Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1617/2020 07.09.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahibqızının sədrliyi, Məmmədov Azər Rasim oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştiraklı ilə, xx xxxxxxxx 1994-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx xxxxxx 2020-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, o, “Mercedes-Benz CDİ” minik markalı, **-CJ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə taksi xidməti ilə məşğul olur və müxtəlif taksi şirkətlərində qeydiyyatdan keçib rəsmi fəaliyyət göstərir. xx.xx.2020-ci il tarixdə səhər radələrində 2111 taksi şirkətindən sifariş qəbul etmiş və həmin sifariş əsasında müştərini 28 may yaxınlığından götürüb “Sədərək” ticarət mərkəzinə aparmalı idi. Təxminən 07:30 radələrində müştərini 28 May küçəsi, Səməd Vurğun parkının yaxınlığından götürüb yola düşmüşdür. O, şəhər istiqamətində gedən zaman, Səlyan yolunda Bibiheybət məscidini keçdikdən bir qədər sonra sağ tərəfə yol maili olduğundan sağ istiqamətə hərəkət etdikdə gözlənilmədən idarə etməni itirib avtomobil sağ istiqamətə doğru yönəlib yolun sağ hissəsində yerləşən hündür daş hasara çırpılması nəticəsində yol-nəqliyyat hadisəsi törətmişdir. İdarə etməni itirən zaman baş vermiş hadisənin qarşısını almaq istəsə də, lakin almağa imkanı olmamışdır. Baş vermiş hadisə zamanı idarə etdiyi avtomobildə sərnişin qismində arxa sağ tərəfdə əyləşmiş müştəri, adını sonradan bildiyi Vüqar adlı şəxs xəsarət almasını görüb ona köməklik göstərib təcili tibbi yardım çağırmışdır. Hadisə yerinə həkimlər gəlib ona ilkin tibbi yardım göstərib müayinə olunması üçün xəstəxanaya aparmışlar. Həmçinin hadisə yerinə polis əməkdaşları gəlib müvafiq araşdırma aparmışlar. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokol tərtib etmiş Səbail RPİ-nin DYPŞ-nə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmiş, eləcə də, ondan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə işə inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, eyni zamanda Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasından ötrü toplanmış materialın Səbail RPİ-nin DYPŞ-yə göndərilməsi qərara alınmışdır. Həmçinin həmin qərarla müəyyən edilmişdir ki, zərərçəkmiş şəxs X1 baş vermiş yol nəqliyyat hadisəsi zamanı aldığı Yüngül bədən xasarəti ilə bağlı Şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə-tibb ekspertizasının xx.xx.2020-ci il tarixli, 356 saylı ekspert rəyindən görünür ki, vətəndaş X1 almış olduğu xəsarətlər sağ qaşüstü nahiyyənin, sol qulağın sırğalığının, alın nahiyyəsinin sol yarısının, sol qaş qövsünün və gözün bayır bucağı proyeksiyasının əzilmişcırılmış yaraları bərk küt əşyanın (əşyalarının) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2020-ci il tarixli avtomobil travması, o cümlədən, hərəkətdə olan avtomaşının maneəyə çırpılması nəticəsində sərnişin qismində əmələ gələ bilərdilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər. İş materiallarına əlavə edilmiş sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair xx.xx.2020-ci il tarixli, 2/10872 nömrəli aktından görünür ki, Şəxshəmin tarixdə ayıq olmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs xx.xx.2020-ci il tarixdə səhər radələrində 2111 taksi şirkətindən sifariş qəbul etmiş və həmin sifriş əsasında müştərini 28 may yaxınlığından götürüb Sədərək ticarət mərkəzinə apararkən Səlyan yolunda Bibiheybət mscidini keçdikdən bir qədər sonra sağ tərəfə yol mailli olduğundan sağ istiqamətə hərəkət etdikdə gözlənilmədən idarə etməni itirib avtomobil sağ istiqamətə doğru yönəlib yolun sağ hissəsində yerləşən hündür daş hasara çırpılması nəticəsində yol nəqliyyat hadisəsi nəticəsində Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 243 ünvanında kirayədə qalan X2 yüngül bədən xəsarəti almışdır. Bununla da, Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330cumaddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 32-ci maddəsinə əsasən Şəxs özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını və zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Şəxs şəxsiyyətini xarakretizə edən halları, törətdiyi inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 128-130 və 327.8-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 200 (iki yüz) manat miqdarında inzibati cərimə tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-1617/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1617/2020
07.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver