Məhkəmə qərarları › İş №3(009)-1608/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1608/2022

21.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1608/2022 21.10.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə3, İnzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsi Nümayəndə4 iştirakları ilə, "xxxx" MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 519.0.2-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X4 Xidmətindən daxil olmuş inzibati xəta haqqında materiala Səbail Rayon Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx" MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 519.0.2ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X4 Xidməti tərəfindən tərtib olunmuş 27 sentyabr 2022-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Bakı şəhəri Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, 27 sentyabr 2022-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonunda yerləşən "xxxx" MMC-də keçirilən plandankənar yoxlama zamanı Lisenziya və icazələr haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 176-VQ və 174 nömrəli qərarının 41-ci maddəsinin tələblərinin pozulması aşkar olunmuşdur. Nəticədə "xxxx" MMC tərəfindən Azərbaycan Respublikasının İXM-nin 519.0.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədilmişdir. Məhkəmə iclasında iştirak etmiş Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X4 Xidmətinin nümayəndəsi Nümayəndə4 protokolu müdafiə edərək, birinci yoxlamanın Ədliyyə Nazirliyindən çıxarış əsasında xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə keçirilməsini, nöqsanların aşkar olunmasını, əməkdaşların aidiyyatı üzrə diplomlara malik olmamasını, balonların tərkibində olan maddələrin uyğunluq sertifikatının olmamasını, həmin mallar gömrükdən keçirilərkən gömrük orqanı tərəfindən FHN-nin rəyinin alınmalı olduğunu, firma tərəfindən ikinci yoxlamaya şərait yaradılmamasını, nöqsanların aradan qaldırılması üçün 3 dəfə vaxt verilməsini qeyd edərək "xxxx" MMC-nin barəsində müvafiq tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə3 protokola etiraz edərək, yoxlama zamanı sınaq üçün nümunələrin düzgün formada götürülməməsini, götürülmə şəraitinin göstərilməməsini, sınağın tələb olunan standartlara cavab verməməsini, götürülmüş nümunələrin sınaq üçün gec təqdim edilməsini, sınaq protokolunda istinad olunan əsasların ölkə ərazisində tətbiq olunmamasını, mallar gömrükdən keçirilərkən uyğunluq sertifikatının təqdim edilməsini qeyd edərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, "xxxx" MMCnin Azərbaycan Respublikasının İXM-nin 519.0.2-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə edilmiş 23 sentyabr 2022-ci il tarixli Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən KY221788817 nömrəli çıxarışdan görünür ki, FHN X4 Xidməti tərəfindən "xxxx" MMC-də xx.xx.2022-xx.xx.2022ci il tarixlərində Plandankənar (növbədənkənar) cari fəaliyyətinin yanğın-texniki təhlükəsizliyinin müayinəsi aparılması nəzərdə tutulur. İş materiallarına əlavə edilmiş 27 sentyabr 2022-ci il tarixli yanğın- texniki müayinə aktından görünür ki, xx.xx.2022-xx.xx.2022-ci il tarixlərində Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov pr. 2096-cı məhəllə ünvanında yerləşən "xxxx" MMC-də FHN DYMX- Yanğınların tədqiqatı və sınaq labaratoriyasının xx.xx.2022-ci il tarixli 389 nömrəli protokoluna əsasən Plandankənar (növbədənkənar) yoxlama keçirilən zaman Lisenziya və icazələr haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 176-VQ və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2002-ci il tarixli 174 nömrəli qərarının 41-ci maddəsinin tələblərinin pozulması aşkar olunmuşdur. İş materiallarına əlavə edilmiş 16 iyun 2022-ci il tarixli Aktdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov pr. 2096-cı məhəllə ünvanında yerləşən "xxxx" MMC-yə aid yanğınsındürmə balonları dolumunda istifadə edilən çəkisi 1,3 kq olan “Ağ” rəngli, toz maddədən və dolumu həyata keçirilmiş çəkisi 1,1 kq olan sarı rəngli toz maddə laborator müayinədən keçirilməsi məqsədilə götürülmüşdür. İş materiallarına əlavə edilmiş FHN X3 Xidmətinin "xxxx" MMC-yə ünvanlanmış 25 iyul 2022-ci il tarixli məktubundan görünür ki, “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə və Azarbaycan Respublikası Ədliyyə Nazirliyinin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışa (KY**********) əsasən "LİDER YANĞİN” Məhdud Məsuliyyətli Cəmiyyətinin "Yanğından mühafizə sistemlərinin və vasitələrinin quraşdırılması, texniki xidməti və təmin", o cümlədən "Yanğınsöndürmə ləvazimatının, ilkin yanğınsöndürmə vasitələrinin təmiri və onlara xidmət, yanğınsöndürmə vasitələrinin keyfiyyətinin bərpası" fəaliyyət növləri üzrə lisenziyaların şərtlərinə riayət olunmasını yoxlamaq məqsədi ilə X4 Xidməti tərəfindən 16 iyun 2022-ci il tarixində keçirilmiş yanğın-texniki müayinə zamanı yuxarıda qeyd olunan fəaliyyət növləri uzrə aşağıdakı çatışmazlıqlar aşkar olunmuşdur. “Yanğından mühafizə sistemlərinin və vasitələrinin quraşdırılması, texniki xidməti və təmiri” fəaliyyət növü üzrə: müəssisə fəaliyyət növü uzrə müvafiq ixtisasa malik mütəxəssislər və işçi heyətlə tam təmin olunmamışdır. Belə ki, müəssisədə əmək müqaviləsi bildirişlərinə əsasən çalışan yalnız X2 ve X1 müvafiq ixtisas sənədlərinin olduğu aşkar olunmuşdur (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2002-a il tarixli, 174 saylı Qərarının 40.1- ci bandı); müəssisə fəaliyyət növünün həyata keçirilməsində istifadə olunacaq avadanlıqlarla tam təmin olunmamışdır (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2002-ci il tarixli, 174 saylı Qərarının 40.2-ci bəndi); “Yanğınsöndürmə ləvazimatının, ilkin yanğınsöndürmə vasitələrinin təmiri və onlara xidmət, yanğınsöndürmə vasitələrinin keyfiyyətinin bərpası” fəaliyyət növü üzrə: müəssisə fəaliyyət növü üzrə müvafiq ixtisasa malik mütəxəssislər və işçi heyətlə təmin olunmamışdır (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 07.11 2002-ci il tarixli, 174 saylı Qərarının 41.1-ci bəndi); müəssisə fəaliyyət növünün həyata keçirilməsi üçün istifadə olunacaq cihazlar, avadanlıqlar və texniki qurğularla təmin olunmamışdır, həmçinin quru kimyəvi toz tərkibli yanğınsöndürən balonların dolumunda istifadə olunan avadanlığın uyğunluq sertifikatının olmadığı aşkar olunmuşdur (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 07.11,2002-ci ıi tarixli, 174 saylı Qərarının 41 2-cı bəndi); Müəssisə tərəfindən yuxanda qeyd olunan ciddi qanun pozuntuları 22 avqust 2022-ci il tarixə qədər aradan qaldırılmalı, nəticələri barədə X4 Xidməti məlumatlandırılmalıdır. Əks təqdirdə "xxxx" MMC-yə “Yanğından mühafizə sistemlərinin və vasitələrinin quraşdırılması, texniki xidməti və təmiri”, eləcə də “Yanğınsöndürmə ləvazimatının ilkin yanğınsöndürmə vasitələrinin təmiri və onlara xidmət, yanğınsöndürmə vasitələrinin keyfiyyətinin bərpası” fəaliyyət növləri üzrə verilmiş 19 dekabr 2016-cı il tarixli, İN/L-2285/2016 qeydiyyat nömrəli lisenziyanın dayandırılması və ya ləğv olunması məqsədi ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi qarşısında qanunamüvafiq qaydada vəsatət qaldırılması qaçılmaz olacaqdır. İş materiallarına əlavə edilmiş FHN X3 Xidmətinin Yanğınların Tədqiqatı və Sınaq Laboratoriyasının xx.xx.2022-ci il tarixli 289 saylı sınaq protokolundan görünür ki, sınağa təqdim edilmiş “Ağ” rəngli, naməlum markalı odsöndürən kimyəvi toz nümunəsinin test sınaqlarının nəticələrinə, deşib keçmə gərginliyinin 5 kV-dan az olmasına (insan həyatı və sağlamlığı üçün təhlükəlidir) və ГОСТ P 53280.4-2009-un müvafiq tələblərinə əsasən nümunə laborator normativ tələblərə cavab vermir və istifadəyə yararsız kimi qiymətləndirilir. Məhkəmə işin faktiki hallarına qiymət verərək hesab edir ki, "xxxx" MMC-nin əməli Azərbaycan Respublikasının İXM-nin 519.0.2-ci maddəsinin pozuntusu kimi qiymətləndirilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 519.0.2-ci maddəsinə əsasən təbii qazdan, yanğın təhlükəsizliyinə dair qüvvədə olan standartların tələblərinə uyğun gəlməyən malların xaricdən gətirilməsinə və ya satılmasına görə-fiziki şəxslər yüz əlli manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən "xxxx" MMC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs "xxxx" MMCnin törətdiyi inzibati xətanın xarakterini nəzərə alaraq hesab edir ki, "xxxx" MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 519.0.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 40, 43, 48-51, 110, 114-117, 128-131-ci və 519.0.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 519.0.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 1500 (bir min beş yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar