Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1606/2024 24.07.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Şirməmmədova Günel Lətif qızının katibliyi, Barəsində inzibati tənbehvermə haqqında qərar çıxarılmış şəxs X3, İnzibati tənbehvermə haqqında qərar qəbul etmiş şəxsin nümayəndəsi X2 iştirakları ilə, Bakı Şəhər Baş Polis İdarəsinin X10 İdarəsinin xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbehvermə barədə qərarından X6 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X6 şikayətlə məhkəməyə müraciət edərək Bakı Şəhər Baş Polis İdarəsinin X10 xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbehvermə barədə qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandılmışdır ki, Bakı şəhəri Baş Dövlət Yol Polis idarəsinin polis mayoru X1 09 may 2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə AR İXM-nin 327.4-cü maddəsi ilə 150 manat məbləğində cərimə 1 bal növündə inzibati tənbeh olunmuşdur. Qeyd edir ki, o sözügedən qərarı 10 iyul 2024-cü il tarixdə qəbul etmidir. Həmin qərar qanunsuz və əsassızdır və qəbul edilmiş həmin qərarla razı deyildir. Qeyd edir ki, 04 aprel 2024-cü il tarixdə Bakı şəhəri, Səbail rayon S.Ələkbərova küçəsində hərəkətdə olarkən heç bir əsas olmadan ona İXP 62201 saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd edir ki, o, heç inzibati xəta pozuntusuna yol verməmişdir. Bakı şəhəri Baş Dövlət Yol Polis İdarəsi əməkdaşı onu saxlamadan inzibati xəta haqqında əsassız və qanunsuz protokol tərtib edilmişdir. Protokol tərtib olunandan sonra polis əməkdaşı ona dəfələrlə zəg etmiş ona protokolun qeyri-prosessual formada həll edilməsini bildirmişdir. Lakin o, həmin əməkdaşa heç bir inzibati xəta pozuntusuna yol verməyini bildirirərək tərtib etdiyi protokolun qanunsuz və əsassız olduğunu bildirmişdir. Bundan 26 gün sonra +**********33 GSM nömrəsinə saat 18:01 də daxil olan sms-dən sonra ona barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş, lakin onun bundan heç bir məlumatı olmamışdır. İnzibati tənbeh vermə haqqında qərar yaxınlaşıb rəsmi şəkildə Bakı şəhəri Baş Dövlət Yol Polis İdarəsindən götürülən zaman yol polisinin əməkdaşı bildirmişdir ki, guya ona inzibati xəta haqqında protokol ona görə tətbiq olunmuşdur ki, elekton vasitələrlə, yəni video görüntü vasitəsilə onun inzibati xəta törətdiyi aşkar edilmişdir. O isə əməkdaşa bildirmişdir ki. tərtib etdiyiniz protokol və qərar müvafiq qanunvericiliyə ziddidir. Yəni polis əməkdaşı saxlayıb bilavasitə yerinə barəsində inzibati xəta haqqında protokol tərtib etməmişdir. Əgər polis əməkdaşı onun barəsində özünün iştirakı ilə inzibati xəta haqqında protokol tərtib etsəydi, onu əyani şəkildə saxlayacağı üçün bundan məlumatı olacaq idi. Bu səbəbdən də hesab edir ki, barəsində tərtib edilmiş protokol video görüntü vasitəsilə aşkar edilmişdir. Ancaq qeyd edir ki, əgər o, inzibati xəta etsə belə və bu xəta foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formadahəmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimindəelektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılmalı idi. Bu səbəbdən də tərtib edilmiş qərar qanunsuz və əsassızdır. Belə ki, AR İXMnin 38.6-cı maddəsinə Bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərar və onun əlavəsi (foto və ya video materiallar) inzibati xətanın törədildiyi gündən bir gün müddətində hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılan elektron kabinetdə yerləşdirilmədikdə, şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. Həmin Məcəllənin 53.1.11-ci maddəsinə əsasən bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xəta haqqında elektron qərar real vaxt rejimində tərtib olunmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 122.1-ci maddəsinə əsasən Bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətam törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Həmin Məcəllənin 124.4-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində araşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat ıparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Göründüyü kimi inzibati xətalar haqqında qanunvericilik bu baxımdan inzibati xətanı bilavasitə səlahiyyətli şəxs tərəfindən aşkar edilmiş və foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalar olaraq təfsir edir. Hətta qeyd edim ki, inzibati xəta haqqında qanunvericilik özündə onu da ehtiva edir ki, əgər bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2,330, 339.1-1, 346, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xəta bilavasitə səlahiyyətli şəxs tərəfindən aşkar edilməmişsə, eyni zamanda foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkaı edilərsə, real vaxt rejimində elektron qərar formasında inzibati xətanın törədildiyi gündən bir gün müddətində nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılan elektron kabinetdə yerləşdirilməzsə, həmin şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. Bu səbəbdən də yuxarıda qeyd etdiklərinə əsasən, eyni zamanda AR İXM-nin 38, 40, 43, 53,114-115, 157-ci maddələrini rəhbər tutaraq məhkəmədən barəsində tərtilb edilmiş 09 may 2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqındı qərarın ləğv edilməsi və inzibati iş üzrə icraata xitam verilməsini xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati tənbehvermə haqqında qərar çıxarılmış şəxs X6 şikayətini müdafiə edərək protokolun haqsız yerə tərtib edildiyini və qeyd olunanlara əsasən şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən inzibati tənbeh vermə haqqında qərar çıxarmış orqanın nümayəndəsi X5 şikayətə etiraz edərək qərardan verilmiş şikayət əsassız olduğundan təmin edilməməsini, qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, şikayət qismən təmin edilməli, Baş X10 İdarəsinin xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbehvermə barədə qərarı ləğv edilməli və iş baxılması üçün yenidən Baş X10 İdarəsinin göndərilməlidir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbehvermə haqqında qərardan görünür ki, X6 xx.xx.2024-cü il tarixdə, saat 07:53-də Bakı şəhərinin Səbail rayonu, Ş.Ələkbərova küçəsində idarə etdiyi “Toyota Prius minik” markalı, **-SL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən 1.1,1.3 və 1.11 üfüqi nişanlama xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınının əks istiqamətində hərəkət edərək Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və o, 150 (bir yüz əlli) manat məbləğində inzibati qaydada cərimə edilmişdir İş materiallarında olan sms bildirişlərindən görünür ki, X4 məxsus “Toyota Prius minik” markalı, **-SL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2024-cü il tarixdə İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında 150 (bir yüz əlli) manat məbləğində və 1 balla cərimələnmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdə “Toyota Prius minik” markalı, **-SL-*** dövlət qeydiyyat nişanlı avtomobil ünvan 1 ünvanında hərəkətdə olarkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta törədilmiş və inzibati tənbehvermə barədə qərar qəbul edilmişdir. Qeyd edilən qərardan verilmiş şikayətə məhkəmə tərəfindən baxılarkən müəyyən edilmişdir ki, X6 barəsində aparılan inzibati iş üzrə icraat zamanı səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Belə ki, inzibati xəta haqqında protokol tərtib edilərkən iş üçün əhəmiyyət kəsb edən hallar diqqətlə araşdırılmamış və inzibati xəta haqqında protokolda göstərilməmişdir. Bundan əlavə inzibati xəta haqqında protokol və inzibati tənbehvermə haqqında qərar qəbul edilərkən X3 iştirakının təmin edilib-edilməməsi iş materialları ilə sübuta yetirilmədiyindən belə nəticəyə gəlməyə əsas verir ki, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməmişdir. Göründüyü kimi işə baxarkən nəqliyyat vasitəsinin X6 tərəfindən idarə edilməsi, habelə inzibati xətanın X6 tərəfindən törədilib-törədilməməsi araşdırılmamışdır. Bu səbəbdən istinad edilən inzibati xətanın mövcud olub-olmamasını aydınlaşdırmaq mümkün deyildir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Bakı Şəhər Baş Polis İdarəsinin X10 İdarəsinin xx.xx.2024-cü il tarixli, TP ******* inzibati tənbehvermə barədə qərar qəbul edilərkən yuxarıda qeyd edilən halların tam araşdırılmaması səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsinə əsasən birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə, habelə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görə- yüz əlli manat məbləğində cərimə edilir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31-34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərın işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə, məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhər Baş Polis İdarəsinin X10 İdarəsinin xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbehvermə barədə qərar ləğv edilməli və qeyd olunan inzibati xəta haqqında iş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl edilməklə baxılması üçün Bakı şəhər Baş Polis İdarəsinin X10 İdarəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 şikayəti qismən təmin olunsun. Bakı şəhər Baş Polis İdarəsinin X10 İdarəsinin xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbehvermə barədə qərarı ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş baxılması üçün Bakı şəhər Baş Polis İdarəsinin X10 İdarəsinə göndərilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-1606/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1606/2024
24.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver