Məhkəmə qərarları › İş №3(009)-1593/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1593/2021

26.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1593/2021 26.08.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Cəfərov Sabuhi Mahir oğlunun katibliyi, Şəxs MMC-nin nümayəndəsi və vəkili X1 iştirakı ilə Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib edilmiş 06 Avqust 2021-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC 252124.00 ABŞ dolları məbləğində vəsaiti bank hesabından 04 İyun 2019-cu il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 252124.00 ABŞ dolları məbləğinə vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmişdir. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi və vəkili X3, məhkəməyə yazılı etiraz təqdim edərək, bildirdi ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı (bundan sonra - Mərkəzi Bank) 6 avqust 2021 -ci il tarixində MN ******* nömrəli protokol (bundan sonra - Protokol) tərtib etmişdir. X2 Kompani MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədildiyi iddia olunur. Protokola əsasən ”X4”MMC 4 iyun 2019-cu il tarixində xaricə 252 124 ABŞ dolları köçürmüş və 2 il müddət keçsə də həmin vəsait hesabına alınan malları (xidmətləri) ölkəyə idxal etməmişdir. Hesab edir ki, inzibati xəta hadisəsi olmadığı üçün inzibati xətalar haqqında iş üzrə icraata İXM-nin 53.1.1 və 105.1 maddələrinə əsasən xitam verilməlidir. Belə ki, X4 MMC (bundan sonra MMC) ilə Sinqapurun “X7." Şirkəti arasında 17 oktyabr 2012-ci ildə Texniki Xidmətlər Müqaviləsi imzalanmışdır (müqavilənin müvafiq maddələrinin tərcüməsi əlavə olunur). Müqaviləyə əsasən (maddə 5.2) “X7.” Şirkəti MMC-yə platforma, gəmi tikintisi və gəmi təmiri sahəsində texniki məsləhət və təlimat xidmətləri göstərir. Müqavilənin 8.1 və 8.2-ci maddələrində qeyd olunur ki, MMC texniki dəstək xidmətlərinin göstərilməsi qarşılığında X7.” Şirkətinə 2 000 000 (iki milyon) ABŞ dolları məbləğində sabit məsləhət haqqı ödəməlidir. Bu məbləğ Texniki Xidmətlər Müqaviləsinə edilmiş 1 nömrəli 19 fevral 2013-cü il tarixli əlavə ilə 2”500”000 (iki milyon beş yuüz min) ABŞ dolları olaraq müəyyən edilmişdir. Texniki Xidmətlər Müqaviləsinin 8.3cü maddəsinə əsasən sabit məsləhət haqqı rüblük olaraq keçmiş dövr üçün ödənilir. Bu maddəyə əsasən texniki dəstək xidmətlərinə görə avans deyil, artıq keçmiş rüb ərzində göstərilmiş xidmətlərin haqqı ödənilir. Mərkəzi Bank tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdən göründüyü kimi, MMC ABB ASC-yə xaricə köçürməyə dair 3 iyun 2016-cı il tarixli ərizə təqdim etmişdir. Bu ərizədə ödənişin təyinatı olaraq 16201868 nömrəli 01.12.2016-cı il tarixli, ********** nömrəli 01.0.2019-cu il tarixli və ********** nömrəli 01.05.2019-cu il tarixli invoyslar qeyd olunmuşdur. Ərizənin bank üçün əlavə məlumat bölməsində isə ödənişin texniki dəstək xidmətlərinə (technical assistance services) ilə bağlı olduğu qeyd olunur. Bundan əlavə Mərkəzi Bank tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdən göründüyü kimi, 16201868 nömrəli 01.12.2016-cı il tarixli invoys məhz 2016-cı ilin 4-cü rübündə texniki dəstək xidmətləri üçün (invoysda ingiliscə qeyd olunmuş ifadə - invoice for the Technical Assistance Services in 4th quarter year 2016) təqdim olunmuşdur. X5 Ltd. və MMC arasında 2016-cı ilin yanvar- dekabr aylarında 17 oktyabr 2012-ci il tarixli Texniki Xidmətlər Müqaviləsinə əsasən xidmətlərin göstərilməsini təsdiq edən 01.01.2017-ci il tarixli təhvil sertifikatı 23 avqust 2021-ci il tarixində keçirilmiş məhkəmə iclası zamanı MMC-nin vəkili tərəfindən təqdim edilmişdir. Görünür ki, MMC tərəfindən 4 iyun 2019-cu il tarixində 2016- cı ilin 4-cü rübündə tamamlanmış texniki dəstək xidmətlərinə görə ödəniş edilmişdir və bu ödənişlər avans məbləği olmamışdır. Bu isə o deməkdir ki, MMC tərəfindən İXM-nin 430.4-cü maddəsində qeyd olunan inzibati xəta törədilməmişdir və bu səbəbdən Mərkəzi Bank tərəfindən həmin maddəyə əsasən başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanları nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada məlumat verilməsinə baxmayaraq, protokol tərtib etmiş orqanın nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə işə inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati iş üzrə materialda olan və məhkəmə iclasında araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin Azərbaycan Respublikasının Mərkəzi Bankına ünvanlanmış 09 iyun 2021-ci il tarixli məktubundan görünür ki, “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları“nın (bundan sonra Qaydalar) 4.3.1.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasına idxal olunan malların və xidmətlərin ödənilməsi üzrə rezidentlər və qeyri-rezidentlər tərəfindən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Bu zaman ödənişin aparıldığı gündən 2 il müddətində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd banka təqdim olunmalıdır. Həmin müddət ərzində mallar idxal edilmədikdə, xidmətlər göstərilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda bank qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədləri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün 5 ( beş ) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edir. Bununla əlaqədar olaraq, 05.03.2020-ci il tarixində daxil olmuş elektron məktubunuza əsasən.bəzi köçürmələrə məlumatı təqdim etmə vaxtı 2 ilə qədər uzadılması ilə bağlı güzəşt olunmuş, lakin müvafiq təsdiqedici sənədlər güzəşt müddətində də təqdim olunmadığından əməliyyatlar barədə məlumatlar Mərkəzi Banka təqdim edilmişdir. İş materiallarına əlavə edilmiş müqavilə və qəbul aktından görünür ki, X4” MMC tərəfindən yanvar-dekabr 2016-cı il üzrə müqaviləyə uyğun olaraq yerinə yetirilmiş xidmətlərin haqqı ödənilmişdir. Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə-vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması” Qaydalarının 4.3.1.3-cü maddəsinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Bu zaman ödənişin aparıldığı gündən 270 (iki yüz yetmiş) gün müddətində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd banka təqdim olunmalıdır. Həmin müddət ərzində mallar idxal edilmədikdə, xidmətlər göstərilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda bank qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədləri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün 2 (iki) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edir. Həmin məsələni tənzimləyən “Azərbaycan Respublikasının rezident və qeyrirezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması” Qaydaları avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində görülmüş əməliyyatları təsdiq edən sənədlərin 270 (iki yüz yetmiş) gün ərzində müvafiq banka təqdim edilməsini tələb edir.” Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan əməli törətməsi sübuta yetirilmir. Belə ki, iş materialları məhkəmə iclasında araşdırılarkən müəyyən edilmişdir ki, “Şəxs MMC 252124.00 ABŞ məbləğində olan vəsaiti bank hesabından 04 İyun 2019-cu il tarixdə xaricə köçürmüş, həmin vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal edilməsinə dair gömrük bəyannaməsini Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 11.2-ci maddəsinə əsasən inzibati xətalara görə məsuliyyəti yüngülləşdirən və ya onu aradan qaldıran normativ hüquqi aktların geriyə qüvvəsi vardır, yəni həmin aktlar onların qüvvəyə mindiyi vaxtadək törədilmiş, həmçinin inzibati tənbeh tətbiq etmə haqqında qərarı tam icra olunmamış xətalara da şamil edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Həmin Məcəllənin 53.0-cı maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda; inzibati xəta tərkibi olmadıqda; şəxs son zərurət vəziyyətində hərəkət etdikdə; şəxs zəruri müdafiə vəziyyətində hərəkət etdikdə; inzibati məsuliyyət müəyyən edən normativ hüquqi akt ləğv olunduqda; bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs öldükdə; Bu Məcəllənin 157 və 158-ci maddələrində”nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda; bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda; bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xəta haqqında elektron qərar real vaxt rejimində tərtib olunmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs ” MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10(on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar