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Səbail Rayon İcra Şöbəsi tərəfindən tərtib edilmiş 08 iyul 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Səbail Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Səbail Rayon İcra Şöbəsinin icra məmuru X3 protokolu müdafiə edərək izahatında göstərmişdir ki, Şəxs barəsində iki dəfə axtarış elan edilmiş və bu zaman izahatları alınmışdır. Həmin vaxtlarda borcunu gah 10 gün ərzində, gah 20 gün ərzində ödəyəcəyini demiş, lakin 2090 (iki min doxsan) manat borcun heç bir hissəsini ödəməmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, işsiz olduğu üçün qeyd edilən məbləği tam ödəyə bilmir. Qeyd etdiklərini nəzərə alaraq iş üzrə ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumatlandırılmış zərərçəkmiş şəxs X4 məhkəmə iclasına gəlməmiş və ondan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə işə zərərçəkmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir Məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə Şəxs Quba Rayon Məhkəməsinin 2(027)-1981/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə üzrsüz səbəbdən icra etməməsi sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və həmin maddənin sanksiyası həddində onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, iş materiallarında olan 08 iyul 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 2(027)-1981/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı icra etmir. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İş materiallarında olan 08 iyul 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola əlavədən görünür ki, Quba Rayon Məhkəməsinin 2(027)-1981/2023-004 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Şəxs hər ay 1 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 190 (bir yüz doxsan) manat sabit pul məbləğində aliment tutularaq tələbkar X2 xeyrinə ödənilməlidir. İcra sənədləri xx.xx.2023-cü il tarixdə icraata daxil olmuş və müvafiq qərarla icraata başlanılmış, tələbin icrası ilə bağlı bildiriş borcluya göndərilmişdir. Eyni zamanda borclu Şəxs əmlak vəziyyətini yoxlamaq məqsədi ilə bir sıra sorğular edilmiş, lakin borcluda tələbin yönəldilə biləcəyi əmlak aşkar edilməmişdir. Borclu icra sənədi üzrə tələbi təmin etmədiyindən xx.xx.2024-cü il tarixdə borclunun axtarış haqqında qərar Səbail rayon Polis İdarəsinə göndərilmişdir. Səbail rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin əməkdaşları tərəfindən Şəxs şöbəyə təhvil verilmişdir. Şəxs xx.xx.2024-cü tarixdə şöbədə olarkən ondan icra sənədinin icrası ilə bağlı yazılı izahat alınmışdır. O, verdiyi izahatında bu günə qədər aliment borcundan ödəniş etməməsinin səbəbini işsiz olması ilə əlaqədar olduğunu qeyd etmişdir. Aliment üzrə bu günə olan borc 2090 (iki min doxsan) manat təşkil edir. Tələbkar öz növbəsində icra sənədi üzrə yaranmış borcun tam ödənilməsini tələb edir. İş materiallarında olan Quba Rayon Məhkəməsinin 2(027)-1981/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsindən görünür ki, iddia qismən edilmiş, xx.xx.2013-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay 190 (bir yüz doxsan) manat sabit pul məbləğində aliment cavabdeh Şəxs iddiaçı X2 xeyrinə tutulması barədə qərar qəbul edilmişdir. İş materiallarında olan tələbin könüllü icra edilməsi barədə xx.xx.2023-cü il tarixli bildirişə əsasən, Şəxs Quba Rayon Məhkəməsinin 2(027)-1981/2023-004 saylı, xx.xx.2023-cü il tarixli icra sənədində göstərilən tələbin dərhal icra edilməsi, bu müddət ərzində tələb könüllü şəkildə icra edilməzsə icranın məcburi qaydada təmin ediləcəyi barədə xəbərdar edilmişdir. 30 noyabr 2023-cü il tarixli qərarla Quba Rayon Məhkəməsinin 2(027)-1981/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi nəzərdən keçirilərək icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan Şəxs xx.xx.2024-cü il tarixli izahatından görünür ki, borc məbləğini işləmədiyi üçün ödəmir. 2090 (iki min doxsan) manat məbləğindəki aliment borcunu 15 (on beş) gün ərzində ödəyəcək. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Quba Rayon Məhkəməsinin 2(027)-1981/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə borclu Şəxs hər ay 1 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün 190 (bir yüz doxsan) manat sabit pul məbləğində aliment tutularaq tələbkar X2 xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2023-cü il tarixdə icraata daxil olmuş və müvafiq qərarla icra tədbirlərinə başlanılmışdır. Borclunun halhazırda aliment borcu 2090 (iki min doxsan) manat təşkil edir. Həmçinin xüsusi ilə qeyd edilməlidir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında işsiz olması, qazancı və ya başqa gəlirinin olmaması və icra sənədini üzürlü səbəblərdən icra etməməsini göstərməsi məhkəmə tərəfindən özünü müdafiə xarakterli izahat kimi qəbul edilərək əsassız sayılır. Məhkəmə Şəxs qeyd edilən qaydada izahat verməsini onun hüququ kimi qəbul edir və onun dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək, hesab edir ki, onunla razılaşmaq olmaz. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 mart 2006-cı il tarixli, 5 nömrəli qərarının 6-cı bəndinə əsasən mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun əmlak vəziyyətini halları nəzərə alır. Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədi Şəxs barəsində həbs növündə inzibati tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və ona həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 30-31, 43, 114-115, 128.2.1, 130.1 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək onun barəsində 08 (səkkiz) gün müddətə inzibati həbs tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlama müddətinin əvvəli 08 iyul 2024-cü il tarixdən saat 17:45-dən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati Həbs olunanların Saxlanılma Mərkəzinə həvalə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar