Məhkəmə qərarları › İş №3(009)-161/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-161/2023

16.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-161/2023 16.02.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X1 iştirakları ilə, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib edilmiş 26 yanvar 2023-cü il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC 18625,00 ABŞ dolları məbləğində olan vəsaiti 14 yanvar 2021-ci il tarixində ölkədən kənara qabaqcadan ödəniş etməklə köçürmüşdür. Ödənişin aparıldığı gündən 2 (iki) ildən artıq müddət keçsə də, 18625,00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların (xidmətlərin) ölkəyə idxalını təsdiq edən sənədlər banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xarici xaricdən geri qaytarılmamışdır. Xəta 15 yanvar 2023-cü il tarixdə hüquqi şəxsin ünvanında törədilmişdir. Bununla da, Şəxs MMC İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X2 inzibati xəta haqqında protokola etiraz təqdim edərək bildirmişdir ki, Şəxs MMC barəsində tərtib olunan inzibati xəta haqqında 26 yanvar 2023-cü il tarixli, EP ******* nömrəli protokol qanunsuzdur və həqiqəti əks etdirmir. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, hazırki protokolun tərtib edilməsi üçün "xxxx" ASC tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankına olan müraciət əsasında tərtib olunaraq məhkəməyə göndərilib ki, guya Şəxs MMC tərəfindən 2 il əvvəl xaricə idxal üçün göndərilmiş valyutaya dair xaricdən mallar gətirilməmişdir. Şəxs MMC ilə Mingyu İmp and Exp Co, Ltd şirkəti arasında olan xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən həmin müqavilədə göstərilən siyahı üzrə mallar Azərbaycan Respublikasına gətirilmişdir. Gömrük bəyannaməsində malı göndərən qrafada ixracatçı qismində Çin Respublikasında yerləşən Mingyu İmp and Exp Co, Ltd şirkəti göstərilmişdir. MMC-nin əməlində hər hansı inzibati xəta tərkibi yoxdur. Odur ki, yuxarıda qeyd edilənləri nəzərə alaraq, Şəxs MMC barəsində tərtib olunan inzibati xəta haqqında 26 yanvar 2023-cü il tarixli, EP ******* nömrəli protokol əsassız olduğundan iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barəsində məhkəməyə məlumat verməmiş və ondan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə işə inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İXM-nin 430.4-cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarından görünür ki, 05 yanvar 2021-ci il tarixdə Şəxs MMC tərəfindən 18625,00 ABŞ dolları məbləğində qabaqcadan ödəniş etməklə pul vəsaiti xaricə köçürülmüşdür. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli, **********9871 saylı gömrük bəyannaməsindən və bəyannamənin üzərində aparılmış qeydlərdən görünür ki, Şəxs MMC-nin Azərbaycan Respublikasından kənara köçürdüyü 18625,00 ABŞ dolları məbləğində xarici valyuta vəsaitinin müqabilində qanunla müəyyən edilmiş müddətdə müvafiq mallar ölkəyə idxal edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs MMC tərəfindən 18625,00 ABŞ dolları məbləğində xarici valyutada olan vəsait köçürmə haqqında ərizəyə əsasən bankda olan hesabından 14 yanvar 2021-ci il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürülmüş, həmin köçürmə üzrə mallar **********9871 saylı gömrük bəyannaməsi ilə qanunla müəyyən edilmiş müddətdə ölkəyə idxal edilmişdir. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətdə müvafiq mallar ölkəyə idxal edildiyi üçün Şəxs MMCnin əməlində Azərbaycan Respublikasının İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi yoxdur. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə - vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, hazırki iş üzrə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir. Ona görə də, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İXM-nin 430.4-cü maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərəəsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130 və 430.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar