Məhkəmə qərarları › İş №3(009)-1593/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1593/2024

10.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1593/2024 10.07.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əliyev Ülvi Bağır oğlunun katibliyi, Səbail rayon İcra şöbəsinin icra məmuru X5, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxsin nümayəndəsi X4 iştirakları ilə, xx.xx.1993-cü il təvəllüdlü, evli, himayəsində iki azyaşlı övladı olan, Azərbaycan Respublikası vətəndaşı, Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, Gülbala Əliyev küçəsi, ev 40-da yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Bakı şəhər Səbail rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Səbail rayon İcra Şöbəsinin icra məmuru X9 tərəfindən Səbail Rayon Məhkəməsinin 2(009)-1898/2022 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə tələbi icra etməyən Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokollar baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında MN ******* saylı protokoldan görünür ki, borclu Şəxs tərəfindən icra məmurunun qanuni tələblərinə əməl edilməyib və borc məbləği ödənilməyib. İnzibati xəta haqqında MN ******* saylı protokola əlavədən görünür ki, Bakı şəhəri Səbaii rayon Məhkəməsinin 2(009)-1898/2022 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Şəxs 38.000 (otuz səkkiz min) manat tutularaq X2 ödənilsin. İddiaçı tərəfindən ödənilmiş 204 (iki yüz dörd) manat dövlət rüsumu Şəxs tutularaq X2 ödənilməlidir. İcra sənədi xx.xx.2023-cü il tarixdə şöbəsinin icraatına daxil olmuş və müvafiq qaydada icraya yönəldilmişdir. Borclu xx.xx.2023-cü il tarixdə şöbədə olmuş, ondan izahatı alınmışdır. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən protokol tərtib olunaraq məhkəməyə göndərilmişdir. Səbail rayon məhkəməsinin 3(009)-2065/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən Şəxs inzibati xətanı törətməkdə təqsirli bilinmiş və 1000 (bir min) manat məbləğində cərimə olunmuşdur. Borclunun faktiki yaşadığı ünvan 1 ünvanına hal şahidlərinin iştirakı ilə baxış keçirilmiş, ünvanda olan zaman tələbin yönəldilə biləcəyi əmlak aşkar edilməmişdir. Səbail rayon məhkəməsinin 3(009)-2065/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından tələbkar tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsi tərəfindən təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin 3(103)-1983/2023 saylı, xx.xx.2023- cü il tarixli qərarına əsasən dəyişdirilmədən saxlanılmışdır. Daha sonra xx.xx.2023-cü il tarixdə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimatla Səbail rayon məhkəməsinə müraciət olunmuş, məhkəmənin 8(009)-338/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadına əsasən təqdimat təmin edilmişdir. Qərardad aidiyyatı üzrə göstəriş verilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İcra Baş İdarəsinə göndərilmişdir. Borclu 1000 (bir min) manat məbləğində inzibati cəriməni ödəmədiyindən xx.xx.2023cü il tarixdə onun barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmiş, Səbail rayon məhkəməsinin 3(009)-2593/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən Şəxs 15 gün müddətinə inzibati qaydada həbs olunmuşdur. Borclu xx.xx.2023- cü il tarixdə şöbəyə ərizə ilə müraciət edərək tələbkarın bank rekvizitlərinin təqdim olunmasını xahiş etmiş və ona tələbkarın bank rekvizitləri təqdim olunmuşdur. Borclu Şəxs X3 ilə nikahda olduğu müəyyən olunmuş və birgə nikah dövründə əldə olunmuş əmlakın müəyyən edilməsi məqsədi ilə "Elektron icra" informsiya sistemi vasitəsi ilə bir sıra dövlət orqanlarına və bank təşkilatlarına sorğu ilə müraciət edilmiş, lakin X1 mülkiyyətində tələbin yönəldilə biləcəyi əmlak aşkar edilməmişdir. Borcluya xx.xx.2024-cü il tarixdə cinayət məsuliyyətinə cəlb olunması barədə xəbərdarlıq edilmişdir. Ondan izahatı alınmış, izahatında borcu birdəfəlik ödəməyə imkanın olmadığını, borcu hissə-hissə ödəyəcəyini qeyd etmişdir. Borclu icra sənədi üzrə borcundan cəmi 1200 (bir min iki yüz) manat ödəniş etmişdir. Borclunun bugünə olan borcu 36800 manat təşkil edir. Məhkəmə iclasında iştirak edən Səbail rayon İcra şöbəsinin icra məmuru X9 protokolları müdafiə edərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsində nəzərdə tutulan əməli törətmiş şəxs barəsində qanuni tədbirlər görülməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxsin nümayəndəsi X6 izahatında qızının birinci dərəcəli əlil övladı ilə evsiz qaldığını, kirayədə yaşadığını, vaxt verilmədən qətnamədə göstərilən məbləğin cavabdehdən tutulmasını və onun barəsində daha ciddi tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında qətnamənin icrası üçün möhlət verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir və o, göstərilən inzibati xətaların törədilməsində təqsirli bilinməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib, himayəsində iki azyaşlı övladının olmasını, törədilmiş xətanın xarakterini və hallarını, təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Şəxs İXM-nin 528.1-ci maddələsinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi həbs növündə inzibati tənbehin yuxarı həddinin 1/4 birindən az olmamaqla, cəza təyin edilməsini qanuni, legitim, əsaslı və ədalətlidir. Belə ki, İXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 40, 43, 48-51, 114.1.1, 115.1, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 20 (iyirmi) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati qaydada həbs etmənin əvvəli 10 iyul 2024-cü il saat 17:30-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati Həbs olunanların Saxlama Məntəqəsinə tapşırılsın. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar